Himn - hər bir millətin , hər bir dövlətin ən müqəddəs rəmzlərindəndir. Himn - müstəqil dövlətin və millətin yaşam, varolma şərtlərindəndir. Himn - hər bir millətin özgürlüyü, kəlmənin bütün mənalarında ayaq üstə dik dura, şax dayana bilməsi, eyni zamanda, hər bir dövlətin ozünütəsdiqidir. Bir millət və dövlət olaraq himn bizlər üçün də bu məlum anlamları birmənalı şəkildə özündə ehtiva edir və etməlidir...
Modern.az-da da bu məsələnin yenidən gündəmə gətirilməsi cox vacib, cox diqqətə və təqdirəlayiq bir haldır. Bu məsələ ümumiyyətlə, hər zaman mətbuatın, digər kütləvi informasiya vasitələrinin gündəmində olmalıdır. Çünki bir jurnalist, parlament müxbiri kimi gündəlik müşahidələrimidən və elə bu saytda bəzi millət vəkillərinin bu məsələyə özlərinə məxsus tərzdə yanaşmalarından çıxış edərək demək istəyirəm ki, himn məsələsinin bundan sonra da hələ cox gündəmdə olmasına, gündəmi dönə-dönə məşğul etməsinə ehtiyac var...
Bu gün hələ də bir çoxları, xüsusilə, bəzi siyasət adamları, millət vəkilləri, məmur təbəqəsi, özlərini başqa “dilli” hesab edənlər bunun-himn məsələsinin onlar və təmsil etdikləri dövlət, millət üçün nə qədər vacib, müqəddəs atribut olduğunu dərk etmirlər və yaxud dərk etmək istəmirlər. Mən bu fikiləri qələmə alarkən heç də hamını qınamaq, töhmət altına almaq istəmirəm, buna haqqım da çatmır. Amma gördüklərim, müşahidə etdiklərim və oxuduqlarım məni belə bir təəssüfedici qənaətə gəlməyə vadar edir.
Bu gün dövlət himnini çox gözəl, ürəklə, şövqlə, iftixar hissi ilə oxuyan, himn səslənər-səslənməz dərhal ayağa qalxan, ona səmimi, təmənnasız ehtiramını nümayiş etdirən məmurlarımız, rəsmilərimiz, siyasilərimiz, millət vəkillərimiz var və özü də onlar azlıq təşkil etmirlər. Eyni zamanda, bu insanlar, ələlxüsus, siyasilərimiz və millət vəkillərimiz bu məsələyə hansı düşərgənin, hansı ideologiyanın daşıyıcıları olma prizmasından yanaşmır, sadəcə, öz vətəndaşlıq borclarını, görəvlərini yerinə yetirir, yaxud yetirməyə çalışırlar.
Ancaq dövlət himni səslənərkən kreslosundan güclə, əzilə-büzülə, xüsusi ədayla, hikkəylə, bir qədər də sərt çəkildə desəm, sayğısızlıqla ayağa duran, himni oxuyarkən isə üz-gözünü əyişdirən, əsnəyən, tavana və ya döşəməyə baxan insanlarımız- yenə də məmurlarımız, siyasilərimiz, millət vəkillərimiz - az deyillər. Belələri dəfələrlə elə parlament tribunasından və mətbuatdan sərt, kəskin tənqidə, qınağa məruz qalmalarına baxmayaraq, yenə də özlərini heç nə olmamış kimi aparırlar. Elə bil ki, bu sözlər, bu tənqidlər onlara deyil, bədbəxt fatmanisələrə, novruzəlilərə, həsənqululara ünvanlanır...
Bu yerdə ədalət naminə onu etiraf edim ki- yenə öz müşahidələrimə əsasən- bu tənqidlərdən nəticə çıxaranlar, himnə sayğı ilə yanaşmağın və onu oxumağın ilk növbədə onlara aid , onların bir saylı vəzifəsi, borcu, görəvi olduğunu anlayanlar da var. Onlar uzun-uzadı qınaqlardan, tənqidlərdən sonra, ən yumşaq şəkildə desəm, nəhayət, öz səhvlərinin fərqinə varıblar və dövlət himnini öyrənərək onun, belə demək mümkünsə, şərtlərinə əməl edirlər . Amma yuxarıda da acı təəssüf hissi ilə qeyd etdiyim kimi , hələ də bu məsələnin mahiyyətini, nə demək olduğunu, təmsil etdiyi millət və dövlət üçün hansı anlam, ülvilik, müqəddəslik kəsb etdiyini anlamayan insanlarımız – “intellegentlərimiz”, başqa “dillilərimiz”, siyasilərimiz, məmurlarımız və sair var.
Ona görə sözləri böyük İstiqlal şairimiz Əhməd Cavada və musiqisi Azərbaycanımız, Türk Dünyamız boyda əzəmətli bəstəkarımız Üzeyir bəy Hacıbəyliyə aid olan, hər dəfə səslənəndə və ifa olunanda insanı sözün əsl mənasında coşduran, riqqətə gətirən, müqəddəs ruhlar aləminə aparan, qüdrətləndirən Dövlət Himnimizi ifa etmək böyük-kiçikliyimizdən, hansı cərəyana mənsub, hansı ideologiyanın daşıyıcısı olmağımızdan asılı olmayaraq hamımızın müqəsddəs borcu , görəvidir. O cümlədən, siyasilərimizin, millət vəkillərimizin də.
Bunun uçun hansısa protokol qaydalarına- filana da ehtiyac yoxdur. Əgər bu toprağın üzərində gəziriksə, yeyib-içiriksə, boya-başa, hansısa mərtəbəyə çatırıqsa, o zaman borcumuzdur ki, o torpağın, o vətənin haqqını verək , onun müqəddəs rəmzlərindən olan Dövlət Himninə nə qədər gec olsa da, sayğı ilə yanaşmağı öyrənək , onu- Dövlət Himnimizi nəhayət, şövqlə, zövqlə və iftixar hissi ilə oxuyaq. Yoxsa, üstündə gəzdiyimiz bu torpaq, vətəndaşı olduğumuz bu vətən, bu dövlət və təmsil etdiyimiz bu millət- Türk milləti bizi-bizləri birmənalı olaraq bağışlamaz!
Dəyərli Modern.az əməkdaşlarına, həmkarlarıma da bir daha bu məsələni gündəmə daşıdıqları üçün dərin təşəkkürlər!