1991-ci ildə keçirilən «Azərbaycan mühacirət ədəbiyyatı» Beynəlxalq elmi simpoziumda gündəmə gələn məsələlərdən biri də Azərbaycan xalqının görkəmli simalarından olan Ceyhun Hacıbəyli haqqında ciddi, sanballı və hərtərəfli işlənilmiş ilk monoqrafiyanın ərsəyə gəlməsi idi. Və demək olar ki, Abid Tahirli üzərinə götürdüyü bu çətin işin öhdəsindən uğurla gəlmişdir (Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2019, 344 səh.).
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 19 iyun 2017-ci il tarixli (protokol No8) qərarı ilə çapı tövsiyə edilmiş əsərin mündəricatına nəzər salarkən aydın olur ki, müəllif qarşısına nə kimi böyük bilik və gərgin zəhmət tələb edən məsələlərin həllini qoymuşdur. «C.Hacıbəyli Azərbaycan maarifçi-realist nəsrin görkəmli nümayəndəsi kimi. Ədibin mühacirətəqədərki yaradıcılığı» adlanan I fəslində müəllif tamamilə doğru olaraq maarifçilik və maarifpərvərçilik anlamları arasında olan fərqi göstərir, C.Hacıbəylinin rusdilli qəzetlərlə əməkdaşlıq və əsərlərinin də çox zaman rus dilində yazılmasının səbəblərini açıqlayır. C.Hacıbəylinin «Kaspi» qəzetində dərc olunan məqalələrini ardıcıllıqla izləyərək, onları tamamilə düzgün olaraq 9 yöndə qruplaşdırır: məktəb, təhsil problemləri, dini dəyərlərin təbliği, cəhalət və fanatizmin tənqidi, xeyriyyəçilik, onun cəmiyyət üçün faydaları, formaları, xeyriyyə təşkilatları, Qars qaçqınları, onların problemləri, nadanlığın, laqeydliyin, çürük adət-ənənələrin tənqidi, mətbuat-nəşriyyat məsələləri, ədəbi-mədəni mühit, onun problemləri, tarixi şəxsiyyətlər, onların xidmətlərinin dəyərləndirməsi, xatirələrinin əbədiləşdirilməsi, ilin ədəbi-mədəni, ictimai-siyasi hadisələrinə həsr olunmuş hesabatlar və qarşıda duran vəzifələr.
Bu araşdırmalardan çıxış edərək, müəllif təsdiqləyir ki, C.Hacıbəylinin publisistikasının məğzi, mahiyyəti, ideyası, amalı maarifçilik missiyasına xidmət etməsidir. Material üzərində işlərkən tədqiqatçı Ceyhun bəyin imzalarına da xüsusi önəm vermiş və qeyd etmək lazımdır ki, əldə etdiyi faktlarla özündən əvvəlki tədqiqatçıların fikirnə zidd olaraq sübut edir ki, «Dağıstani», «Daqestanı» imzaları Cəmaləddin Məmmədquluzadəyə deyil, məhz Ceyhun Hacıbəyliyə məxsusdur. A.Tahirli bir çox məqalələrin qısa izahını oxucuya çatdırır və maraqlısı odur ki, elə bil onlar bu gün üçün yazılıb: misal üçün «dil və məktəb» mövzusu, toy məclislərinin ağlamalı sonu, yaxud qaçqınlar, erməni düşmənçiliyi, xeyriyyəçilik, humanitar yardım, təşkilatçılıq məsələləri ilə bağlı yazılar. Müəllif belə qənaətə gəlir ki, bu məqalələr tariximizi, ənənələrimizi öyrənmək, tədqiq etmək baxımından maraqlı mənbədir və bu günkü jurnalist – publisistlər üçün böyük məktəbdir, həyatın ibrət dərsidir.
I fəslin «Din və ruhanilərimizin cəmiyyətdəki rolu haqqında» olan bölümündə də müəllif C.Hacıbəylinin bu mövzuda olan məqalələrini diqqətlə izləyərək, əvvəla Ceyhun bəyi «İslamın mahir bilicisi» adlandırır və göstərir ki, istedadlı qələm sahibi, ruhaniliyin mövcud problemlərini çox obyektiv şəkildə araşdırmış, çıxış yollarını göstərmiş, bununla da, yalnız «ifşa etməklə» məşğul olan, həm qafqazlı həmkarlarını qınamış, həm də Avropada «fanatizm», «dözülməzlik» kimi ibarələrlə car çəkən İslamın düşmənlərinə tutarlı cavab vermişdir. Hal-hazırda dünyada baş verən münaqişəli hadisələri nəzərə alsaq, demək olar ki, C.Hacıbəylinin İslamdan bəhs edən yazıları elə bu gün də aktualdır.
Fəsilin dördüncü bölümündə C.Hacıbəylinin mühacirətəqədərki bədii yaradıcılığını izləyən müəllif sənətkarın povest, hekayə və felyetonlarını araşdıraraq tarix və ədəbiyyatşünaslıq baxımından olduqca dəyərli nəticələr əldə edir. İsbat edir ki, Ceyhun bəy öz dövrünü bədii əsərlərdə, obrazlarda yaşamağa səy göstərmiş və istəyinə nail olmuşdur. Yazarın «Hacı Kərim» povestinin yaranma tarixini, nəşrlərini, tərcümələrini əsaslı şəkildə nəzərdən keçirərək olduqca inandırıcı bir fikir irəli sürür ki, olsun ki, rus ədəbiyyatı ilə yaxından tanış olan C.Hacıbəyli XIX əsr rus yazıçısı Qleb Uspenskninin naturalist bədii oçerk-hekayələr silsiləsindən bəhrələnərək Azərbaycan ədəbiyyatına tam yeni bir bədii forma gətirib. 6 hissədən ibarət povestin hər bir hekayəsini ayrı-ayrılıqda araşdıraraq A.Tahirli göstərir ki, müəllif hər bir hekayədə öz sevimli qəhrəmanı Hacı Kərimin xarakterinin hansısa cəhətlərini açıqlayaraq, qəhrəmanın bütöv, tam bir obrazını yaratmağa səy göstərmişdir. Yazır ki, C.Hacıbəyli bu obraz üzərində mühacirətdə də işləmişdir, hekayələri fransız oxucusuna çatan bir üslubda tərcümə etmiş və birbaşa fransız dilində isə «Baş tutmayan ziyarət» adlı yeni bir hekayə yazmışdır. Hekayəni araşdıraraq müəllif belə bir qənaətə gəlir ki, bu hekayə yazılma tarixinə görə axırıncı olsa da, məzmun etibarı ilə birinci sayıla bilər. Bununla yanaşı, o, qeyd edir ki, hekayənin nəşri barədə heç bir məlumat yoxdur, hekayə makinada çap olunmuşdur və yazıçının arxiv fonunda saxlanılır. Bu da gələcək tədqiqatçılar üçün önəmli bir bazadır. Və bir daha vurğulayır ki, «Hacı Kərim» ədəbiyyat tariximizdə hələlik layiq olduğu qiyməti almasa da, XX əsr nəsrimizin ən gözəl nümunələrindəndir.
Bu bölümdə tədqiqatçı C.Hacıbəylinin mühacirətəqədərki dövrdə yazdığı hekayə və felyetonlarında üzərində onların mövcud hökumətin yararsızlığını, xalqı aldatdığını, məmurların rüşvətxorluğunu əks etdimək məqsədilə yazdığını tutarlı nümunələrlə nümayiş etdirir. Ədibin talantını bir daha isbat etmək üçün A.Tahirli onun və qardaşı Üzeyir Hacıbəyovun eyni adda yazılmış «Pristav ağa» satirik hekayələrini tədqiqata cəlb edərək onların oxşar və fərqli cəhətlərini ayırd edib, ümumiləşdirir və yazır ki, istər öz realist təsvirinə, istərsə də toxunduğu mövzunun aktuallığı və tənqidi pafosuna görə «Pristav ağa» əsəri XX əsr Azərbaycan nəsrinin ən maraqlı nümunələrindən biridir və XX əsr ədəbiyyatımızda rus hakimiyyətinə, onun məmurlarına qarşı bu cür sərt tənqidi münasibət bəsləyən ikinci bir əsərə tanımırıq desək, yəqin ki, səhf etmərik. Burada hekayələri araşdırarkən müəllif ona da diqqət yetirir ki, C.Hacıbəyili əsərlərinin bəzisində obrazlara qarşı öz münasibətini hansısa təsvirlərlə, priyomlarla oxucuya aşkarlayır, bəzənsə, misal üçün «Barışmaz ata» hekayəsində, hadisə və obrazları təqdim etməklə kifayətlənir: oxucunu daha dərindən düşünməyə vadar edir.
II fəsil C.Hacıbəylinin mühacirti dövrü yaradıcılığını əhatə edir. A.Tahirli C.Hacıbəylinin üzdə olan və Dövlət Ədəbiyyat və İncəsənət arxivinin yazıçıya aid fondunda saxlanılan Azərbaycan, fransız, rus dillərində qələmə aldığı bədii əsərlər və publisistikasının, xatirələrinin, tədqiqatlarının əlyazmalarını, makina yazılarını araşdırarq ədibin bədii irsinə olan baxış bucağını xeyli genişləndirib. İrəlidə qeyd edildiyi kimi, fransız dilində yayılmış «Baş tutmayan ziyarət» əsərinin qəhrəmanı Əbdül Kərim yazıçının illərlə öncə obrazını yaratdığı Hacı Kərimdir. Tədqiqatçı yazır ki, dini dəyərləri yüksək qiymətləndirən, həmişə İslamın böyük təəssübkeşi olaraq çıxış edən C.Hacıbəyli Əbdül Kərimin müqəddəs ziyarətə getmək istəyinin əsl mahiyyətini və «Hacı» titulundan sui istifadə edərək varlanmaq, başqaları ilə təkəbbürlə davranmaq niyyətlərinin günah və yolverilməz olduğunu açıb göstərir. Həcc ziyarətinə təmiz dualarla, pak niyyətlərlə, halal pulla getmək lazımdır. Müəllif qeyd edir ki, əsərin başlıca ideyası budur və əsərin bir epoxa bundan əvvəl yazılmasına baxmayaraq, yazıçının ideyası bu günümüzdə də çox aktualdır. Dinlə bağlı problemlər yazıçının fransız dilində yazılmış və Mirzəbala Əmrahov tərəfindən tərcümə edilmiş «Müəzzinin lənəti» hekayəsində də özünə yer almışdır. Tədqiqatçı əsərin 50-ci illərin ortalarında – soyuq müharibə dövründə yazıldığını əsaslandırır, hekayə ilə bağlı fikirlərinin izah edir və yazır ki, bu hekayə nəinki C.Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir, nasirin Sovet imperiyasının tez-gec süqut edəcəyi ilə bağlı qəti qənaətinin, sarsılmaz iradəsinin, əqidəsinin, inamının bədii ifadəsidir. O dövrdə yazılmış «Nejdanovun işi» hekayəsindən söz açarkən, onu rejimin aynası adlandır və vurğulayır ki, müəllif burada insanlığın faciəsini bədii sözün gücü ilə bütün çılpaqlığı ilə canladıra bilmişdir. A.Tahirlinin əsəri rus dissident ədəbiyyatı ilə müqayisə edərək onu rus dissident ədəbi nümunələrinin pioneri, qaranquşu adlandırması ədəbiyyatşünaslığımızda olduqca önəmli fakt sayıla bilər. C.Hacıbəylinin, həm də Azərbaycan mühacirət irsində ilk və yeganə sənədli siporsisin «Stalin öpüşü» və «Fatimə»nin müəllifi olduğu araşdırılır. Siporses əsasında ssenari yazmağın və kinoda canlandırmağının Ceyhun bəyə nəcib olmağına təəssüflənərək, sələfləri tərəfindən bu işi başa çatdıracaqlarına ümid edir. Həmçinin gələcək tədqiqatçılara «Səssiz-küysüz məhkəmələr» əsərinin tam mətninin tapılmasını və tərcüməsini məsləhət bilir.
Fəsilin «Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü» adlı II bölümündə tədqiqatçı araşdırmaları əsasən Ceyhun bəyin memuarları üzərində aparır, ədibin həyatından olan bir çox faktlar üzərində dayanır,onun memuarist kimi nə dərəcədə istedadlı olduğunu açıb göstərir. Xüsusi yer ilk Azərbaycan operasının yaranmasına ayrılmışdır. Ceyhun bəy qardaşı Üzeyir bəylə «Leyli və Məcnun» operası üzərində apardığı işlərdən ətraflı danışır və qeyd edir ki, Şərq musiqisinə polifoniyanı birinci gətirən Üzeyir bəy olmuşdur.
Monoqrafiyanın III fəslində Ceyhun bəyin araşdırmaları izlənir. Müəllif qeyd edir ki, Hacıbəylinin araşdırmaları barədə dolğun, sistemli elmi-nəzəri qənaətlər əldə etmək üçün ayrı-ayrı tədqiqat sahələrinə müvafiq olaraq onun qələmə aldığı əsərlərin təsnifatını verməklə təhlil etmək və dəyərləndirmək məqsədəuyğundur.
Bununla bağlı o, araşdırmaları 4 hissəyə ayırır.
I hissədə ədəbiyyatşünaslığa, tariximizə, mətbuat, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına dair əsərlər izlənir. Tamamilə düzgün qeyd edilir ki, Ceyhun bəy birinci olaraq Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə almışdır və məqalənin bəzi nöqsanlarına baxmayaraq onu ayrıca kitabça şəklində çıxmasını təklif edir. Bu bölümdə müəllif C.Hacıbəylinin azərbaycanlı qadın – şairlərinə həsr olunmuş «Azərbaycanın gülləri» məcmuəsinə xüsusi diqqət yetirir. Ceyhun bəyin onların şeirlərini ilk dəfə olaraq rus və fransız dillərinə tərcümə etdiyini yaradıcılıqları haqqında elmi mühazirələrini və bununla bağlı sovet ədəbiyyatşünaslığına tənqidi yanaşmasını da açıqlayır.
Folklorşünaslığa dair araşdırmalar və folklor nümunələrindən istifadə mövzusuna toxunarkən müəllif problemin həllinə bir neçə aspektdən (Hacıbəyli – folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə istifadə edən yazıçı kimi) yanaşılsa, daha dolğun və doğru elmi-nəzəri nəticələr əldə etmək mümkünlüyü fikrini irəli sürür. «Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) əsərinin bu gün də aktuallığını saxlamağını və Qafqaz etnoqrafiyasını, dialekt və folklorunu öyrənmək üçün mötəbər məxəz olduğunu vurğulayır».
«Sovetologiya, politologiya və tarix sahəsində araşdırmalar» bölümünün müəllif Ceyhun bəyin nüfuzlu sovetoloq kimi tanınmasından, yazılarında sovet rejiminin antibəşəri mahiyyətini açmağa və onun gec-tez məhkum olacağını inandırıcı dəlillərlə əsaslandırmağa nail olduğundan bəhs edir. Tarixlə bağlı araşdırmalarının fransız dilində olduğundan, hələ ki, onların öz tədqiqatçılarının gözlədiyini göstərir.
«Tərcüməçilik fəaliyyəti» bölümündə A.Tahirli Azərbaycan – fransız ədəbi əlaqələrində Ceyhun bəyin müstəsna xidmətlərindən söz açır, İvan Turgenevin «Pulsuzluq», Monassanın «Yolçu» əsərini ilk dəfə Azərbaycan dilinə tərcümə etməsindən və «Həqiqət» qəzetində dərc edilməsindən, mühacirət dövründə də öz əsərlərinin bəzilərini fransız dilinə çevirməsindən. 1925-ci ildə onun tərcüməsində və rejissorluğu ilə Parisin «Femina» teatrında Üzeyir bəyin «Arşın mal alan» operettası tamaşaya qoyulmuşdur.
Nəticədə müəllif yazır ki, istər mühacirətəqədərki və istərsə də ondan sonrakı dövr Ceyhun bəy Hacıbəyli yaradıcılığı ümumazərbaycan mədəniyyətinin, söz sərvətinin dərindən öyrənilmək, geniş təbliğ edilmək haqqını qazanmış bir parçasıdır, yazıldığı zamandakı kimi bu gün də aktualdır.
Ümumi qənaət belədir ki, Ceyhun Hacıbəyli kimi nadir şəxsiyyətin çoxjanrlı və çoxsahəli alim - yazıçı irsinin ilk monoqrafik tədqiqatı ədibin elmi, bədii axtarışlarının öz dövrü üçün novatorluğu və bu gün üçün də gərəkliyi haqda kifayət qədər dolğun təsəvvür yaradır. İşin böyük əhəmiyyəti bir də ondadır ki, müəllif bir çox məsələlərin üzərində işləməyi, araşdırmlar aparmağı gələcək tədqiqatçılara tövsiyə edir, lüzumlu sayır.
Nailə Muradəliyeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi,
filologiya elmləri doktoru