Modern.az

F-16 qərarı: Ankara Vaşinqton-Moskva savaşından qalib çıxdı

F-16 qərarı: Ankara Vaşinqton-Moskva savaşından qalib çıxdı

29 Yanvar 2024, 17:52

Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsindən sonra Vaşinqton tərəfindən Ankaraya F-16 tədarükünə "yaşıl işıq" yandırıldı. Yeni F-16-larla yanaşı, hazırda Türkiyənin arsenalında bu qəbildən olan qırıcıların modernizasiyası üçün müvafiq komplektlərin verilməsi də nəzərdə tutulub ki, bu da olduqca önəmlidir. Ümumilikdə F-16-ların tədarükü NATO-nun əsas ölkələrindən biri və cənub qanadı hesab olunan Türkiyənin hava məkanının müdafiəsi baxımından indiyə kimi mövcud olan mühüm boşluğu dolduracağı üçün strateji əhəmiyyətə malikdir.

 

Doğrudur, F-16-lar Türkiyənin Rusiyadan S-400-lər aldığı üçün proqramından kənarlaşdırıldığı F-35-lər səviyyəsində deyil, lakin modernizasiyadan keçmiş F-16-lar F-35-lərdən çox da geri qalmır. Moskvanın NATO müttəfiqləri arasında nifaq salmaq niyyətinin Türkiyənin hətta pulunu verdiyi halda F-35 proqramından kənarda qalması üzərindən reallaşdığını düşünənlər olsa da, əslində tərəflərin adekvat reaksiyası böhranın dərinləşməsinə imkan vermədi.

 

Türkiyə S-400-ləri geri addım atmayaraq almış olsa da, onları NATO sistemində olan silahlara inteqrasiya etmədən anbarlarda saxlaması ABŞ tərəfindən qismən konstruktiv addım kimi qarşılandı və bununla F-16 məsələsində konsensus təmin olundu. Qeyd etmək lazımdır ki, istehsalçı ölkələrdən birinə çevrilməsi planlaşdırılan Türkiyənin F-35 proqramından çıxarılması Ankara üçün böyük itkidir.

 

 

Bununla belə, Türkiyə "milli muharip uçak - Kağan" layihəsinə start verib və bir neçə ildən sonra yerli istehsal olan bu hərbi sənaye məhsulu qardaş ölkənin ordu inventarına daxil olacaq, xaricdən asılılıq azaldılacaq. Bu müddətə qədər F-16-lar Türkiyə səmasını qorumaq işini görə bilər. 

 

F-16 qərarının geopolitik kontekstinə nəzər yetirdikdə aydın olur ki, Türkiyənin Rusiya ilə epizodik yaxınlaşmalarından uzağa gedən nəticələr çıxaranlar yanılır. Bəziləri hətta Ankaranın NATO-dan çıxacağını da "proqnozlaşdırırdılar". ABŞ-Türkiyə tərəfdaşlığı, o cümlədən Türkiyənin NATO-dakı müttəfiqliyi tarixi-siyasi, o cümlədən hərbi dəyişməzlərə söykənən münasibətlərdir.

 

Türkiyə Cümhuriyyəti qurulduğu gündən bəri Atatürkün qoyduğu "müasir mədəniyyətlər səviyyəsinə çatmaq" hədəfinə uyğun olaraq üzünü Qərbə tutub və inkişaf etməkdədir. Şübhəsiz ki, müstəqil və milli maraqlara söykənən xarici siyasət yürüdən rəsmi Ankaranın digər beynəlxalq aktorlarla da praqmatik müstəvidə davam edən əlaqələri mövcuddur. Bu aktorlardan biri kimi Rusiya da çıxış edir.

 

 

Rusiya ilə iqtisadi, o cümlədən bir sıra məsələlərdə siyasi əməkdaşlıq etməsi Ankaranın strateji vektorunu dəyişdiyi mənasına gəlmir. Göründüyü kimi, Türkiyə əsas geopolitik mahiyyətdə olan məsələlərdə Qərbdəki müttəfiqləri ilə sinxron hərəkət edir. Finlandiya və İsveçin NATO üzvlüyünün dəstəklənməsi, Ukraynaya yardım və s. buna misal ola bilər.

 

Üstəlik, qeyd etmək lazımdır ki, Osmanlı və Çar Rusiyası dövründən bəri daim müharibələr aparan tərəflərin bir çox məsələlərdə maraqları kəskin ziddiyyət içindədir. Cənubi Qafqaz, Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda Ankara və Moskvanın münasibətləri ən yaxşı halda rəqiblik adlandırıla bilər.

 

Tam zəifləmiş, Ukrayna müharibəsində bataqlığa saplanmış, sanksiyalar girdabında iqtisadi tənəzzül yaşayan Rusiyanın Türkiyəyə "verə biləcəyi yaxşı nəsə" yoxdur. Əksinə, hazırda Moskva Türkiyədən hansısa güzəştlər ummaqdadır. Bu baxımdan tarixi ənənəsi olan Türkiyənin NATO üzvlüyü əvəzinə Rusiyanı üstün tutması Ankaranın milli maraqlarına da uyğun gəlməzdi.

 

 

Təbii ki, zaman-zaman maraqlar üst-üstə düşməyəndə Türkiyə Qərbə də lazımi mesajları çatdıraraq imkanlarını maksimallaşdırmaq üçün manevrlər edir, lakin strateji seçim bəllidir. Türk-İslam dünyasına yönələn aktiv geopolitik kurs yürüdən Türkiyə nə Qərbin, nə Şimalın, nə də Şərqin ambisiyalarının realizasiyası vasitəsi kimi təqdim oluna bilməz və Ankaranın bütün addımları kimi F-16 əldə etmək istəyi və bunun gerçəkləşməsi, Skandinaviya ölkələrinin NATO üzvlüyünə yönələn şərtlər və müəyyən gecikmə də bu kontekstdə qiymətləndirilməlidir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var