Sosial ipotekanın verilməsində dəyişikliklərin olacağı deyilsə də hələ ki, ipoteka şərtlərinə ediləcək yeniliklər barədə heç bir xəbər yoxdur.
İpoteka Fondundan Modern.az-a verilən məlumata görə, ipoteka şərtləri olduğu kimi qalıb. Qeyd edək ki, Azərbaycanda sosial ipoteka ilə bağlı qanun layihəsinin parlamentin 2013-cü ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Qanun layihəsində sosial ipotekaya təklif olunan dəyişikliklər öz əksini tapacaq. Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur. Həmçinin sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də, sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4 faizdən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür. Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olacaq.