Ötən gün Ermənistanın “Aykakan Jamanak” qəzetinin Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü öncəsi ortaya atdığı iddia birmənalı qarşılanmayıb.
Nəşrin yazdığına görə, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların intensiv xarakter almasından təşvişə düşüb.
Bildirilib ki, rəsmi Tehran işğal altındakı 5 rayonun Azərbaycana qaytarılmasından narahatdır.
İddiaya görə, İran öz sərhədində belə dəyişiklikləri maraqlarına zidd kimi qiymətləndirir və bu prosesə təsir göstərməyə çalışır.
Modern.az saytının məlumatına görə, İranın Azərbaycandakı keçmiş səfiri, Əfşar Süleymani məsələ ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan mediasının təxribatı İran-Azərbaycan əlaqələrinin pisləşməsinə yönəlib.
Sabiq diplomat bildirib ki, “Aykakan Jamanak” qərəzli yanaşma tirajlayır və İran mənbələrinə istinad etmir.
“Əgər iki ölkə - Azərbaycan və Ermənistan arasında razılıq əldə olunarsa, ölkə başçıları münaqişənin mərhələli həlli üçün anlaşarlarsa, heç bir qonşu ölkə buna qarışmaz. İran isə Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı tərəf olaraq etiraz etməyəcək”.
Aqşin Kərimov