Modern.az

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

Актуально

30 Sentyabr 2016, 13:40

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını milli bayramları münasibətilə təbrik edib.

 

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Sizi yəhudi xalqının qədim milli bayramlarından olan Roş-Ha-Şana – Yeni il münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

 

Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxlamışlar.

 

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən, ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun üçün ölkəmizdə həqiqi demokratik və siyasi-hüquqi şərait yaradılmışdır.

 

Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirir.

 

Hər il təntənə ilə keçirilən Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.

 

Bayramınız mübarək olsun!"

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı