Modern.az

Ermənistana başa düşdüyü dildə cavab vermək lazımdır - Komitə sədri

Ermənistana başa düşdüyü dildə cavab vermək lazımdır - Komitə sədri

22 Fevral 2023, 17:21

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ötən iki gün ərzində ordumuzun mövqeləri 15 dəfə atəşə tutulub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Tovuz, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. 

 

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

 

Azərbaycan və Ermənistan liderləri arasında Münhendə keçirilən görüşdən bir neçə gün sonra ermənilərin təxribata əl atması ortaya ciddi suallar çıxarır.

 

Maraqlıdır, İrəvan hərbi təxribatla nəyə nail olmaq istəyir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistanın başa düşəcəyi dil silah və güc dilidir.

 

Komitə sədri deyib ki, sülh müqaviləsinin imzalanmasının gecikməsinin arxasında nəyin durduğu artıq hamıya məlum olur: "Bir ildən artıqdır ki, Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflərini Ermənistana göndərib. Amma Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasını uzatmaqla məşğuldur, indi etdikləri də bunun nəticəsidir. Birdən-birə Azərbaycanın beş rayonu atəşə tutulub. Bu, ondan xəbər verir ki, Ermənistan heç bir halda sülh müqaviləsinin bağlanmasına razı deyil. Əslində Ermənistanı qızışdıran qüvvələr var. Avropa İttifaqının iki il müddətinə göndərdiyi missiya boş yerə Ermənistana gəlməyib. Biz əvvəldə də bildirmişdik ki, missiyanın gəlməsi sağlam məqsədə xidmət etmir. Çünki onların Ermənistana gəlməsi sağlam məqsəd daşısaydı, missiyanı Azərbaycan tərəfi ilə də razılaşdırardılar. Lakin Azərbaycan buna razılıq vermədi, indi də ermənilərə məsləhətlər verirlər".  

 

Z.Əsgərov hesab edir ki, Ermənistan tərəfi Azərbaycanın ərazilərini atəşə tutmaqla sülh prosesini gecikdirməyə çalışır:

 

"Bundan sonra da Azərbaycanın əraziləri atəşə tutularsa, onlar cavablarını alacaqlar. "Dəmir yumruq" hələ də qüvvədədir, əgər biz sülh müqaviləsi istəyiriksə, hər şeyə hazır olmalıyıq. Azərbaycan hər şeyə hazırdır. Yəni Ermənistan sülh, diplomatiya dilində danışmağı bacarmırsa, deməli ona başa düşdüyü dildə cavab vermək lazımdır. Bu da silah və güc dilidir”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər