
“Məndə olan məlumatlara görə, Əfqanıstana sülhməramlıların göndərilməsi öncədən razılaşdırılır. Həmin bölgədə yerləşən 90 nəfərdən artıq Azərbaycan hərbçiləri orada konkret bir məkanda enerji təşkilatı ilə bağlı işlərə nəzarəti həyata keçirirlər. Bu ildən isə Türkiyənin egidası altında öz xidmətlərini aparırlar. Qardaş ölkə bundan sonra da Əfqanıstanda təhlükəsizlik misiyasını davam ertdirməyə qərar verib. Bu missiya koalisiya qüvvələrinin birgə razılaşması əsanasında Türkiyənin üzərinə qoyulub”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Əfqanıstanda azərbaycanlılardan ibarət sülhməramlıların hazırkı vəziyyəti və onların geri çağrıla bilməsi haqqında danışarkən deyib: “Görünür, bütün bu məsələləri, təhlükəsizlik və hərbi məqamları nəzərə alaraq Azərbaycan Türkiyə ilə vahid mövqedə hərəkət etmək qərarını verib. Məhz bu səbəbdən bizim hərbçilər koalisiya qüvvələri ilə bərabər yerləşdiyi ərazidən çıxmadılar. Prezident İlham Əliyev də bununla bağlı açıqlama verərək bildirib ki, Azərbaycan hərbçiləri orada xidmətlərini davam etdirəcəklər. Ona görə də Ali Baş Komandanın bu barədə qərarı müstəsnadır”.
Deputatın sözlərinə görə, sülhməramlıların hansısa münaqişə bölgəsinə göndərilməsi, yaxud geri çağırılması məsələsi yalnız dövlət başçısının müraicəti əsnasında parlamentdə həll olunur: “İstər Kosovo, istər İraq, istərsə də Əfqanıstana göndərilən qüvvələr Konstitusiyaya uyğun olaraq dövlət başçısının müraciəti əsasında həll olunub. Ona görə də Əfqanıstandakı qüvvələrin xidmətlərinin davam etdirilməsi qərarı ölkə rəhbərliyi tərəfindən verilibsə, parlamentdə müzakirə edilib, hansısa xüsusi bir qərarın qəbul edilməsinə ehtiyac yoxdur”.
Şahin Qocayev