Modern.az

Ermənistan yeni müharibə istəmirsə, kəndləri azad etməlidir!

Ermənistan yeni müharibə istəmirsə, kəndləri azad etməlidir!

Ölkə

12 Mart 2024, 16:06

Bir neçə gün əvvəl rəsmi Bakı bəyanat yayaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin dərhal azad edilməsini tələb edir. Söhbət Qazax rayonun işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

 

Qeyd edək ki, eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir. Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.

 

Bir neçə gün əvvəl “Hraparak” qəzetində dərc edilən məqalədə deyilir ki, baş nazir Nikol Paşinyan parlamentdə keçirdiyi qapalı toplantıda Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı müzakirə aparılıb.

 

Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Ermənistan bu kəndləri işğal etdikdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib. “Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, - “Hraparak” yazıb.

 

Hökumətyönlü mənbələrdən “Hraparak”a bildirlib ki, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq. Qəzet yazır ki, Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim ediləcək.

 

Bəs İrəvan 4 kəndi dərhal qaytarmasa, rəsmi Bakı silaha əl atacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komistəsinin üzvü Arzu Nağıyev bildirib ki, Ermənistan  qeyd-şərtsiz 4 kəndi Azərbaycana qaytarmalıdır:

 

“Danışıqlar prosesində əsasən 7-si Qazaxın, biri Naxçıvanın olmaqla 8 kəndin Azərbaycana geri qaytarılmasından söhbət gedirdi. Ermənilər buraları anklav adlandırır və 31 kəndin Azərbaycanın nəzarətində olmasını iddia edir. Lakin delimitasiya komissiyasının danışıqlarında anklav olmayan 4 kənddən  söhbət gedib. Bu kəndlər 90-cı illərin əvvələrində ermənilər tərəfindən işğal olunub. Bunlar hamısı qeyd-şərtsiz Azərbaycana geri qayarılmalıdır. Əgər Ermənsitan Azərbaycanla kommunikasiyaları açmaq istəyirsə, həmin kommunikasiya xətlərinin keçdiyi ərazilərin də məhz sözügedən kəndlər olduğunu anlamalıdır. Avtomobil və dəmiryolu əlaqələri baxımından bu ərazilərin daha yaxın olması  sözügedən kəndlərin azad edilməsinin vacibliyini göstərir”.

A.Nağıyev vurğulayıb ki, Ermənistan tərəfi yeni müharibənin alovlanmasını istəmirsə, kənd Azərbaycana  qaytarılmalıdır:

 

“Biz ciddi cəhdlə sülhün bərqərar olmasının tərəfdarıyıq. Ermənistan yeni müharibənin alovlanmasını istəmirsə, kəndləri Azərbaycana qaytarmalıdır. Qarşı tərəf absurd təkliflərindən əl çəkməlidir. Ermənistan müstəqil siyasət yürütmür. Qərbin və digər dövlətlərin marağındadır ki, nəyin hesabına olursa-olsun, stabillik pozulsun. Ermənilər də stabilliyin pozulmasını istəyirlərsə, bu addım onların istədiyi kimi olmayacaq. Son vaxtlar ABŞ-da Türkiyə xarici işlər nazirinin keçirdiyi görüş, eyni zamanda Böyük Britaniyanın verdiyi bəyanatları Ermənistan nəzərə alsın. Regionda nələrin baş verə biləcəyini anlasın. Odur ki, elə ən yaxşısı 4 kəndin sülhlə qaytarılmasıdır”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Elşad Mirbəşiroğlu söyləyib ki, Ermənistanın işğal altında saxladığı kəndlərimizi geri qaytarması üçün hər hansı əlavə müzakirəyə ehtiyac yoxdur:

 

“Ermənistan Azərbaycan kəndlərini xoşluqla təhvil verməlidir. Hesab edirəm ki, ayrıca razılaşmaya ehtiyac yoxdur. Çünki Paşinyan dəfələrlə 86,6 min kvadrat kilometr olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. Bu sərhəd daxilində də Ermənistan Azərbaycan torpaqlarındakı mövcudluğuna son qoymalıdır. Qazaxın 7, Naxçıvanın bir kəndi erməni işğalı altında qalmamalıdır”.

Deputat qeyd edib ki, Azərbaycan hər bir məsələni başlıca olaraq dinc vasitələrlə həll etməyə çalışır.

 

"Ermənsitan da sağlam məntiqə sığınmalı və bilməlidir ki, Azərbaycan öz haqlı mövqelərini müdafiə etmək gücündədir. Artıq iki dəfə Ermənistan şahidi oldu ki, Azərbaycanın çağırışlarına ciddi yanaşmaq lazımdır. 2020-ci ilə qədər bu ölkəyə çağırışlar edirdik. Eləcə də, beynəlxalq instansiyalara Ermənistana ərazilərimizi tərk etməsi üçün təzyiqlər göstərməsi barədə müraciətlər edirdik. Lakin nə Ermənistan, nə də beynəlxalq instansiyalar bizim müraciətimizə məhəl qoydu. Belə olan halda Azərbaycan sərgilədiyi mövqenin arxasında real gücünün olduğunu sübut etdi. Hərbi yolla torpaqlarını işğaldan azad etdi. 2020-ci ildən sonra biz yenə də, Ermənistana və Azərbaycan ərazilərindəki separatçılara çağırış etdi ki, silahlalılarını torpaqlarımızdan çəksinlər. Nə Ermənistan, nə də separatçılar Azərbaycanın bu çağırışlarına düzgün reaksiya göstərdilər. Nəhayət, 2023-cü ildə antiterror tədbirləri keçirildi və biz separatizmə son qoyduq. Biz,yenə də, Ermənsitana haqlı mövqelərimizi təmin etmək gücündə olduğumuzla bağlı çağırış edirik. Ermənsitan nəticə çıxarmayacağı təqdirdə əlavə tədbirlər görmək imkanlarına sahibik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu