Modern.az

Ermənistanın qaytardığı Ruslan hərbi xidmətinə davam edəcək? - AÇIQLAMA

Ermənistanın qaytardığı Ruslan hərbi xidmətinə davam edəcək? - AÇIQLAMA

Ölkə

7 Mart 2024, 12:47

Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfinə keçən hərbçimiz Ruslan Pənahov martın 5-də Azərbaycana təhvil verilib.

 

O, fevralın 28-də itkin düşmüşdü. Daha sonra Ermənistan hərbçiləri onu saxlayaraq həbs edib və haqqında cinayət işi açılıb. Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət təqibinə xitam verib.

 

Əslən Şəmkir rayonundan olan Ruslan Pənahov ötən ilin iyul ayında hərbi xidmətə yollanıb. Maraqlıdır o, yenidən müddətli həqiqi hərbi xidmətinə davam edəcək?

 

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 27-ci maddəsinə görə, düşmən tərəfinə könüllü keçmə hallarından başqa hərbçi əsirlikdə olarsa, həmin müddətə hərbi qulluqçular hərbi xidmət vəzifələrinin icrasında sayılırlar.

 

Modern.az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sözügedən situasiyadakı proseduru belə izah edib:

 

"Hərbçinin əsirlikdə olduğu günlər onun həqiqi hərbi xidmət gündəliyi sayılır. Həmin günlər o, xidmət etmiş sayılır. Onun yenidən hərbi xidmətə qaytarılması məsələsi isə müvafiq dövlət qurumları və qoşun növlərinin səlahiyyətindədir. Onlar qərar verdikdən sonra addım atılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok