Belə-belə işlər
- Salam, uşaqlar!
- Salam, müəllim! Müəllim, ay müəllim. Röya hər şeyini satır e…
- Ə, kiri! Tərbiyən olsun! Ağzına gələni danışma!
- Ay müəllim, vallah satır!
- Nəyi satır? Röya niyə hər şeyini satsın? Maşallah…
- Yox, e, ay müəllim, maşınını satır.
- Həə? Noular? Ulduzdu də, bala! Ulduzlar eyni maşında çox gəzməzlər.
- Müəllim, ayaqqabılarını da satır.
- Doğrudan?
- Satır, müəllim. Metro stansiyalarında reklamını da asdırıb.
- O da həmin saytın vasitəsilə?
- Hə, müəllim. Əgər ayaqqabılarını da satırsa, vəziyyəti uruscadı. Yəni əli aşağıdı.
- Bala, onsuz da ulduzların bir əli yuxarıda, bir əli aşağıda olur. Yəni gah parlayırlar, gah da sönürlər. Demək istəyirəm ki, yuxarıdakı əlləri ilə qazanırlar, aşağıdakı əlləri ilə satırlar.
- Ay müəllim, elə müğənnilər var ki, əllərinin ikisi də aşağı olur. Bəs, onlar neynəyirlər?
- Sürünürlər, bala, sürünürlər. Ən yaxşı halda televiziya ekranlarında birtəhər iməkləyirlər.
- Müəllim, Mətanəti eşitmisiniz?
- Ona nə olub?
- Sement satır.
- Nə sement, ə?
- Sement satır də. Adını da «Mətanət» qoyub.
- Ə, gic-gic danışma! «Mətanət» o sementə oxşar şeyin adıdı. Hələ çox vaxt «Mata» da deyirlər. Onun hesabına kafel yapışdırırlar, hovuzun-zadın yarıqlarını yamayırlar.
- Bəs Elza?
- Ona nə olub?
- Ay müəllim, öz gözümlə görmüşəm, ayaqqabılarının biri qırmızı, o biri ağ olub. Yəni taykeş.
- Bu dəbdir, bala!
- Nəyi dəbdir, ay müəllim! Yəqin hərəsinin bir tayını satıb də.
- Bala, Elza ekstravaqant sayılır.
- Müəllim, taykeş ayaqqabının ekstravaqantlığa nə dəxli var? Bəlkə Rəhim Rəhimlinin bir cüt deyil, tək sırğa taxmasına da…
- Ə, sus, bala, sus. Nə avam adamsan, ə? Özün gənc, yeniyetmə, fikirlərin köhnə. İndi belə dəbdi. Əgər düşünürsənsə Rəhim qulaqlarındakı sırğanın bir tayını satıb, yanılırsan. Elə Faiq kimi nəhəngin də qulağındakı sırğa təkdir. O ki, qaldı Röyaya…
- Müəllim, Röya başqa geyimlərini də satacaq?
- Sənə nə?
- İstəyirəm ki, onun…
- Sus! Tərbiyəsiz! Heç nə demə! Səndən düzəməlli söz çıxmaz!
- Müəllim…
- Sus! İndi axmaq bir söz işlədəcəksən. Sinifdə mən varam, qız uşaqları var.
- Bilirəm, ay müəllim. Mən nə deyirəm ki?
- Sus! Sən demə! Sən heç nə demə!
- Müəllim, yox e, siz başqa yerə yozmayın. Siz düşündüyünüz nəyimə lazımdı? Mən onun…
- Hə, sən onun nəyini almaq istəyirsən?!
- Eynəyini!
- Hə?
- Hə!
-Hə, noular? Eynəyini olar. Amma başqa şey…
- Ay müəllim, mən başqa şeyi neynirəm? Əynimə geyinməyəcəyəm, başımın üstündən asmayacağam. Eynəyini alardım ay müəllim, eynəyini. Bilmək istəyirəm ki, bu dünya o eynəyin arxasından necə görünür…