Modern.az

Sabunçu Rayon İcra Hakimiyyətindən çağırış: “O adamları qovun!”

Sabunçu Rayon İcra Hakimiyyətindən çağırış: “O adamları qovun!”

Ölkə

11 Avqust 2011, 11:26

İcra başçısının müavini snədsiz evlərlə bağlı məsələdən danışdı

Sabunçu Rayon İcra Hakimiyyəti rayon ərazisində “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı”adlı qondarma təşkilat adından əhalidən pul yığan şəxslərin olduğunu etiraf edib. İcra başçısının müavini Qəzənfər Həsənov Modern.az-a açıqlamasında bununa bağlı yayılan məlumatı şərh edərkən bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı hər hansı bir dövlət qurumuna heç bir göstəriş verilməyib.

“Sənədsiz evlərin qeydiyyata alınması yalnız  İcra hakimiyyətlərinə tapşırılıb. Bu məsələ ilə bağlı sakinlərdən bir neçəsi bizə də müraciət edib. Biz sakinlərə göstəriş vermişik ki, qəsəbələrə gəlib özünü müxtəlif qurumların adı ilə təqdim edən və yaxud boynunda hansısa tanınmayan bir idarənin vəsiqəsini asıb pul yığan adamları qovsunlar və həmin şəxslərə heç bir sənəd, yaxud da pul verməsinlər”-deyə icra başçısının müavini vurğulayıb.

Q.Həsənov bildirib ki, “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı” adlı təşkilatın adını ilk dəfədir eşidir.
“Mən elə bir qurum tanımıram. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı hər hansı bir dövlət qurumuna heç bir göstəriş verilməyib. Bu adamlar kimlərdisə, caamatı aldadırlar. Belə bir şey ola bilməz”.

Sabunçu rayonundakı sənədsiz evlərin sənədləşdirilməsi prosesi ilə bağlı danışan Qəzənfər Həsənov bildirib ki, hazırda 50-ci, 70-ci və 90-cı illərdə və ondan sonrakı illərdə tikilmiş evlərin inventarlaşdırılması prosesi gedir. Sənədlər qaydasına düşəndən sonra vətəndaşlara kupça veriləcək.

Sonda icra başçısının müavinin vətəndaşlara müraciət edərək bildirib ki, neft mədənlərində yaxud da yaşayış üçün nəzərdə tutulmayan yarlərdə tikilən evlərə sənəd verilməyəcək.

Qeyd edək ki, saytımız “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı adlı təşkilatın özlərini qiymətləndirmə üzrə mütəxəssisləri kimi təqdim edən şəxslərin fərdi yaşayış evlərinin inventarılaşdırılması və qeydiyyata alınması vədi ilə sakinlərdən  pul yığdıqları barədə məlumat yayıb. Bu barədə Modern.az-a Sabunçu rayonunun sakinləri bildiriblər.

Özünü adıçəkilən təşkilatın qiymətləndirmə üzrə mütəxəssisi kimi təqdim etmiş Rahib Əliyev isə Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin sakinlərinə bildirib ki, onlar tərəfindən yaşayış evləri qeydiyyata alınır və bunun üçün 30 manat pul ödənilməlidir. Onun sözlərinə görə, pul ödənildikdən sonra ay yarım ərzində evə aid sənədlər sakinlərə təqdim ediləcək. Lakin R.Əliyev evlə bağlı hansı qeydiyyat sənədindən söhbət getidiynə aydınlıq gətirməyib. Sakinlər arasında pul verənlər olsa da, bir qismi buna etirazını bildirib.

Modern az məsələni aydınlaşdırmaq üçün həmin şəxsin sakinlərə verdiyi mobil telefon nömrəsinə zəng etməklə Rahib Əliyevlə əlaqə saxlayıb. Özünü “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı”nın qiymətləndirmə üzrə mütəxəssisi kimi təqdim edən Rahib Əliyev saytımıza bildirib ki, yaşayış evləri təmsil etdiyi qurum tərəfindən qeydiyyata alınır.
“Bizim idarə tərəfindən sakinlərə universallaşdırma və hesabat cədvəli şəklində sənəd veriləcək.  Sənədlər ən tezi bir aya sakinlərə təqdim ediləcək”-deyə qısa danışan R.Əliyev bildirib ki, hazırda fərdi evlərin qiymətləndirilməsi təkcə Sabunçu rayonu üzrə getmir. R.Əliyev deyib ki, ona görə də sənədlərin qaydaya salınması vaxt aparır.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı