Modern.az

“Kaspi” qəzetinin 130 illiyi qeyd edilib

“Kaspi” qəzetinin 130 illiyi qeyd edilib

Aktual

27 Dekabr 2011, 17:09

Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə “Kaspi” qəzetinin 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Modern.az saytı xəbər verir ki, “Kaspi” qəzetinin uzun fasilədən sonra 1999-cu ildə təkrar çap olunduğunu xatırladan Mətbuat şurasının sədri Əflatun Amaşov bunu mühüm hadisə kimi qiymətləndirib.

““Kaspi” qəzeti ictimai fikrə təsir göstərən qəzetdir. Özünün sələfi olan “Kaspi”yə onu bağlayan xüsusiyyətlərdən biri də Azərbaycan mədəniyyət nümunələrinə xüsusi yer ayırmasıdır. Mətbuat Şurasına qəzetlərlə bağlı ildə təxminən 1000 müraciət daxil olur. Məmnuniyyətlə deməliyəm ki, bu qəzetlə bağlı hələ bir şikayət də daxil olmayıb”.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, qəzetin 130 illiyi münasibətilə elan edilən və beş ay ərzində yazı qəbul edilən müsabiqə bəzi məqamları üzə çıxarıb. Belə ki, müsabiqəyə təqdim olunan yazılardan bəziləri bu qəzetin tarixinin qaranlıq səhifələrinə işıq salıb.

““Əkinçi” öz fəaliyyətini dayandırdıqdan sonra Həsən bəy Zərdabi öz ideyalarını məhz “Kaspi” qəzetində həyata keçirməyə başlayıb və gənc istedadları oraya toplayıb. “Kaspi” qəzetinin fəaliyyətinin böyük bir mərhələsi Əhməd Ağaoğlunun yaradıcılığı ilə dərin məzmun qazanıb. “Kaspi” qəzeti rus dilində çıxmasına baxmayaraq, milli bir qəzet olaraq xalqın milli təfəkkürünün oyanmasında, milli azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin formalaşmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunu oynayıb”.

Tədbirdə BDU-nun kafedra müdiri Cahangir Məmmədli, “Kaspi” qəzetinin ilk tədqiqatçısı Səmayə Mövlayeva, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları çıxış edərək “Kaspi” qəzetinin tarixindən danışıb və bu qəzetin indiki kollektivinə uğurlar arzulayıblar.

Sonda “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli qəzetin 130 illik yubileyi ilə əlaqədar elan edilən yazı müsabiqəsində qalib gəlmiş şəxslərin adlarını açıqlayıb.

Qeyd edək ki, tədbirdə “Kaspi” qəzetinin 130 illiyi münasibətilə çap edilmiş “Üç əsrin qəzeti” kitabının da təqdimat mərasimi olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı