Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ukraynanın Nikolayev şəhər sakininin iddiasına xüsusi qaydada baxıb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, qadın iddia ərizəsində həyat yoldaşı Yaroslav Oliniçenkonun Rusiya ordusu tərəfindən əsir götürüldüyünü bildirib.
İddiaçı öz ərizəsinə yerli sakinlərin və əsirlikdən azad edilən şəxslərin ifadələrini də əlavə edib. O, məhkəmədən xahiş edib ki, Rusiyadan ərinin yerinin bəyan edilməsi və mühafizə altına alınması tələb olunsun.
Məhkəmə işlə bağlı qərarında Rusiya hökumətindən Yaroslav Oliniçenkonun Konvensiyadan irəli gələn hüquqlarına hörmət etməyi və ona zəruri hallarda tibbi yardım göstərməyi tələb edib.
Dumanın ötən ay verdiyi qərara əsasən, Rusiya AİHM-in 15 martdan sonra çıxardığı qərarları icra etməyəcək. Həmin tarixdə Rusiya Avropa Şurasından çıxıb. İyun ayına olan statistikaya görə, AİHM-də baxılmalı olan 70 mindən çox işin 24%-i Rusiyaya aiddir.