Modern.az

Çadır toyları: nostalji, yoxsa qənaət?

Çadır toyları: nostalji, yoxsa qənaət?

Country

13 Noyabr 2012, 15:43

Psixoloq və sosioloqun rəyləri üst-üstə düşmür


Müstəqillik qazandığımızdan bu yana toylarımızı dəbdəbəli, zalı böyük olan şadlıq evlərində keçirmək bir çoxumuzun həyat tərzinə çevrilib. Bu ənənə o qədər güclənib ki, hətta eşidəndə kimsə çadırda toy edib, bizdə qəribə bir təəccüb yaranır. Unuduruq ki, vaxtı ilə anamız və atamız da öz toylarını məhz indi bir çox gənclərin dodaq büzdüyü mağarda ediblər.

Son zamanlar isə maraqlı bir tendensiya da var ki, Bakının bir çox kəndlərində insanlar arasında çadır toyu xüsusi bir dəb halını alıb. Müşahidələr göstərir ki, insanların mağar toylarına meyli artır.

Psixoloq Elnur Rustəmov Bakı sakinlərinin köhnə dəbə qayıdışını nostalji hisslər yaşamaq istəməsi ilə əlaqələndirir: “Bu məsələ daha çox insanların daxilindəki axtarışla bağlıdır. İndi insanlarda iç narahatçılığı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bir qismi bu narahatçılıqdan çıxış yolu kimi keçmişə, nostalji hisslərə dönməkdə görür. Ona görə də bəzən biz keçən əsrin 70-80-ci illərin geyim tərzləri, mahnıları və s. bu kimi maddi nümunələrlə öz iç rahatlıqlarını bərpa etməyə çalışan insanları görürük. Prosesə normal yanaşmaq olar. Ona görə çadra toylarına maraq əslində şüuraltı olaraq dəyərlərə olan sadiqlikdən, ailə təməlinin möhkəm olma arzusundan doğur. Heç kəsə sirr deyil ki, bu gün boşanmalar əvvəlki illərlə müqayisədə daha çox artıb. Bu zaman-zaman cəmiyyətdə müxtəlif sferalara sirayət edəcək. Bir müddətdən sonra eyni tendensiya kitaba qarşı da olacaq. İnsanlar real kitab almağa daha çox üstünlük verəcəklər”.

İqtisadçı Vüqar Bayramov isə bu marağın kökünü insanların maddi durumunun şadlıq evlərinin qiyməti  ilə uyğun gəlməməsində görür. “Bu, insanların maddi durumu ilə bağlı olan haldır. Çünki vətəndaşların cibi ilə restoranların qiyməti arasında uyğunsuzluq var. Vətəndaş gərək keyfiyyəti və qiyməti aşağı olan şadlıq evində toy etməlidir ki, əldə etdiyi vəsaitlə xərcini qapaya bilsin və ya mağar toylarına üz tutmalıdırlar ki, bu zaman yeməyin və xidmətin keyfiyyətini gözləmək nisbətən asandır. Xərc də eyni zamanda aşağı olur. Dünyanın heç bir ölkəsində toya 400-500 nəfər dəvət olunmur. Hətta Tacikistanda toya dəvət olunanaların sayı ilə bağlı limitlər var. Belə ki, onların sayı 200-ü keçdikdə ev yiyəsi hər bir qonağa görə dövlət büdcəsinə 50 dollarlıq vergi ödəməlidir. Bunu etməkdə məqsədləri odur ki, illərlə yığdıqları pullar hansısa şadlıq saraylarının sahibinin cibinə axmasın. Məhz Azərbaycanda da bu sektorun tənzimlənməsinə ehtiyac var. Toy mədəniyyətimiz hazırda heç bir iqtisadi, sosial-mədəni faktora uyğun deyil və məntiqli izah edilə bilməz. Belə olan halda çadır toyları daha yaxşı alternativ yoldur. Eyni zamanda SSRİ dağıldıqdan sonra şadlıq saraylarına maraq necə artmışdısa, indi də azalır. Çünki camaat toy ssenarilərindən bezib. Ola bilər ki, gələcəkdə çadır toylarının keçirilməsini təklif edən şirkətlər formalaşın”.   

Sosioloq Əhməd Qəşəmoğlu isə dəbdəbədən qaçan insanların çadır toyuna üz tutduqlarını deyir.

“Mşahidələr onu göstərir ki, bu şəbəkənin arxasında duran xüsusi maraqlı qüvvələr var. Həmin maraqlı qüvvələr çox ciddi bir mexanizm yaradıblar. Bu mexanizmdə ondan ibarətdir ki, şadlıq saraylarında toy çox bahadır və eyni zamanda orada şou-biznes nümayəndələri və “ara müğənniləri” üçün geniş bir fəaliyyət sahəsi yaranıb. Bunların isə hamısının zərbəsi  sadə vətəndaşa  dəyir. Toyda yığılan pulların əksəriyyəti şadlıq saraylarının arenda puluna və müğənnilərə gedir. Toy edən insan isə sevinir ki, axırda borcu qalmadı. Hətta elə variantlar da var ki , ev yiyəsinin borcu qalanda tutub restoranda həbs edirlər ki, pulu gətir buraxaq. Bəlkə də çadır toyları həmin vəziyyətə etiraz olaraq inkişaf edir. Çünki çadrada xüsusi bir dəbdəbə yoxdur. Dəbdəbəni də edən ev yiyəsi deyil, restoran sahibləridir. İstənilən restorana gedib deyəndə ki, mən bəzi servisləri, yeməkləri azaltmaq istəyirəm, o zaman ev yiyəsi ilə restoran sahibləri arasında həngamə qalxır. Hətta toy sahibi istəsə də o rejimi dəyişə bilmir. Elə hesab etməyin ki, mağarda toy etmək bir nostalgiyadır, sadəcə şadlıq saraylarında olan harınlığa qarşı yönələn bir prosesdir“.

Şahanə Rəhimli  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı