
Sərdar Cəlaloğlu: “QMİ-yə etibar etmirəm”
Fazil Mustafa: “Mən imanımda hər hansı bir quruma tabe deyiləm”
XIX əsrin ortalarına qədər Cənubi Qafqazda şiə-müsəlmanlar arasında şəriət məhkəməsinin başçısı vəzifəsini icra edən şexulislamlığın statusu sonralar rus çarizminin müsəlmanlar üzərində təsir zolağını saxlamaq üçün dəyişdirildi. Bu siyasətin məkrili niyyətlərindən biri müsəlman ruhanilərini-din adamlarını ələ almağa, onları hökumətə loyal münasibət bəsləməyə və tabe etməyə imkan verən bir İslam dini qurumu yaratmaqdan ibarət idi. Çar hökuməti bu təyinatla müsəlman ruhanilərini yenidən təşkilatlandırmağa və dini icmaları mərkəzləşdirməyə çalışırdı.
Rus çarizmi işğal etdiyi Cənubi Qafqazda milli-azadlıq mübarizəsindən həmişə ehtiyat edirdi. Xalqların milli azadlıqlarının qənimi olan rus imperiyası var gücü ilə bunun qarşısını almağa çalışır, bütün mümkün imkanlardan istifadə edirdi. Odur ki, insanların dini etiqadlarından bunun qarşısını almaq üçün istifadə edilməsində bir sıra addımlar atılmışdı. Onlardan biri də müsəlmanları bir “ələ” cəmləmək və onların üzərində effektiv idarəçiliyi təmin etmək idi. Azərbaycanda, Dağıstanda, Gürcüstanda vahid müsəlman rəyini əldə etmək və təbəələri “imperator həzrətlərinin fərmanlarının” mühümlüyünə və vacibliyinə inandırmaq ruslar üçün ciddi çətinliklər yaradırdı. Odur ki, ruslar üçün siyasi maraqlarını tanımadıqları, bələd olmadıqları cəmiyyətə yeritmək üçün şeyxülislamlıq postu vacib idi. İlk direktivlərdə rus məmurları tələb edirdilər ki, yeni posta mümkün qədər ən azsavadlı, hökümətə son dərəcə sədaqətli insanlar seçilərək təyin olunsun. Təsadüfi deyildi ki, Şeyxülislamın iqəmatgahı Bakıda, Gəncədə deyil, elə imperatorun Qafqaz canişininin idarəsinin yerləşdiyi Tiflisdə fəaliyyət göstərib. Lakin bu sərt siyasət nə qədər ciddi şəklidə aparılsa da, hər halda şeyxülislamlıq bir qurum kimi özünün bir neçə savadlı və tanınmış din xadimlərini ortaya çıxara bildi.
1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Şeyxülislam Məhəmməd Pişnamazzadə (1913-1918) və müfti Mustafa Əfəndi Əfəndizadə Gəncədə birləşdiklərini bəyan etdilər. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu. O zamandan etibarən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərir.
Hazırkı şeyxülislam hacı Allahşükür Paşazadə bu vəzifəyə 1980-ci ildə Qafqaz müsəlmanlarının qurultayında seçilib və indiyədək dini rəhbər kimi fəaliyyət göstərir. 1990-cı ildə rus-sovet qoşunlarının Bakıda qanlı qırğınından sonra Şeyxülislamlıq fəaliyyəti ilə ictimaiyyət arasında üzə çıxdı. Həmin illərə qədər kölgədə qalan Allahşükür Paşazadə ilk olaraq siyasi bəyanatları ilə gündəmə gəldi. 20 yanvara görə SSRİ rəhbərliyini, ilk növbədə prezident Mixail Qorbaçovu ittiham edən A.Paşazadə bununla da ilk dəfə olaraq dini rəhbər kimi xalqın önünə çıxdı.
O vaxtddn etibarən şeyxülislam əslində Azərbaycanda gedən ictimai-siyasi proseslərin mühüm bir həlqəsinə çevrildi.
1992-ci ildə eks-prezident Ayaz Mütəllibov A.Paşazadə ilə söhbətdən sonra istefa verdiyini bildirdi, həmin ilin may ayında sonra yaranan AXC hakimiyyətinin və Heydər Əliyev dönəmində də Şeyxülislamlıq əsas post kimi saxlanılıb. Azərbaycan müstəqilliyin ilk illərindən etibarən gənc dövlət olaraq dini sahədə nəzarəti təmin etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin təsir dairəsindən bəhrələnməyə çalışılıb.
Bu gün Qafqaz Müsəlmanları İdarəsi öz səlahiyyətləri çərçivəsində Azərbaycanda İslam dini icmalarına rəhbərlik edir, şəri qayda-qanunların düzgün yerinə yetirilməsinə nəzarət edir.
Lakin siyasi dairələrdə Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini bölüşməyənlər də var.
Modern.az saytı bir sıra siyasətçilərdən Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti ilə bağlı münasibətini öyrənib. “QMİ-yə etibar edirsinizmi” sualına siyasilərin cavabı birmənalı olmayıb.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, QMİ izibati idarədir. Bu quruma etibar etmədiyini deyən siyasətçi hesab edir ki, əslində QHT statusunda olan Ruhani İdarəsinə böyük səlahiyyətlər verilib.
“Digər tərəfdən QMİ-nin özü İslam dininin əsaslarına ziddir. Çünki İslama görə Allahla insan arasında üşüncü vasitəçi yoxdur. Məncə QMİ-nin fəaliyyəti İslam katolisizmini xatırladır. Katoliklərdə də Allahla bəndə arasında keşiş dayanır. Umümiyyətlə, QMİ sovetlərin müsəlmanları nəzarətdə saxlamaq üçün yaratdığı inzibati struktur idi”-deyə ADP sədri vurğulayıb.
Onun sözlərinə görə, qurumun yas mərasimlərinin tənzimlənməsi ilə bağlı addımları anlaşılmazdır: “Axı Azərbaycanda İslamdan qabaq da insanlar ölürdülər. Yas mərasimləri milli mədəni bir göstəricidir və bunun inzibati yolla tənzimlənməsi yerinə düşmür”-deyən S.Cəlaloğlu bildirib. O, deyib ki, idarənin bəzi fəaliyyəti QHT-lərə verilən səlahiyyətlər çərçivəsindən kənara çıxır: “Məsələn, onların test üsulu ilə dini bilikləri yoxlamaları, mollaların attestasiyasını aparmasını göstərmək olar”.
“QMİ-yə etibar etmirəm. Bu qurum inzibati idarədir”-deyə S.Cəlaloğlu vurğulayıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu mövzuya münasibəti birmənalı oldu. Qeyd edək ki, “Dini etiqad azadlığı” haqqında Qanun 20 yanvar 1992-ci ildə, İsa Qəmbərin də deputat olduğu Milli Məclisin iclasında qəbul edilib. Müsavat başqanı bildrir ki, tanınmış din xadimlərinə böyük hörməti var.
“ Tanınmış din xadimlərinə böyük hörmətim var. Allah özü ilə insan arasında vasitəçi görməyib və odur ki, dinimizin uyğun bildiyi bu uyğunluq bizim üçün də məqbuldur”-deyən İsa Qəmbər vicdan azadlığının onun üçün mühüm əhəmiyyət daşıdığını, insanın fündamental azadlıqlarından olduğunu bildirib.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bununla bağlı fikrini demədi. Ciddi şəkildə inanclı insan olduğunu deyən F.Mustafa QMİ-yə münasibət bildirməsini vacib saymır.
“QMİ ilə bağlı məsələyə münasibət bildirmək istəmirəm. Çünki etibar edib-etməməyimin mənim inancıma heç bir aidiyyəti yoxdur. Çünki mən imanımda hər hansı bir quruma tabe deyiləm”-deyə o vurğulayıb.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə QMİ-yə etibar edir. Onun fikrincə, din insanların mənəviyyatının formalaşmasında mühüm rol oynayır. Bununla yanaşı, deputat dinin siyasətə müdaxiləsinin əleyhinədir.
Azərbaycan Liberlallarının rəhbəri Əvəz Temirxan da Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini şərh etmək istəmədi. Onun sözlərinə görə, QMİ –yə, dini idarəyə siyasətçinin münasibət bildirməsi düzgün olmazdı.
“Amma qeyd edim ki, bu Ruhani İdarsinə böyük hörmətim var”-deyə ALP sədri vurğulayıb.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə QMİ-yə tam etibar edir. Özünün QMİ-də olan din alimlərinə münasibətinin müsbət olduğunu deyən A.Mirzəzadə dini qurumun Azərbaycanın ictimai fikrində vacib rol oynadığını söyləyib.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 9-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi İslam mərkəzlərində – Qafqaz Müsəlmanları İdarəsində birləşirlər.
Qanunun 8-ci maddəsində isə yazılıb ki, Azərbaycan Respublikasında təşkilat məsələlərində İslam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər.
Xaqani Səfəroğlu