Modern.az

Azərbaycan ciddi hərbi qurumlarla əhatə olunmağa başlayır - Politoloq

Azərbaycan ciddi hərbi qurumlarla əhatə olunmağa başlayır - Politoloq

Təhsil

24 Dekabr 2014, 12:24



Dünən Moskvada  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şura iclası keçirilib. Görüşdə iştirak edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, hərbi təyinatlı KTMT-nın ilk humanitar mərkəzi 2015-ci ildə Ermənistanda açılacaq. Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında yaradılması nəzərdə tutulan humanitar mərkəzin məqsədləri haqqında danışıb.

Politoloqun sözlərinə görə, mərkəzin Ermənistanda açılması xoşagələn bir addım deyil: “Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk akademiyasının da Yerevanda açılması nəzərdə tutulur. Bu birliyin hava hücumundan müdafiə sistemlərinin qurulması da Ermənistandan başlayıb. Bir sözlə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılarkən sırf müdafiə xarakterli, əslində isə lazım gələndə tez hücum xarakteri daşıya bilən hərbi sistemlərə malik bir qurumdur. Bu, əlbəttə, təhlükəli tendensiyadır. Moskva bunun nə qədər xoş niyyətli olduğunu çatdırmağa cəhd etsə də, faktlar göz önündədir. Biz artıq ciddi hərbi qurumlarla əhatə olunmağa başlayırıq”.

“Mərkəzin Ermənistanda açılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təhdid yarada bilərmi” sualına isə Qabil Hüseynli belə cavab verib: “Bu mərkəzin Ermənistanda açılmasının  Cənubi Qafqaz üçün təhdid yaradacağı sözsüzdür. Gürcüstan üçün də yaradacaq, amma ən çox Azərbaycana təsir edəcək.

Danışıqlar prosesində Ermənistan özünü daha rahat aparacaq. Ermənistan indiyə qədər qeyri-konstruktiv mövqe tutub. Bu vaxta qədər 7 rayonun azad edilməsi məsələsi gündəmdə idi.  İndi o məsələnin həlli üçün də təhlükə yarana bilər. Həmçinin, müharibə riski arta bilər. Çünki Azərbaycan öz torpaqlarının istilası ilə həmişə oturub barışmayacaq. Bölgənin militaristləşdirilməsi, silahlandırılması mənə görə, bölgədə təhlükəli atmosfer yaradır”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı