Bildiyiniz kimi, "Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Moskvada “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Tez-tez bu sualla qarşılaşırıq. Bu Bəyannamə bizə nə verəcək?!.
Təbii ki, bu sualın cavabı var. Biz Vətən müharibəsindən qələbə ilə ayrıldıq və Ermənistanın işğalçılıq siyasətinə son qoyduq. Ordumuz cənab Ali Baş Komandanın rəhbərliyi ilə öz üzərinə düşən işi layiqincə yerinə yetirdi. Bu məsələnin birinci mərhələsi idi. Növbəti mərhələdə isə diplomatik həmlə çox önəmli idi. Diplomatik fəallığımızı artırmağı qarşımıza hədəf olaraq qoymuşduq. Təbii ki, bu mərhələdə birdən-birə yox, addım-addım irəliləyirik.
Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın xarici siyasət sahəsində ardıcıl fəaliyyətinin növbəti uğuru və cənab Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Azərbaycan xarici siyasətdə milli maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərə həmişə üstünlük verir və bu münasibətlərin beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şərtlər çərçivəsində qurulmasına tərəfdardır.
44 günlük Vətən müharibəsi də göstərdi ki, qələbə üçün diplomatik cəbhə də döyüş meydanı qədər əhəmiyyətlidir və düzgün qurulmuş strategiya hər şeyi həll edir.
Rusiya Azərbaycanın yaxın qonşusu və müxtəlif sahələrdə uzun illər əməkdaşlıq etdiyimiz güclü dövlətdir.
Rusiya ilə münasibətlərimiz uzun illərdir ki, artan xətlə inkişaf edir və dövlətlərimiz arasında 245 müxtəlif xarakterli sənədlər imzalanmışdır, ölkələrimiz bir çox müxtəlif platformalı beynəlxalq qurumlarda birgə təmsil olunur, əməkdaşlıq edirlər.
Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır və işləyir. Heç şübhəsiz ki, Rusiya ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması bu ölkədə yaşayan azərbaycanlıların siyasi, hüquqi, iqtisadi və sosial statusuna öz müsbət təsirini göstərəcəkdir.
43 bənddən ibarət olan Bəyannamə Azərbaycan və Rusiya münasibətlərinin inkişafında yeni mərhələ açır. Bu Bəyannamə regionun gələcəyi, eləcə də Vətən müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi post-münaqişə gündəliyinin icra edilməsi baxımından olduqca xüsusi əhəmiyyətə malikdir.
Müttəfiqlik sənədində 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il razılaşmalarının bütün bəndlərinin icrasının vacibliyi öz əksini tapır. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası da daxil olmaqla yekun sülh sazişinin imzalanması məsələsində Bakı və Moskva “saatlarını eyniləşdirir”.
Bu Bəyannamə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “Rusiya müttəfiqliyi” kartının da əlindən çıxması deməkdir. Belə demək mümkünsə, Rusiya Azərbaycan və Ermənistana münasibətdə neytral mövqeyini rəsmiləşdirdi. Bəyannamənin 10-cu bəndində də qeyd olunur ki, “tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün əldə edilməsi üçün sıx əməkdaşlıq edəcəklər.
Beləliklə, Azərbaycan-Ermənistan münasibətlərində yekun sülh sazişinin imzalanması prosesinə Rusiya da aktiv şəkildə qoşulur.
Məşhur Məmmədov
Milli Məclisin deputatı