Modern.az

İntiqam Əliyevin məhkəməsində əlavə sübut təqdim edilib

İntiqam Əliyevin məhkəməsində əlavə sübut təqdim edilib

Təhsil

17 Mart 2015, 15:19


Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsi keçirilib. Modern.az saytına açıqlamasında vəkil Şəhla Hümbətova bildirib ki, hakim Fikrət Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev də iştirak edib:
“Ötən məhkəmədə zərərçəkən Aslan Orucova ifadəsində pulları bankdan çıxarıb bacısı Gülşən Orucovaya verdiyini bildirdi. Guya bacısı da pulları İntiqam Əliyevə verirmiş. Ondan soruşdum ki, bacınızın pulu İntiqam Əliyevə verdiyini görmüsüzmü? Uzun danışıqdan sonra dedi ki, bacısının İntiqam Əliyevə pul verdiyini görməyib. İş üzrə bir zərərçəkən qalıb və gələn məhkəmədə dindiriləcək.

Prokurorluqdan sənədlərin istənilməsi barədə vəsatət verdik. Bu, müdafiəmizi qorumaq üçün vacib olan sənədlərdir. Sorğu göndərməyimizə rəğmən Baş Prokurorluq sənədləri göndərməkdən imtina etmişdi. Məhkəmə bu vəsatəti təmin etdi.

Qeydiyyatdan keçməmiş qrantlarla bağlı məhkəməyə əlavə sübut təqdim etdik. Ədliyyə Nazirliyinin reyestr cədvəlində göstərilir ki, bu qrantlar qeydiyyatdan keçib. Bu vəsatətin müzakirəsi gələn prosesə qaldı”.

Şəhla Hümbətova sözlərinə görə, prosesdə İntiqam Əliyev bunları deyib: “Zərərçəkmişlərin dindirilməsi çox da vacib deyil. Çünki bu siyasi prosesdir. Mənim həbs olunmağımın səbəbi zərərçəkmişlərə maaş verilib-verilməməyi deyil. Həbsimin səbəbi hamıya məlumdur. Buna görə də prosesi uzatmaq, nəyisə araşdırmaq, dindirmə aparmağa ehtiyac duymuram. Prokurorluq ittihamı verib, siz də ona uyğun siyasi sifarişi yerinə yetirəcəksiniz”.

Növbəti proses martın 31-də davam edəcək.

İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı