Modern.az

Cənab nazir, hansı yaxşıdır? Siqaret-saqqız, yoxsa teatr bileti?

Cənab nazir, hansı yaxşıdır? Siqaret-saqqız, yoxsa teatr bileti?

Aktual

15 Sentyabr 2013, 22:15

/file/articles/2013/09/15/89799.jpg1994-cü il idi. Amerikanın məşhur siqaret şirkəti artıq Azərbaycana ayaq açmışdı. Hər il səhv etmirəmsə, siqaretinin reklamına 1 milyon dollar pul xərcləyirdi. Reklam lövhələri, videoçarxlar öz yerində... Şəhəri başına almış köşk sahiblərinə yaxınlaşır, onlarla müqavilə bağlayırdılar ki, “bəs buranı təmir edəcəyik, üstünü hər siqaretin üslubuna uyğun rəngləyəcəyik, emblemlərimizi həkk edəcəyik, gündən qorunmaq üçün çətir verəcəyik. Hamısını da havayı. Bircə razılıq verin”.
Köşk, dükan sahibləri də razılıq verirdilər. Sevinirdilər də. Axı, havayı idi.

Bu yandan obyektlər abadlaşırdı, o yandan isə siqaretin reklamına görə malların satışı xod gedirdi. Bəs nəticəsi? Bu günə qədər eşitməmişəm ki, kimsə siqaret çəkməyi məsləhət görsün, hətta gündə 3-4 qutu çəkənlər belə. Bəs onda həm də ata, ana, ailə başçısı olan ticarət və ictimai-iaşə obyektlərinin sahibləri görəsən buna niyə razılıq verirdilər?

Orta məktəbdə oxuyurduq. Hamımız DOSAAF-a üzv idik Ayda da bir dəfə hərəmiz 5 qəpiklik marka alıb kitabçamıza yapışdırırdıq. Düz, müfəssəl adını da bilmirdik təşkilatın. Sonralar başa düşdüm ki, azərbaycanca OADKYC imiş. Yəni ki, “Orduya, Aviasiya, Donanmaya Könüllü Yardım Cəmiyyəti”. Bəs görəsən dünyanın ən qüdrətli ordularından sayılan Sovetin öz ordusunu saxlamağa pulu yox idimi ki, məktəb uşaqlarından ayda 5 qəpik yığırdı? Var idi. Amma bizi uşaqlıqdan ölkənin ictimai həyatına cəlb edirdilər.

2-ci sinifdə oxuyanda “Vətən” kinoteatrında nümayiş olunan kinolara biletlər satılmağa başlandı. Əlbəttə ki, vətənpərvərlik ruhunda çəkilən, sırf uşaqlar üçün nəzərdə tutulan filmlərə. Əvvəldə 5-10 dəqiqəlik jurnal da nümayiş olunurdu. Sonralar bir məsəli tez-tez eşidirdim: “Bu jurnaldır, kino hələ qabaqdadır”. Mən və mənim yaşıdlarım kinoteatra getdiyimiz üçün bu misalı başa düşürdük. Görəsən indikilər başa düşürmü?

Bir az böyüdükcə, ağlımız kəsdikcə TYUZ gündəmə gəldi. Nədənsə kino-teatrların abbreviaturasını rusca daha yaxşı bilirdik. Bəlkə də sovet dövrünün yazılmamış qanunları idi bunlar? TYUZ - Teatr Yunıx Zriteley. Azərbaycanca desək Maksim Qorki adına Gənc Tamaşaçılar Teatrı. Burda Süleyman Sani Axundovun “Qaraca qız”, Yusif Əzimzadənin “Anacan” tamaşalarına dəfələrlə baxmışam. Niyə dəfələrlə? Çünki anam ədəbiyyat müəllimi olduğu üçün öz şagirdlərini hər həftə teatra aparırdı. Mən də onlarla birlikdə. Demək olar ki, bağça yaşından artıq böyük siniflərin proqramını əzbər bilirdim. Anam ədəbiyyat dərsində verdiyi nəzəri biliklərib teatr və kinoda əyani şəkildə nümayişini çatdırırdı. Əlbəttə ki, aktyorlarımızın ifasında. Üstəgəl hamıya proqram aldırırdı. Proqramda rejissor, rəssam, bəstəkar, aktyorların adlarını da əzbərlətdirirdi. Şagirdləri anamdan soruşanda ki,  Tariyel Qasımov hansıdır? Göstərirdi. Bəs Xuraman Hacıyeva hansıdır? Budur. Yaxud da ki, əksinə... Şagirdlər uşaq barmaqlarını artistə tərəf uzadıb proqramda onların adlarını tapmaqda anamdan kömək istəyirdilər. Çünki proqramda hər rolun iki ifaçısı olurdu, yəni ki, dublyoru. Gələn dəfə isə bu sualları anam onlara verirdi, sanki imtahana çəkirdi.

Şagirdlər gözəl bilirdilər ki, parter nədir, loja nə. Yarus nədir, ikinci yarus nə? Səhnə, dekorasiya da öz yerində. Bilmirdilər e, ədəbiyyat nəzəriyyəsində oxuduqlarını burda gözləriylə görürdülər. Bir sözlə, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeçiliyində olan teatr, kino məbədləri Azərbaycan SSR Maarif Nazirliyinin tabeçiliyində olan məktəblərdə verilən  təhsili tamamlayırdı. Bir növ müntəxəbat funksiyası oynayırdı.

Şagirdlər ilk mədəniyyət dərslərini girişdə -  Qarderobda alırdılar. Növbəyə dayanaraq paltosunu, plaşını, hətta gödəkçəsini də təhvil vermək. Çünki teatr mədəniyyət ocağıdır, ora üst geyimdə daxil olmaq mədəniyyətsizlikdir. Ən gözəl paltarını teatra geyinmək. 3-cü zəngdən sonra artıq zalda bərqərar olmaq.

Yuxarı siniflərdə artıq kinoteatrlar da dəyişilirdi. Yaşımıza uyğun kinolara baxmaq üçün məktəblərdə bizə “Azərbaycan” və “Araz” kinoteatrlarına bilet satırdılar. Məşədi Əzizbəyov adına Akademik Milli Dram Teatrına gedirdik. 8-ci sinifdə komsomola üzv olmuşduq. 2 qəpik aylıq üzvlük haqqı yığılırdı. Laosa, Vyetnama, Komboca xalqının imperializmdən əziyyət çəkən uşaqlarına yardım göstərirdik.

Eyni hal universitetin Filologiya fakültəsində də davam etdirildi. Stipendiyadan 2 manat 50 qəpik “postoyannı”ya çıxırdılar. “Postoyannı” sərnişin nəqliyyatında – avtobus, troleybus, tramvayda havayı gediş demək idi. Arxa qapıdan düşüb qaçmaq, özünü alçaldıb “zayçik” (dovşan) ləqəbini  qazanmağa ehtiyac qalmırdı. Stipendiyamızdan teatra alacağımız biletlərin də pulları çıxılırdı. Teatr, kino həm də kollektivçiliyin əsasını qoyurdu.

Beləcə mən və mənim yaşıdlarım oxuduğumuz illərdə “Araz”, “Azərbaycan”, “Vətən” kinoteatrlarında, Gənc Tamaşaçılar, Akademik Dövlət Dram teatrlarında, Sirkdə, Zooparkda və Lenin muzeyində dəfələrlə olmuşduq. Biz uşaqların hesabına valideynlərimiz də məcbur olub bir vaxt orta məktəblərdə keçmədikləri  bu mədəniyyət dərslərinin iştirakçısına çevrilirdilər. Ən azı bizdən geri qalmamaq üçün.

Hörmətli təhsil nazirimiz Mikayıl Cabbarov! Amma mən və mənim yaşıdlarım Musiqili Komediya teatrında, Kukla teatrında, Rus dram teatrında, Azərbaycan tarixi muzeyində, Ədəbiyyat muzeyində, İçərişəhər qoruğunda, Qobustanda,  İncəsənət muzeyində, Filarmoniyada, Lenin adına sarayda bir dəfə də olmadıq. Çünki o mədəniyyət ocaqları məktəblərə bilet satmırdı. Bəlkə də ovaxtkı ideologiya buna yol vermirdi.

İndi isə Siz azad bir dövlətin nazirisiniz. Hətta dünyanın ən super dövləti də əlaqəsiz, mübadiləsiz, təkbaşına yaşaya, həyat sürə bilməz. Elə götürək Sizin nazirliyinizi. Mədəniyyət orta məktəbdə formalaşmalıdır. Valideynlərin isə bununla məşğul olmağa vaxtı yoxdur. Mədəniyyət ocaqları isə Mədəniyyət Nazirliyinin tabeçiliyindədir.

Qayıdım yazımın əvvəlinə. Siqaret reklamını quraşdıranlardan birinə yanaşdım. Dedim ki, “bax mənim 26 yaşım var. Ömründə siqaret çəkməmişəm, çəkməyəcəyəm də. Zərərli vərdiş olduğunu bilirəm. Onda Siz niyə bu qədər xərc töküb reklamları küçələrə yapışdırırsınız?”. Cavabı tutarlı idi: “Bu reklam səninçün deyil. Bu reklam hər gün bu dükanın qabağından, bağçaya, məktəbə gedən balacalar üçündür. İndidən gözləri atın belində şahanə oturub “Marlboro” siqaretini çəkən kovboya vərdiş eləsin ki, böyüyəndə özünü ona oxşatsın. Həm də bizim siqaret satılsın”.

İndi, Mikayıl müəllim, savadlı, dünyagörüşlü, xaricdə təhsil alan, müəyyən həyat məktəbi keçən, prezident etimadına layiq görülən və hər gün hər bir evin qonağı olan adamsınız. Hansı yaxşıdır? Valideynlərin  siqaretə, saqqıza, ujastiklərə, kimyəvi mənşəli soklara, cürbəcür nakleykalara, oyunlara, telefonlara pul xərcləməsi, yoxsa teatrların, kinoteatrların, muzeylərimizin, zooparkın, sirkin, Muğam Mərkəzinin, filarmoniyanın, İçərişəhər, Qobustan qoruğunun, lap Meqafan kimi əyləncə mərkəzlərinin də məktəblərdə şagird və tələbələrə aşağı qiymətə bilet satması?

Bilirəm... başa düşürəm... artıq söz-söhbətlər yaranacaq. Necə ki, süpürgəpulu, təmirpulu, 8 Mart pulu, attestatpulu və digər pulu... pulu... pulları yığılan vaxtlarda yaranırdı. Amma bu söz-söhbət  mədəniyyətimizin inkişafı və uşaqlarımızın  mədəni dünyagörüşünün genişləndirilməsi  naminə yaranırsa,  qoy yaransın. Necə deyərlər “İt hürər, karvan keçər”.

Nazir kimi ilk təhsil iliniz mübarək! 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı