Modern.az

“Qanuni işsiz”lər ölkəsi-Moldovada görüb-eşitdiklərim...

“Qanuni işsiz”lər ölkəsi-Moldovada görüb-eşitdiklərim...

Ölkə

8 İyun 2010, 16:44

Bu günlərdə Moldovaya səfərə getmişdik. Yura ilə sərhəddə tanış oldum, Moldova-Ukrayna sərhəddində. Artıq sərhəd Yura üçün evinin qapısı kimi doğmalaşıb. O, iki ildir ki, bu “qapı”dan çıxıb iş dalınca getməli olur, ailəsini dolandırmaq üçün. Yura kimi “qanuni işsiz”lərin heç də hamısı qanuni miqrant ola bilmir. Bu gün Moldova qeyri-qanuni miqrantlarla savaşır. 

 

Sərhəd-buraxılış məntəqəsi

37 yaşlı Ukrayna əsilli Yura Kalabriyskiy Moldovada yaşayır. Deyir ki, burada adi insanların ala biləcəyi ən yüksək əməkhaqqı 2000 moldovan leyidir (təxminən 160 dollar): “Mən beş il ali məktəb oxumuşam nə olsun ki?  İş yoxdur. Ailəm, uşaqlarım var. Onları dolandırmaq, hələ kommunal xərcləri ödəmək çox çətindir. Artıq ikinci ildir ki, mən Rusiyaya işləməyə gedirəm. Məni sərhəddə incitmirlər, çünki sənədlərim qaydasındadır. Orda müqavilə ilə işləyirəm. Moldovada demək olar ki, əhalinin 99%-i başqa ölkəyə işləməyə gedir”.

 

Miqrant Yura

Yura ali savadlı maşın ustasıdır. Elə ixtisası üzrə də Rusiyada bir firmayla razılaşıb işləyir. Amma qısa müddətli-üç aylıq müqavilə ilə işləməli olur: “Qısa müddətli müqavilə ilə işləyəndə ailəmi, uşaqlarımı görməyə gələ bilirəm. Sonra yenidən müqaviləni təzələməli oluram”.

 

Yura deyir ki, Moldovada ən böyük sosial problem işsizlikdir, əməkhaqqlarının çox aşağı olmasıdır. Ailədə təkcə Yuranın işləməsi də onun yükünü artırır: “Həyat yoldaşım uşaqlara baxır, işləmir. Belədə ki, burada qadınlar daha çox xırda ticarətlə məşğuldurlar, əsasən, bazarda satıcı işləyirlər”.

 

Moldovanın Avropa Birliyinə (AB) üzv olmağa hazırlaşdığı bir dönəmdə toplumda da müxtəlif fikirlər səslənir. Yuradan başqa da sovet dövrünün nostaljisi ilə yaşayanlar var. Yura deyir ki, Sovet dönəmində nə pis olsa da, ən azından iş yerləri var idi. İndi hər şeyin dəyişdiyi bir vaxtda mövsümi miqrant Yura ümidini Avropa Birliyinə bağlayıb. Deyir ki. Bəlkə Moldova AB-yə üzv olsa, inkişaf edər, camaatın güzəranı da düzələr.

 

AB-nin Moldovadakı nümayəndəsi Dirk Lorenz isə üzvlük barədə dəqiq proqnoz verə bilmir. Görünür, Moldova hələ tam hazır deyil. Hazırda AB miqrasiya və insan alverinə qarşı mübarizədə Moldova ilə əməkdaşlıq edir. Əsas diqqət viza rejiminin sadələşdirilməsinə yönəlib. Bəzi ekspertlər hesab edir ki, qeyri-qanuni miqrasiyanın səbəblərindən biri də ölkələrarası sərt viza qaydalarının olmasıdır. Hələlik  Dirk Lorenz deyir ki, viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqlar aparılsa da bunun nə vaxt reallaşacağı dəqiq bilinmir.

 

Avropa Birliyi qeyri-qanuni miqrasiyaya nəzarət etmək üçün də ölkəyə yardım edir. Birliyin Sərhədə Yardım Missiyası (EUBAM) beş ildir ki, Ukrayna və Moldova sərhəddində monitorinq aparır. Yalnız məsləhətçi qurum funksiyasını daşıyan missiyanın Moldovadakı nümayəndəsi Martin Vintersberg deyir ki, əvvəllər sərhəddə yoxlanış məntəqələri olmadığından sərhədi qanunsuz keçənlər olurdu. Bu da kriminal olayları artırırdı: “İndi isə durum daha stabildir, biz monitorinqimizi yazılı şəkildə rəsmi qurumlara çatdırırıq, təkliflərimizi veririk. Ötən il 2700 nəfər qanunsuz olaraq Moldova-Ukrayna sərhəddindən keçməyə cəhd edib”. Martin Vintersbergin məlumatına görə, missiyaya iki il ərzində 12 milyon dollar büdcə ayrılıb. Gələn il missiya öz fəaliyyətini başa vuracaq.

 

Moldovada miqrasiya problemi ilə Beynəlxalq Miqrasiya Təşkilatı da məşğul olur.  Təşkilatın Moldovadakı missiya rəhbəri Martin Andreas deyir ki, təkcə sərhədlərdə nəzarəti gücləndirməklə qeyri-leqal miqrasiya problemini aradan qaldırmaq olmaz. Ölkələrarası mobil əməkdaşlıq möhkəmlənməlidir: “Bu gün regionda ən yüksən miqrasiya Moldovadadır. Bunun da kökündə aşağı əməkhaqqı, işsizlik durur”.

 

Beynəlxalq qurumlarla yanaşı Moldova hökuməti də etiraf edir ki, ölkədə miqrasiya yüksək həddə çatıb. Moldova Respublikasının Daxili İşlər Nazirliyində (DİN) insan alverinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə mərkəzinin hüquqşünası İurie Podarilovun söylədiyinə görə, bu sahəylə mübarizədə effektiv hüquqi mexanizm var. Moldova problemin həllinə yönəlik demək olar ki, bütün beynəlxalq sənədlərə imza atıb.

 

Moldova DİN-nin nümayəndəsinin verdiyi məlumata görə, ötən il 137 nəfər qeyri-leqal miqrant qeydə alınıb. 75 nəfər qeyri-leqal miqrantın isə işi məhkəməyə göndərilib. Əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Nazirlik rəsmisi İurie Podarilov hesab edir ki, qeyri-leqal miqrasiyanın başında aşağı əməkhaqqı, işsizlik durur.

 

İurie Podarilov Moldovada qeyri-leqal miqrasiya, insan alveri kimi problemlərdən az önəmli olmayan Dnestryanı region konfliktinə də toxundu.  Problem ondadır ki, Moldova hökuməti separatçıların nəzarəti altında olan Dnestryanı regiona nəzarət edə bilmir: “İstənilən halda orada yaşayan vətəndaşlara görə məsuliyyət daşıyırıq. Çünki Dnestrin hər iki sahili qanuni olaraq Moldovanın ərazisidir”.

 

400 min əhalisi olan Dnestryanı bölgədə də ən böyük problem miqrasiya problemidir. Separataçı Dnestryanı regionun vətəndaşları bu gün Moldova Respublikası ilə mövcud konfliktdən çox, işsizlikdən şikayət edirlər. Bu regiondakı separatçı hökumətin xarici işlər nazirinin müavini Aleksandr Malyarçuk deyir ki, insanlar daha çox iş dalınca Rusiya və Ukraynaya gedirlər. 

 

Tələbə Stanislava Belous

Tələbə Stanislava Belous da təhsilini bitirəndən sonra heç bilmir ki, harada işləyəcək. O deyir ki,  Dnestryanı regionda nəinki cavanlar, elə orta yaşlılar da iş dalınca xaricə gedirlər. Moldova Respublikası ilə ortaq problemi olan regionda insanların əksər faizi Moldovaya birləşmək istəmir. Onlar Rusiyaya daha çox bel bağlayırlar.

 

Bir tərəfdən regionda Dnestryanı konflikti, digər tərəfdən də qeyri-leqal miqrasiyanın yüksək həddə çatdığı bir durumda  Moldova Avropa Birliyinə ümid bağlayıb. Amma Yura kimi adi vətəndaşlar hökumətdən iş yerlərindən savayı heç nə istəmir.

Səbinə Vaqifqızı Moldova, Kişinyov

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı