Modern.az

Haqsızlığa səbrimiz qalmayıb - Ersin Tatar

Haqsızlığa səbrimiz qalmayıb - Ersin Tatar

Dünya

24 Aprel 2024, 13:20

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Nyu-Yorka səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, Tatar BMT-nin mənzil-qərargahında keçirilən görüşdən sonra mətbuata açıqlama verib.

 

O, Kipr məsələsi ilə bağlı suveren bərabərlik və bərabər beynəlxalq statusa dair Şimali Kipr tərəfinin mövqeyini BMT Baş katibinə izah etdiyini bildirib.

 

Tatar vurğulayıb ki, ədalətsiz təcrid və embarqolar aradan qaldırılmalıdır.

 

 

Kiprdə iki dövlət, iki xalq olduğuna diqqət çəkən Tatar 60 ildir davam edən danışıqların heç bir nəticə vermədiyini qeyd edib. O, Kipr Respublikasının dağılmasından sonra illərdir müzakirələrin davam etdiyini və Crans Montanada heç bir həll yolu tapıla bilmədiyi müəyyən edildikdən sonra federasiya həllinin tükəndiyini vurğulayıb.

 

O, Kipr türk xalqına tətbiq edilən birbaşa uçuş, birbaşa ticarət, idman, mədəni və digər embarqoların ədalətsiz olduğunu diqqətə çatdırıb. Tatar beynəlxalq ictimaiyyətin bu ədalətsizliyə son qoyması lazım olduğunu, Kipr türk xalqının səbrinin tükəndiyini bildirib.

 

Tatar Avropa İttifaqı və digər beynəlxalq ictimaiyyətin verdiyi vədlərə əməl edilməməsini tənqid edib.

 

“BMT və Aİ-nin Kiprdəki siyasətini yenidən nəzərdən keçirməsi lazımdır. Mən müsahibələrimdə bu məsələlərdən danışmışam. Dedim ki, bir tərəfə dövlət, digər tərəfə cəmiyyət kimi yanaşdıqca problem həll oluna bilməz. Mən gördüm ki, BMT-nin baş katibi Quterreş də Kipr türklərinə edilən haqsızlıqdan xəbərdardır", - o qeyd edib.

 

 

Ersin Tatar ilə telefon danışığı aparan Qlobal Jurnalistlər Şurasının (KGK) sədri Mehmet Ali Dim ondan ABŞ səfəri ilə bağlı məlumatlar alıb.

 

“Cənab Tatarın beynəlxalq arenada diplomatik səylərini heç kim görməzlikdən gələ bilməz. Bunlar çox qiymətlidir. Hər bir türk insanı bu səyləri dəstəkləməlidir. Biz Almaniyada oxşar araşdırma apardıq. Biz bundan sonra da bunu davam etdirəcəyik. Bizim məqsədimiz bütün dünya tərəfindən tanınan, tam müstəqil Kipr Türk Cümhuriyyətidir", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok