Modern.az

İki rayonu birləşdirən körpü bu imiş... 

İki rayonu birləşdirən körpü bu imiş... 

22 Fevral 2023, 15:44

Daxili İşlər Nazirliyinin (DİN) bu gün yaydığı məlumata görə, Göygöl rayonunun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpü oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.

 

İlkin dindirilmə zamanı saxlanılan şəxlər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

İki rayonu birləşdirən körpünün oğurlanması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. 

 

(Saxlanılan şəxslərin fotosu)

 

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Göygöl Rayon İcra Hakimiyyət ilə əlaqə saxlayıb, iki kənd arasında gediş-gəlişin necə təmin olunacağı ilə maraqlanıb. Məlum olub ki, oğurlanan körpü sosial şəbəkələrdə deyildiyi kimi, elə də böyük olmayıb.

 

İcra Hakimimiyyətindən bildirilib ki, oğurlanan körpü köhnə dəmir relslərdən hazırlanıb və iki metr uzunluğunda olub. Məlumata görə, körpü kiçik olsa da, kənd sakinləri oradan istifadə edərək, mal-qaraları otlaq sahəyə aparırmışlar.

 

Qeyd olunub ki, sözügedən körpü rayonlar arasında olan gediş-gəliş üçün nəzərdə tutulmayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır