
Qazaxıstan Rusiya və Belarusun da üzvü olduğu Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatı ölkənin prezidenti Nursultan Nazarbayev Astanada “Xəbər” televiziya kanalına müsahibəsində açıqlayıb:
“Əgər əvvəlcədən müqavilədə müəyyənləşdirilən qaydalara əməl olunmursa, Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtinaya tam hüququ var. Astana heç vaxt Qazaxıstanın müstəqilliyinə təhlükə mənbəyi olacaq təşkilatın tərkibində olmayacaq”.
Qazaxıstan liderinin bu cür sərt xəbərdarlığına Rusiya prezidenti Vladimir Putinin avqustun 29-da “Seliqer” gənclər forumundakı çıxışı səbəb ola bilər. O, çıxışında deyib ki, Nazarbayev heç vaxt dövlət olmayan ərazidə dövlət yaradıb.
Bundan əvvəl isə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Exo” radiostansiyasının efirində bəyan edib ki, Ukraynadakı hadisələrdən sonra Rusiya Qazaxıstana diqqət ayırmalıdır, guya, bu ölkənin hər yerində Rusiya əleyhinə əhval-ruhiyyə müşahidə olunur.
Modern.az