Modern.az

"Molla Nəsrəddin"in attestatlı mollası müəllimliyə necə başlayıb...

"Molla Nəsrəddin"in attestatlı mollası müəllimliyə necə başlayıb...

Страна

4 Noyabr 2011, 10:48

Görkəmli Molla Nəsrəddinçi, Azərbaycanın ictimai-siyasi  və ədəbi həyatında  özünəməxsus yeri olan Ömər Faiq Nemanzadə xatirələrində yazdığına görə, əmək fəaliyyətinə Qalata poçtxanasında başlayıb, bir müddətdən sonra məktəb açıb müəllimlik etmək fikrinə düşüb.  Xatirələri inandırıcı mənbə kimi qəbul etsək, Ö.F.Nemanzadənin müəllimlik fəaliyyətini 1894-cü ilin payızından hesablamaq lazım gəlir . 
Əslində isə Ö.F.Nemanzadənın  müəllimlik fəaliyyəti 1895-ci ilin payızından başlayir.  Azərbaycan Respublikası Dövlət Tarix Arxivində  bu əhəmiyyətli  faktı sübut edən, tədqiqatçıların diqqətindən yayınan,  pedaqoji tariximizin qaranlıq sahələrini işıqlandıran onlarla   qiymətli sənəd var.

Sənədlərdən məlum olur ki, Ömər Faiq Ağa Nemanzadə - Ağazadə 1895-ci il sentyabrın 4-də  məscid mollası və  müəllimlik rütbəsi almaq üçün Tiflis- Kutaisi Quberniyası Əhli - Təsənni  Məclisinə müraciət edib. Məsələ burasındadır ki, o vaxtlar  məktəblərdə müəllimlik etmək istəyənlər öz  dini təriqətinə görə mütləq  nüfuzlu dövlət komissiyasının üzvləri qarşısında imtahan verməli, dövlət əhəmiyyəti kəsb edən vəzifədə işləməyə qadir və layiq  olduqlarını  sübut etməli idilər..   
Zaqafqaziya Əhli-Təsənni İdarəsinə 1895-ci il sentyabrın 12-də göndərilən raportdan məlum olur ki, Ö.F.Nemanzadə  sentyabrın 9-da imtahanlara buraxılıb.

Arxiv materialları içərisindəki imtahan protokolu Ömər Faiq Ağanın maraq dairəsini və     dünyagörüşünü  öyrənmək baxəmından çox  maraqlıdır. Protokoldan görünür ki, Ömər Faiq "arzu etdiyi mollalığın" sirlərimə  o qədər də arif deyilmiş. Belə ki, o, müəllimliyə aid fənlərdən və mövzulardan - "müəllimlik, yəni türk və fars  dillərini  bilmək və bu dilləri şagirdlərə təlim etmək və bəyan etməyə qadir olmaq, prixoda dair hesab və kitabı türk dilində tutmaq və yazmaq kimi" imtahanlardan əla qiymət alsa da, dini biliklərdən "yaxşı" qiymətə layiq görülüb.
   
Ömər Faiq təkcə bir fəndən - nikah və talaq (boşama-N.N.), süd və qohumluğunun dərəcəsini müəyyənləşdirməkdən "kafi" qiymət alıb.

Görkəmli din xadimlərlərinin, eləcə də Tiflis quberniya deputatı və  müəllimlik səriştəsi olan bir neçə ziyalının da daxil olduğu 9 nəfərlik imtahan komissiyası üzvlərinin imzaladığı sənədlər təsdiqdən ötrü Zaqafqaziya Əhli Təsənni İdarəsinin sədri və müftisi Hüseyn Əfəndi Qayıbov
həzrətlərinə göndərilib. Zaqafqaziya Ruhani İdarəsinin 1895-ci il sentyabrın 30-da çıxardığı qərarla Ö.F.Nemanzadəyə məscid mollası və müəllimlik hüququ olan attestat verilib.
 
Ö.F.Nemanzadə özünün yazdırğı kimi, 1894-cü ildə yox, məhz bu attestata əsasən, 1895-ci ilin payızından başlayaraq, Şəkidə  və Şamaxıda bir neçə il müəllimlik etmiş, "mollaliğa” isə ilk  nömrəsı 1906-cı il aprelin 7-də nəşrə başlayan "Molla Nəsrəddin"  jurnalında  qədəm qoymuşdur.
"Molla Nəsrəddin " jurnalının ikinci mollası isə 1908-ci il may ayının əvvəllərində "prixod mollası" və  müəllimlik attestası alan M.Ə.Sabirdir.

Nazim Nəsrəddinov
Təhsil Nazirlıyinin Elmi-Metodiki Şurasının  bölmə   üzvü,
əməkdar müəllim

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı