Modern.az

“Azərbaycanda nikahdankənar doğuşların sayı faciədir”

“Azərbaycanda nikahdankənar doğuşların sayı faciədir”

Ülke

22 Fevral 2014, 13:06

Rəsmi sataistikaya görə, Azərbaycanda son 10 ildə nikahdankənar doğulan uşaqların sayı artıb. Bu rəqəm 2012- ci ildə 31, 2013-cü ildə 27 min olub. Araşdırmalar göstərir ki, hər il 8-9 min uşağa təkcə ananın ərizəsilə doğum haqqında şəhadətnamə verilir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına açıqlamasında bu problemdən çox narahat olduğunu deyərək, bu işdə insanları birlik nümayiş etdirməyə çağırıb.

“Göstəricilər faciəvidir”

“İstənilən halda 27 min özü düşündürücü rəqəmdir. Doğulan 165 min uşağın 27 mini qeyri-rəsmi münasibətdən olması artıq faciədir. Bu göstəricilər hansı səbələrdən baş verir? İlkin olaraq deyə bilərəm ki, bir vaxtlar kənd icra nümayəndəliklərində kəbin kəsmirdilər. Nikaha girmək üçün rayon mərkəzlərinə getmək lazım gəlirdi. İnsanlar isə tənbəllik ucbatından bunu etmirdilər.. Səbəbələrdən bir budur. Bunun heabına da kəndlərdə xeyli sayda qeyri-rəsmi nikahlar ortaya çıxırdı, bu, indi də var.

İkinci səbəb Rusiyada yaşayan azərbaycanlı oğlanlardır. Onların böyük əksəriyyəti ev, qeydiyyat məslələrinə görə orada nikaha girib. Həmin insanlar vətənə qayıtdıqdan sonra burada da evlənir. Nəticə etibarilə  Rusiyadakı nikahı pozulmadığından burada rəsmi nikaha girə bilmir. Çünki qanun eyni anda iki nəfərlə nikaha girməyə imkan vermir.

Üçüncü qrup nikah yaşına çatmayan qızlarla evlənmələrin hesabına artır. Azərbaycanda ildə 2-3 min nəfər 18 yaşına çatmamış qızlarla nikaha girir. Təbii olaraq yaş uyğun gəlmədiyindən rəsmi nikaha girə bilmirlər. Bu izdivaclar nikah şöbəsində qeydə alınmadığından, uşaq doğulan zaman nikahdankənar sayılır. Rəqəmlərin sayı məhz bunlar hesabına da artır. Əvvəldə səbəb kimi göstərdiyim qruplarda 2-ci, 3-cü uşaqlar doğulur və rəqəmlərin bu həddə gəlib çıxmasına səbəb olur”.

“Qeyri-rəsmi nikahların qarşısını almalıyıq”

Komitə sədri bildirib ki, bunun qarşısını almaq üçün 3 yol var: “Birincisi odur ki, bələdiyyələr, qeyri-hökumət təşkilatları, məktəb, bağça rəhbərləri  bununla ciddi məşğul olmalıdır. İkincisi, imperativ normadır. İcra hakimiyyətləri qanunun tələbi ilə həmin vətəndaşları məcburi şəkildə nikaha cəlb etməlidir. Ən əsası isə ailədə olan ər və arvad özü ən azından uşaqlarının gələcəyi naminə bu işdə maraqlı olmalıdırlar”.


Fəsadlar

H.Rəcəblinin sözlərinə görə, qeydə alınmayan nikahlarda qadın və uşaq heç bir mülkiyyət hüququna malik deyil: “Ər onları istədiyi vaxt tərk edə bilər. Bu zaman ortada qalan qadın və uşaq olacaq. Düşünürəm ki, buna daha çox qadınlarımız məsuliyyətlə yanaşmalı və qanuni nikah tələb etməlidirlər. Bundan əlavə, qadın təşkilatları bu işdə fəal olmalı, qadınlarımız maarifləndirməli, onların müdafiəsinə qalxmalıdırlar. Bəzi məktəblərdə hələ də şəhadətnamsəiz uşaqlar var. Bu işlər çox diqqətdən kənarda qalıb. Artıq ictimaiyyət buna reaksiya verməlidir. Hamılıqla qadın və uşaqların müdafiəsinə qalxmalıyıq. Balalarımızın gələcəyinə  biganə yanaşmamalıyıq”.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı