
“Bu il əsas məqsədimiz yeni yaratdığımız “Azərbaycan Demokratiya və Rifah” Hərəkatının təşkilatlanma və şəbəkələşmə prosesini başa çatdırmaqdır. Təsis konfransına kimi Azərbaycanın ərazisinin ən azı üçdə birində təsis qruplarının yaradılmasını qarşımıza hədəf olaraq qoymuşuq”.
Bunu Modern.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu 2014-cü ildə yaratdığı “Azərbaycan Demokratiya və Rifah” Hərəkatının gələcək fəaliyyətindən danışarkən deyib. Onun sözlərinə görə, artıq bir neçə təsis qrupu fəaliyyət göstərir.
“ Bu o deməkdir ki, ilkin mərhələdə hədəflərimizə çatmışıq. Təşkilatlanma prosesinin 3 istiqaməti müəyyənləşdirilib. Birinci istiqamətimiz Azərbaycanın əksər ərazisində təşəbbüs qruplarının formalaşdırılmasını avqust ayına kimi yekunlaşdırmaqdan ibarətdir. İkinci istiqamətimiz şəbəkələşmədir. Bura həm gənclərin, həm də qadınların haqlarının qorunması, beynəlxalq və ictimai əlaqələrin inkişaf etdirilməsi, ictimai təşkilatlarla əməkdaşlığın qurulması məsələsi daxildir. Bu proses il boyu davam edəcək. Üçüncü istiqamət isə il ərzində təşkilatın özünün gələcəyə baxışını formalaşdırmaq üçün alternativ konsepsiyalar və proqramlar işləməkdir. Bu il üçün hesab edirik ki, ən azı 5 nəfər istiqamət üzrə təşkilat və konsepsiyalarla çıxış edəcək. Təxirəsalınmaz tədbirlər paketi olacaq. Təbii ki, səhiyyə və təhsil sahəsində inkişaf proqramı və Qarabağla da bağlı konsepsiyalarımız da var”.
Hərəkatın payızda keçiriləcək seçkilərdə iştirakına gəlincə, Qubad İbadoğlu deyib ki, hərəkat “İctimai birliklər haqqında” qanuna əsasən fəaliyyət göstərəcək: “Həmin qanuna müvafiq olaraq nə parlament, nə də prezident seçkilərində iştirak etmək hüququmuz var. İndiki halda hədəfimiz heç də seçkilərə qatılmaq deyil. Azərbaycanda parlament seçkiləri proporsional yox, majoritar sistemlə keçirilir. Təşkilatımızın tanınmış üzvləri ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürə bilərlər. Hərəkatın resurslarından istifadə etməmək şərtilə həmin namizədləri dəstəkləyəcəyik”.
“Bəs sizin parlament seçkilərində iştirakınız mümkündürmü” sualına Qubad İbadoğlu belə cavab verib: “Təbii ki, seçkilərə qatılmağım istisna olunmur. Ancaq bu istiqamətdə müzakirələri hələ başlamamışıq. Təşkilatlanma prosesinin ikinci və sonuncu prosesini başa çatdırandan sonra parlament seçkiləri ilə bağlı ümumi yığıncaq keçirib qərar verə bilərik. Yenə deyirəm, hələ ki yekun rəyimiz yoxdur”.
Qubad İbadoğlu Müsavat Partiyasına yenidən üzv olma ehtimalından da danışıb: “Biz Müsavat Partiyasından uzaqlaşmaq istəyən insanların qarşısını alırıq. Müsavatın indiki rəhbəri ilə razı olmasaq da, yenə partiyanın güclənməsində maraqlıyıq. Nizamnaməyə görə partiya üzvü 6 aydan sonra yenidən üzv olmaq üçün müraciət etmək hüququna malikdir. Vaxtı çatanda onu da dəyərləndirəcəyik. Yekunda deyiləsi sözü indi demək istəməzdim. Amma partiyada bizim hərəkat üzvlərinin nizamnamə pozuntusuna yol verdiyi halda cəzalandırılması məsələsini əsaslı olaraq bəyanat kimi səsləndirilməsi partiyanın indiki rəhbərliyinin idarəetmə prinsiplərində ayrıseçkilik etdiyini təsdiqləyən bir açıqlama oldu. Bu, həm də acizliyin göstəricisidir”.
Namidə BİNGÖL