Modern.az

Hökumətdən mühüm QƏRAR - Ət ucuzlaşır

Hökumətdən mühüm QƏRAR - Ət ucuzlaşır

İqtisadiyyat

22 İyun 2022, 11:00

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib. 

 

Modern.az xəbər verir ki, Qurban bayramı ərəfəsində belə bir dəyişiklik ətin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq və qurbanlıq heyvanın alışı hər bir vətəndaş üçün əlçatan olacaq. 

 

Dəyişikliklərdə aşağıdakı məsələlər nəzərdə tutulub:

 

- Baytarlıq pasportunun alınması tələb olunmayacaq;

- Hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq;

- “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda nəzərdə tutulan başqa dəyişikliklər isə xərclərin daha 5 manat azalda bilər;

- Dəyişikliklər heyvan ətinin maya dəyərini azaldacaq: 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşəcək. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq və s.

 

Qeyd edək ki, Baş Nazirin 21 iyun tarixli Qərarı ilə Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarına dəyişiklik edilib. Qərarda heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib. Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.

 

Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulub.

 

Dəyişiklik nəticəsində hər bir heyvana görə batarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.

 

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək.

 

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdu. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.

 

Məlumat üçün bildirək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.

 

Bundan əlavə, əldə etdiyimiz məlumata əsasən, Hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq.

 

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.

 

Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər. Xüsusilə, Qurban Bayramı ərəfəsində ətin qiymətinin hətta nisbətən ucuzlaşmasını müşahidə etmək mümkün olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir