Modern.az

Dinbazlar

Dinbazlar

مورد توجه

10 Noyabr 2015, 14:11

Gündüz İsmayılov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
 

Ateizm buxovları qırıldıqdan sonra Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərə, xüsusilə onun ayrılmaz tərkib hissəsi kimi dinə - İslama qayıdışın böyük və qarşısıalınmaz prosesə çevrilməsi həm başadüşülən, həm də qəbuledilən haldır. Lakin bu prosesin bir sıra hallarda xurafat meyilləri, bəzən din pərdəsi altında antimilli təbliğat və xaricdən idarəetmə cəhdləri ilə müşayiət edilməsi nə qədər “başadüşülən” olsa da, əsla qəbuledilən deyildir. Ona görə ki, cəmiyyətimizdə mənəvi aclığın olmasından istifadə edən “din qardaşlarımız”ın “canıyananlıqla” idxal etdikləri “din məhsulları”ndan vətəndaşlarımızın beyinlərinin və mənəviyyatlarının zəhərlənməsinə əsla yol vermək olmaz.

Əslində, bu cür təəssübkeşliyin arxasında İslam deyil, siyasi və ideoloji maraqlar dayanır və ağır da olsa, etiraf etməliyik ki, “qardaşlarımız”ın uzun illər göstərdiyi səylər öz nəticəsini verib: üzərində Azərbaycan kimliyi daşıyan, damarlarında azərbaycanlı qanı axan, amma dünyagörüşü, əxlaq və mənəviyyat baxımından getdikcə yadlaşan, yadlaşdıqca da cılızlaşan, başqalarının maraqlarını güdən, sərhədin o biri tayından, hətta min kilometrlərlə uzaqdan idarəedilən “dindar” qruplar formalaşıb.

Cəmiyyətimiz, xüsusilə ziyalılar günün günortaçağı meydan sulayan, qəzetlərin redaksiyalarını dolaşan, “anket doldurmaq” üçün xarici səfirliklərin qapısında növbə tutan, bəzən əziz-xələf qonaq kimi arxa qapıdan çıxan dinbazları yaxşı görür, onların niyyətlərini də anlayır. Amma, təəssüf ki, bu reallıqları görmələrinə və anlamalarına baxmayaraq, bir çoxları hələ də susur. Bəlkə də, dindar cildinə girənlərin tənəsindən, şərindən çəkinən, yaxud onların “sahiblərindən” ehtiyat edənlər var. Ola bilsin, ağrımayan başına dəsmal bağlamaq istəməyənlər də az deyil və onlar dinbazlarla mübarizəni yalnız hökumətin işi hesab edirlər.
Nəticədə cəmiyyəti çaşdırdıqlarını və ictimai qınaqdan yan keçdiklərini zənn edən dinbazlar kütlənin zərif və zəif din hissiyyatından istifadə etməyə çalışır, dövlət qurumlarına şər, böhtan yağdırırlar. Son vaxtlar guya məscidlərin sökülməsi və bağlanması ilə bağlı yaradılmış süni gərginlik bu reallıqları bir daha təsdiqlədi. Məlum oldu ki, dinbazlar nəinki ictimai qınaqdan çəkinmirlər, əksinə, sərhədin o tayından gəlmiş sifarişi yerinə yetirmək üçün bəzən kütlə psixologiyasından, hətta bəzi kütləvi informasiya vasitələrinin imkanlarından faydalana bilirlər.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərin sökülməsi və bağlanması məsələsinə dəfələrlə münasibətini bildirib, bu barədə deyilən fikirlərin əsassız olduğunu, bir çox hallarda böhtan xarakteri daşıdığını ictimaiyyətin diqqətinə çatdırıb. Axı necə ola bilər, ibadət evləri – məscidlər, kilsələr, sinaqoqlar - dövlət hesabına yenidən qurulan, bərpa və təmir edilən ölkədə məscidlər sökülsün?!

Təxmini hesablamalara görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə orta hesabla hər 3 gündən bir yeni məscid dindarların istifadəsinə verilib və bu gün onların sayı 1800-ü keçib. Əlbəttə, digər ölkələrlə müqayisədə bunun xeyli az olduğunu əsaslandırmağa çalışanlar da var. Onlar dinə, milli-mənəvi dəyərlərə verilən qiyməti, islami maariflənmənin səviyyəsini keyfiyyətlə deyil, kəmiyyətlə, daha doğrusu, sifariş aldıqları xarici ölkələrin və siyasi dairələrin arşını ilə müəyyənləşdirmək istəyirlər. Çünki onları maraqlandıran, həqiqi və səmimi dindarların yox, hansısa ölkənin “pərəstlər”inin sayıdır.

İnancımıza görə, məscid Allah evidir və kimsə Yaradanın mülkünə kəc baxa bilməz. Amma kimlərinsə Allah evi ilə ilə bağlı Allahsız və məkirli işlər görməsinə, məscid adından istifadə edərək, şəxsi maraqlarını güdməsinə, nəhayətdə, din pərdəsi altında yad dəyirmanına su tökməsinə icazə verilməməlidir. Məgər Peyğəmbərimiz Həzrət Məhəmməd (s) fitnə yuvasına çevrilmiş Dırar məscidini sökdürmədimi? Yoxsa, bəzi dinbazlar Roma Papasından daha artıq katolikdirlər?!
Azərbaycanda məscidlər tikilir və gələcəkdə də tikiləcəkdir. Buna kimsənin şübhəsi olmamalıdır. Amma nə qədər gec deyil, papağımızı qarşımıza qoyub fikirləşək: ölkəmizdə 1800 Allah evi var, bəs, görəsən, Allah adamlarının, səmimi dindarların sayı nə qədərdir?

Yəqin ki, razılaşarsınız: məscidlərinin sayı qədər səmimi dindarı olmayan məmləkətə Allah evindən daha çox Allah adamı lazımdır.
Təmiz İSLAM, səmimi DİNDAR arzusu ilə...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı