Modern.az

“Eldar Namazov separatçıları Milli Şuraya gətirdi” - MÜSAHİBƏ

“Eldar Namazov separatçıları Milli Şuraya gətirdi” - MÜSAHİBƏ

Current

17 Yanvar 2014, 17:03

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Modern.az saytına müsahibə verib:

– “Azəri-Talış” Birliyinin sədri Mehdibəy Səfərov sizin Koordinasiya Şurasının tərkibində olmanıza etiraz etdi, sizi milli, etnik münaqişələri qızışdırmaqda ittiham etdi. Sizə qarşı bu münasibət haradan qaynaqlanır?

– Mehdibəy Səfərov kimi adamın Milli Şurada təmsil olunması böyük biabırçılıqdı. Bilirsiniz ki, o, Milli Şuraya “El” Hərəkatının xətti ilə gəlib. Rüstəm İbrahimbəyova hörmətimiz var, amma o, siyasət aləmində nə baş verir, bilmir. Eldar Namazov milli mənafedən kənar şəxsləri Milli Şuraya gətirdi. Mehdibəy Səfərov “Talış Muğan Respublikası” yarananda, hələ ondan da əvvəl Talış Mədəniyyət Mərkəzinin sədrliyini ələ keçirmişdi. Əvvəlki sədr Novruzəli Məmmədov idi. İndi bu adam Novruzəli Məmmədovu qəhrəman kimi qələmə verir. Amma onun vəzifəsini ələ keçirəndə Məmmədovu düşmən elan etmişdi. Nə üçün? Ona görə ki, o zaman Məmmədov talış separatçılarına qoşulmadı və “Talış Partiyası”nın nizamnaməsini də “Talışi Sədo” qəzetində çap etmədi. Bu məsələlərə görə ona düşmən kəsildilər. Səfərov Əlikram Hümbətova yaxın olub, bu gün də onu müdafiə edir. Mən də bu sözləri dediyimə görə əleyhimə yalan, böhtan, şərəfsizcəsinə ittihamlar yağdırdılar. Dəfələrlə təşkilatçılara demişəm ki, Milli Şuranın adına layiq olmayan adamları gətiriblər. Bəli, demişəm ki, Milli Şuranın daxilində xarici kəşfiyyata işləyən adamlar var. Bu gün də deyirəm. Təəssüflər olsun ki, müvafiq dövlət orqanları bu məsələlərə laqeyd yanaşırlar. Onlar Rusiya kəşfiyyatına xidmət edən adamlara toxuna bilmirlər. Çünki dövlət orqanlarında Rusiya kəşfiyyatına işləyən adamlar var. Mehdibəy Səfərov da guya qisas alırmış kimi dedi ki, Hacıbaba Əzimov etnik zəmində münaqişə yaradır. Bunlar min sifətə girirlər. 1992-ci ildə partiyanı yaradanda Lənkəran Dövlət Universitetinin rektoru idim. Həmin vaxt görürdüm ki, bunlar cənub bölgəsində nə oyundan çıxırlar. Bunların qarşısını almaq üçün partiyanı yaratdım və adını da Vahid Azərbaycan Milli Birlik Partiyası qoydum. Bu insanlar Azərbaycanı parçalamaq istəyirdi. Bir tərəfdən hakimiyyət bizim fəaliyyətimizə imkan vermir, digər tərəfdən talış separatçıları bizə qarşı mübarizə aparırlar.

– Milli Şura daxilində belə adamlar varsa, necə mübarizə aparmaq olar?

– Şuranı 3 nəfər yaratdı: Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər. Bunlar da özlərinə kvota müəyyən etdilər. 15-20 nəfər adamı Milli Şuraya daxil etdilər. “El” Hərəkatında kim var ki? Olanlar da Milli Şuraya gəldilər. Bu sistem əvvəldən düzgün qurulmadı. Biz də müəyyən qədər dözdük. Onlar çalışırdılar ki, Milli Şurada azsaylı xalqlarla bağlı komissiya yaradılsın və sədri Eldəniz Quliyev, müavini də Mehdibəy Səfərov olsun. Biz buna imkan vermədik. Görürsünüz ki, artıq neçə vaxtdır, Eldar Namazov Milli Şuranın sessiyasına qatılmır, hətta Koordinasiya Şurasına daxil olmaqdan da imtina etdi. Milli Şura yavaş-yavaş ələnir, təmizlənir. İndi Cəmil Həsənli ilə prosesi davam etdirməliyik. Bunun üçün də struktur dəyişikliyi etmək lazımdır. Koordinasiya Şurası indiyə qədər ona görə yaranmamışdı ki, təşkilatçılar Milli Şuranı istədikləri kimi idarə etməyə çalışırdılar. Artıq Koordinasiya Şurası həftədə bir dəfə toplaşacaq və Milli Şura ilə bağlı müzakirələr aparacaqlar.

– Mehriban Vəzirin Koordinasiya Şurasında təmsil olunmamasına görə Milli Şuradan “gedərəm” dediniz. Doğrudanmı, belə addım atmağı düşünürsüz?

– “Gedərəm” sözünü təzyiq üçün dedim, çünki Mehriban xanım həmişə sözünü açıq şəkildə deyib. O, həmişə xalqın mənafeyindən çıxış edib. Müxalifət mövqeyində olduğuna görə də işindən kənarlaşdırılıb. Bu adam indi də fəaliyyətini davam etdirir, Milli Şuranı fəal üzvlərindən biridir. Səsvermədə ona qarşı qərəzli davrandılar. Guya o deyib ki, Milli Şura bundan sonra bitdi. Onunla danışdım, dedi, elə söz deməyib. Tutaq ki, deyib. Bu sözə görə adamın uzun illər ərzində xalq qarşısında xidmətlərini tapdamaq olar? Tez-tez mövqelərini dəyişən adamlar Mehriban xanıma səs vermədilər. Mən də bunları görüb, onlara xəbərdarlıq etdim. Yəni mən də, başqa adamlar buna etiraz edib, Milli Şuranı tərk edə bilərlər. Koordinasiya Şurasına elə adamları seçiblər ki, onlar, demək olar, Milli Şuranın iclaslarına gəlməyiblər. Gələndə də heç danışmırlar. Mən çalışırdım ki, onlar özləri Koordinasiya Şurasından çıxsınlar, amma çıxmadılar. Milli Şuradan getmək fikrim yoxdur, qurumu gücləndirmək fikrimiz var.

– Siz Koordinasiya Şurasında kimlərin olmasına etiraz edirdiniz?

– Mən sessiyada da ad çəkmədim. Hərə birini alıb yanına, ora gətirib. Mən buna təəssüflənirəm. İndi də ad çəkmək istəmirəm. Bəlkə də həmin adamlar Koordinasiya Şurasının iclaslarına da gəlmədilər. Bilirəm ki, onlar heç bir təşəbbüslə çıxış etməyəcəklər. Əhəmiyyətli olan Cəmil Həsənlinin ətrafında sıx birləşə birləşməkdir, biz buna çalışmalıyıq.

– Sessiyada Müsavat Partiyasının əleyhinə fikirlər səsləndirildi. Qurumdan getmiş partiya haqqında belə fikirlər səsləndirmək nə dərəcədə düzgündür?

– Deyirlər, guya Milli Şura ötən ilin mayında təsis olunur. Bu, yalandı, düz demirlər. Kimlərsə bunu özündən elan edib. İyunun 2-də təsis iclası olub. Orada əsasnamə və bəyannamə təqdim edildi. Əslində, o, əsasnamə deyildi, heç ondan əsasnamənin iyi də gəlmirdi. Kimsə şəxsi mənafeyinə uyğun gələn bir-iki söz yazmışdı. Əsasnamədə əsas məsələlərə yer ayrılmamışdı. Bir məsələyə aydınlıq gətirim, Milli Şuranın sessiyasında qərar və ya sənəd qəbul edirlərsə, onun müzakirəsində hər kəs iştirak edir, sadə səs çoxluğu ilə qəbul olunur və ya olunmur. Kimsə qərarın qəbul edilməsinin əleyhinə səs verə bilər. Bunun əleyhinə səs verən şəxs sonra qərarla bağlı əks təbliğat apara bilməz. Çünki biz bir orqandayıqsa, əksəriyyət qərar qəbul edirsə, sən onun əleyhinə təbliğat aparmalısan. Bu məsələ əsasnamədə öz əksini tapmalı idi. Bütün təşkilatlarda belədir. Bizim əsasnamədə də belə şeylər yoxdur. Ona görə də Müsavat Partiyası Milli Şuranı tərk edəndən sonra partiyanın funksionerləri mətbuata müsahibələr verdilər ki, guya Milli Şura dağıldı. Onlar Milli Şuranı aşağılayan fikirlər yayırdılar. Belə olmaz axı. Getmisiniz, yaxşı etmisiniz, ortaya arqumentlər də qoyursunuz, ola bilər.

– Axı Milli Şurada təmsil olunanlar Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham edirdilər...

– Milli Şurada qalan üzvlər də gedənlərin haqqında mənfi fikir səsləndirməməlidirlər. Bu məsələlər durdurulmalıdır. Bilirsiniz, bunlar hamısı hakimiyyətin qurduğu plana əsasən baş verir, çünki hakimiyyət istəyir ki, Milli Şura dağılsın. Qurumu dağıtmağın yollarından biri də mehriban düşmənlərin arasına nifaq salınmasıdır. Belə olan halda da Milli Şura hədəfdən yayınır. Hakimiyyətin bu siyasətinə həm Milli Şuradan gedənlər, həm də Milli Şurada qalanlar rəvac verirlər. İşlə məşğul olmaq lazımdır, iş olmayan yerdə belə dedi-qodular olur.

– Sessiyada qurum seçki ilə bağlı yekun rəyinin olmamasında şikayətləndiniz? Sizcə, rəy niyə hazırlanmayıb?

– Milli Şura seçki ilə bağlı ilkin rəyini verib. ATƏT-in Varşava Bürosu da seçki ilə bağlı ilkin rəyini ortaya qoyub. İndi Milli Şuranın yekun rəyi olmalıdır. Ötən sessiyada da bunu dedim. Gülağa Aslanlı dedi ki, rəy hazırdır. Ötən sessiyandan ay yarım keçib, hələ ki elan olunmayıb. “Freedom House”ın rəhbəri deyir ki, Azərbaycanda bu fikirdədirlər ki, ölkədə prezident seçkiləri bitib, indi növbəti seçkilərə hazırlaşmaq lazımdır, belə olmaz. Yəni seçkilər saxtalaşdırılıb, onun nəticələrinə uyğun hərəkət etmək lazımdır. Bizdə belə hərəkət yoxdur. Cəmil Həsənli də Milli Şuranın mitinqində çıxışında dedi ki, Konstitusiyanın 107-ci maddəsi işə düşməlidir. Bu, o deməkdir ki, Konstitusiyanın 6-cı maddəsində göstərildiyi kimi hakimiyyətin mənimsənilməsi xalqa qarşı ağır cinayətdir. Bilirsiniz ki, Azərbaycanda hakimiyyətin mənimsənilməsi baş verdi. Biz bunu deyiriksə, Konstitusiyanın 107-ci maddəsi işə düşməlidir. Bunu tələb edən yoxdur.

 

 

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı