Modern.az

Tanınmışlar “Məktəbli kitabçası”ndakı yanlışılığı texniki səhv hesab edirlər

Tanınmışlar “Məktəbli kitabçası”ndakı yanlışılığı texniki səhv hesab edirlər

Təhsil

3 Aprel 2014, 12:29

Xəbər verdiyimiz kimi, orta məktəb şagirdlərinin builki dərs ili müddətində istifadə etdikləri “Məktəbli kitabçası”nda (Gündəlik) ciddi səhvə yol verilib. Belə ki, “Gündəlik”lərdə Milli mətbuat günü - “ Əkinçi”nin yaranma tarixi 22 uyul əvəzinə iyun göstərilib. Modern.az məsələyə ziyalılarımızın münasibətini öyrənib.

“Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının sözlərinə görə,  sovet vaxtında hər hansı səhv barədə əlavə, kiçik vərəqdə məlumat verilirdi: “Onu kitabın arxasına yerləşdirib qeyd edirdilər ki, hansısa səhifədə səhv var. Düzgün variant göstərilirdi. Düşünürəm ki, bu texniki səhvdir, mütləq düzəltmək lazımdır. Ən azından dərs deyən müəllimlər şagirdlərə səhv barədə məlumat verməli, düzgün olan variantı onlara deməlidirlər”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin fikrincə, bu, korrektorun günahıdır: “İndi onsuz da korrektura sistemi ləğv olunub. Bütün qəzetlərdə korrektura səhvləri var. O cümlədən, saytlarda redaktə və korrektə səhvləri həddən artıqdır. Təəssüf ki, bir çox dərsliklərdə də belə neqativ hallar nəzərə çarpır. Sovet vaxtında da bu cür səhvlər olub. İnanmıram ki, bu, onu yazan adamın, sadəcə diqqətsizliyinin nəticəsidir. Bunu texniki bir xəta kimi qiymətləndirirəm”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da bunu texniki səhv hesab edir: “Təəssüf ki, “Məktəbli kitabçası”nı redaktə edən, onun buraxılmasına məsul olan şəxslər diqqətsizlik edib. Belə məsələlərə daha çox diqqət etmək lazımdır. Lakin buna təəssüf edirəm. Bilirsiniz, xalqın həyatında elə hadisələr var ki, onlara laqeyid yanaşmaq olmaz. Tarixdə 3-5 hadisə olur ki, xalqı xalq kimi dünyaya tanıdır, formalaşdırır. Məsələn, Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqilliyi ilə bağlı, eyni zamanda bu qəbildən olan hadisələrə biganə yanaşmaq olmaz. Ümumiyyətlə, görkəmli insanların həyat və fəaliyyətilə bağlı səhvlərə də çox rast gəlirik. Faktlar dəqiq göstərilməlidir. Jurnalistika tarixi ilə bağlı belə bir səhvi aşkar etdiyinizə görə isə təşəkkkür edirəm. Tariximizə biganə yanaşmaq olmaz”.


Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı