
Qəbələdəki restoranların birində saxlanılan ayı haqda video bir neçə il əvvəl xarici jurnalistlərin də diqqətini cəlb etmişdi. Əcnəbi media isə "Koka-kola" içməyə məcbur edilən ayı ilə bağlı hərəkəti barbarlıq adlandırmışdı. Müşahidələr göstərir ki, indi də Azərbaycandakı bəzi restoranlarda vəhşi heyvanlar qəfəsdə saxlanılır və müştərilərə nümayiş etdirilir. Bəs restoranlar həmin heyvanları hardan alıb? Modern.az saytı suala cavab tapmağa çalışıb.
"“Heyvanlar aləmi” haqqında qanuna əməl olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoranlarda vəhşi heyvanların saxlanılması ilə bağlı mütəmadi olaraq reydlər keçirir”.
Bunu Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib:
“Nazirlik vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində, restoranlarda qəfəslərdə saxlanılmasını qətiyyətlə pisləyir və bu kimi hallarla kəskin mübarizə aparır. Ötən illərdə dəfələrlə belə restoran sahibləri cərimə olunub, saxlanılan heyvanlar isə vəhşi təbiətə buraxılıb”.
Vəhşi heyvanların restoranlarda saxlanılması ötən illər qeydə alınsa da, bu il belə fakt aşkrlanmayıb. İradə İbrahimova onu da vurğulayıb ki, ümumiyyətlə, heç bir restoranlarda qəfəsdə heyvan saxlanılmır fikri doğru olmaz: “Çünki müəyyən restoranlarda xaricdən gətirilən və sənədləşdirilərək saxlanan heyvanlar mövcuddur. Nəzərə almaq lazımdır ki, həmin heyvanlar Azərbyacan təbiətindən götürülməyib”.
İradə İbrahimovanın fikrincə, insanlar belə obyektləri boykot edərək ora getməsələr, sahibkarlar da heyvanlara əziyyət verməyin xeyir gətirməyəcəyini anlayar.
Nazirlik rəsmisi bir daha insanları zövqsüz, heyvanlara işgəncə üzərində qurulan istirahətdən imtina etməyə çağırıraraq bildirib ki, belə hallarla qarşılaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə müraciət etsinlər.
Gülşən RAUFQIZI