Modern.az

Rusiya erməni təxribatlarına niyə SUSUR...

Rusiya erməni təxribatlarına niyə SUSUR...

Qarabağ

6 Mart 2023, 11:40

Ötən gün Qarabağda erməni separatçılarının növbəti təxribatı qeydə alınıb. Belə ki, dünən Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub. 


Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.


Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatında dünən Qarabağda baş verən hadisələr barədə heç bir məlumat yer almayıb. Səbəb nədir? Rusiya tərəfi Azərbaycana qarşı törədilmiş təxribatı niyə görməzdən gəlir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Rusiya tarixin heç bir dövründə bölgədə sülhün olmasını istəməyib.


"Onlar bilirlər ki, bölgədə sülh olsa, Rusiya sülhməramlılarına ehtiyac olmayacaq. Təbii ki, Rusiya da bunun olmasını istəmir və bir növ bölgəyə nəzarət etmək fikrindədir. Rusiya hər zaman Azərbaycanla Ermənistan arasında gərginliyin olmasına çalışıb. Təbii ki, Rusiya bizim qonşumuzdur, ancaq qeyd olunan məqamlar reallıqdır", - deyə deputat söyləyib.

 

Elman Məmmədovun fikrincə, rus sülhməramlıları təxribatla bağlı hesabat verməməklə öz günahlarını gizlədir:

 

"Ekoaktivistlərimizin Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsindən sonra həmin yolla separatçılara silah daşınmasının qarşısı alınıb. Bunu görən separatçılar alternativ yollarla Ermənistandan silah daşımaq istəyib. Mən həmin ərazini çox yaxşı tanıyıram. Onların gəldiyi alternativ yola da Rusiya sülhməramlıları nəzarət edir. Sülhməramlıların razılığı olmadan heç bir yük maşını oradan rahat keçə bilməz. Sülhməramlıların öz hesabatlarında separatçıların törətdiyi insident haqqında məlumat qeyd etməməsi isə birbaşa olaraq öz günahlarını ört-basdır etməkdən ibarətdir. 10 noyabr sazişində qeyd olunur ki, Rusiya sülhməramlıları Qarabağda olan silahlı dəstələri çıxarmalıdır. Onlar bu müddəanı yerinə yetirmək əvəzinə separatçılarla əməkdaşlıq edir. Buradan iki qənaətə gəlmək olar. Sülhməramlılar öz vəzifələrini yerinə yetirə bilmir, ya da separatçılara bilərəkdən şərait yaradır".

 


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, Rusiya Qarabağda yerləşdirdiyi sülhməramlılardan öz məqsədi üçün istifadə edir.


"Rusiya siyasətinin əsas məqsədi iki ölkə arasında münaqişənin davam etməsindən ibarətdir. Onlar bu və ya digər vasitələrlə hər iki ölkəyə təsir etmək niyyətindədir. Rusiya sülhməramlıları da bu siyasətin alətidir. Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratsa, onların orada imkanları kəskin şəkildə azalacaq. Yəni onlar istədiklərini edə bilməyəcəklər. Hesabat texniki sənəddir və siyasi ağırlığı yoxdur. Onların bu cür hesabat verməyi də normaldır. Yəni biz məgər Rusiya sülhməramlılarından ədalətli mövqe gözləyirik? Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisələrlə bağlı hansı hesabatı verirsə, mənim üçün bu yetərlidir. Yəni Ermənistanın və Qarabağda yerləşən rus sülhməramlılarının yaydığı informasiyanın heç bir əhəmiyyəti yoxdur", - deyə keçmiş nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı