Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 16-da saat 15:00-dan etibarən 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. Nəticələr komissiyanı saytına yerləşdirilib //tqdk.gov.az/netrez2/
İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 431 nəfər Azərbaycan bölməsinin, 73 nəfər isə rus bölməsinin namizədidir.
Qeyd edək ki, istiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) aşağıdakı kimi olub:
Plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq Sosial gigiyena və səhiyyənin təşkili, Gigiyena, Mikrobiologiya, Laboratoriya işi, Genetika və Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilmiş, digər ixtisaslar üçün isə müsabiqə şərtləri baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməyib.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınıb:
- baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;
- ixtisas fənləri üzrə test imtahanından toplanılan bal.
Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə həmin müddətdə universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcəkdir.
Modern.az