Modern.az

AMAY-ın rəhbərinə mülki iddia irəli sürülüb – Vəkil

AMAY-ın rəhbərinə mülki iddia irəli sürülüb – Vəkil

Təhsil

26 Fevral 2015, 15:57


Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesə Əfqan Hacıyev, Fikrət Qəribov və Rasim Sadıqovun sədrliyi ilə baxılıb:

“Prosesdə vəkillər üç vəsatətlə çıxış etdi. Bəzi sübutların sübut siyahısından çıxarılması ilə bağlı vəsatət verdim, təmin olunmadı. Digər vəkil Osman Kazımov müvəkkilə ittihamın mahiyyətinin açıqlanması ilə bağlı vəsatət verdi. Biz də bu vəsatəti müdafiə etdik. Bu vəsatət təmin olundu. Abdulla Abdullayevin digər vəkil Murad Əliyev “Texnikabank”ın idarə heyətinin sədr müavini Samir Baxşalıyevin məhkəmədə ifadə verməsi ilə bağlı vəsatət qaldırdı. Çünki bütün kredit sənədlərində Samir Baxşalıyevin imzası var. Bu vəsatət baxılmamış saxlanıldı.

Prosesdə Abdulla Abdullayevə qarşı mülkü iddia da irəli sürülüb. İddianın araşdırılması növbəti məhkəməyə saxlanılıb. Növbəti proses martın 5-nə təyin olunub”. Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır.          

Yeganə OQTAYQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı