Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli Modern.az saytına göndərdiyi yazıda xalq artisti Alim Qasımova bəzi xatırlatmalar edib.
T.Kərimlinin yazısını təqdim edirik:
Alim Qasımova xatırlatma
Teatr məbəddir, burada əxlaqsızlığı təbliğ edən tamaşaların qoyulmasına imkan vermək olmaz. Axı, məbəd müqəddəsdir. “Azdrama” rəhbərliyinin məlumatından aydın oldu ki, Anarın "Səhra yuxuları" əsərini səhnələşdirməyə icazə verilməyib. Bəs nədən milli-mənəvi heysiyyatın tapdalanmasına səbəb olan "Qatil" pyesi səhnəyə qoyulur, hətta televiziya kanalında erotik görünüşlü reklamı aparılır?
Bu mənada xalq artisti Alim Qasımovun tamaşaya baxarkən "Şeyx məni hara gətirmisən" deyərək, etiraz edib teatrı tərk etməsi doğru addımdır. Lakin Alim Qasımova bir xatırlatma da yerinə düşərdi. Bəs necə oldu ki, həmin Şeyx Əbdül Mahmudov Sizi son deputat seçkisi zamanı adı bu cəhətdən yaxşı hallandırılmayan deputatlığa namizədin təbliği üçün Şamaxıya aparmağa razı salmışdı, onda bu sualı vermədiniz?
Şamaxıda konsertin keçirilməsi mümkün olmadığından Sabir qəsəbəsində olan konsertiniz yadınızdadırmı? Sizin Bakıdakı bahalı konsertinizə həvəslə uzağdan gələn şamaxılılar nədən Sizin konserti boykot etdi, hətta qəsəbə sakinləri belə, havayı konsertinizə 50 metrlik evindən çıxıb gəlmədilər. Zalı doldurmaq üçün əsgərləri, polisləri və rus məktəbinin heyətini gətirmişdilər. Maddi gəlir belə vacib idimi? Bəs nədən Mələkxanım Əyyubova konsert verməkdən imtina etmişdi?
Alim Qasımovun ilahi səsinə valeh olub, onun Muğam "taxt-tacının" sahibi olduğunu neçə illər əvvəl "525-ci qəzet”də qeyd edib, onu zənci bluzları ilə kilsə himnlərini sintez edib, "rokon-rol" janrının yaradan Elvis Presli ilə müqayisə etmişdim. 50-ci illərdə milyardlarla pul xərcləyən ABŞ hökməti irqçiliyin qarşısında aciz ikən, Elvis Presli bu janırla cəmiyyəti birləşdirmişdi.
Mən hətta vəsiyyət etmişəm ki, öləndən sonra məni xatırlamaq istəsəniz Alim Qasımovun Şikəstəsini dinləyərsiniz.
Bir zaman dostum mənə deyəndə ki, indi partiyalar televiziyada görünmür. Hər bir partiyanın təmsilçiyini bir sənətkarla bağlamaq lazımdir ki, onlar siyasətdən tutmuş hər şeydən bəhs edirlər, televiziyada görünənda həmin partiyaların siması olsunlar. Bu zaman Vəhdət Partiyasını A.Qasimova bənzətmişdi, az-az görünür, lakin...
Bunu deməkdə məqsəd odur ki, mənəvi keyfiyyətləri hər zaman gözləmək lazımıdır, yoxsa ilahi təsəvvür belə adiləşər. Bu hamıya aiddir.
Tahir Kərimli,
Vəhdət Partiyasının sədri