O, mərhumun iri portretinin altında qoyulmuş masada tək əyləşmişdi. Qonaqlara qulluq edən ofisiantlar saçı-saqqalı çoxdan ağarmış bu qocanın çayını ən azı üç dəfə dəyişsələr də, o, hələ stəkana əl vurmamışdı. Hüzr mərasiminə gələn adamlar onun söhbətinə qulaq asmasalar da, molla dil-boğaza qoymurdu. Qulağı ağır eşitdiyi üçün məclis əhlinin onu dinləmədiyindən xəbərsiz idi. Mən, lap başda, mollanın cəmi iki addımlığında əyləşmişdim. Yanımda oturan adamların heç birini tanımadığım üçün istər-istəməz onun söhbətlərinə qulaq asmalı oldum. Nəticədə dünən bir daha əmin oldum ki, mollalar da jurnalistlər kimi gündəmi tutmağı bacarırlar. Bunu onun özü də təsdiq etdi. Dedi ki, Məhərrəm ayı olduğu üçün bu gün ancaq Kərbəla müsibətindən danışacaq. Kərbəla müsibəti xəlifə Yezidin dövründə baş versə də, o, söhbətə Həzrəti Əli haqqında danışmaqla körpü saldı. Amma nə qədər çalışsa da, Həzrəti Əlinin neçə il islam dövlətinə başçılıq etdiyini yadına sala bilmədi. Söz ehtiyatı az olduğu üçün cümlə qurmağa çətinlik çəkirdi. Amma mən ona diqqətlə qulaq asdığım üçün nə demək istədiyini başa düşə bilirdim. Dedi ki, Həzrəti Əli pəhləvan olub. Onun qılıncının uzunluğu 220 metr, ağırlığı isə bir ton idi. Sən demə, Həzrəti Əli hər dəfə qılıncı qaldırıb, düşmən üstünə şığıyanda, ən azı 500 nəfərin başını kəsirmiş...
Həzrəti Əli ən çox sevdiyim tarixi şəxsiyyətlərdən biridir. Savadsız bir mollanın Həzrəti Əli kimi böyük şəxsiyyəti bu cür ucuz üsullarla təbliğ etməsi məni təbdən çıxarsa da, səbrimi basıb, onun söhbətinin davamına qulaq asmağa qərar verdim. Elə bildim ki, bir az da Həzrəti Əlinin dərin biliyindən, elm adamları üçün bu gün də dəyərli mənbə sayılan yazdığı kitabdan danışacaq. Özünü müsəlman sayan hər bir Allah bəndəsi Məhəmməd peyğəmbərin dediyi bu sözləri mütləq bilməlidir: "Mən elmin şəhəri, Əli isə həmin şəhərin qapısıdır". Həzrəti Əli böyük elm sahibi, cəsur döyüşçü olmaqla yanaşı, həm də xeyirxah bir dövlət başçısı idi. Rəvayətə görə, Həzrəti Əli xəlifə olduğu dövrdə hər gecə şəhərdəki kasıb müsəlmanların qapısının önünə ərzaqla dolu səbət qoyarmış.
Amma heç kimi bu xeyirxah insanın kim olduğunu bilmirmiş. Həzrəti Əli yaralandığı gecə Mədinədə yüzə yaxın ailə ac yatdı. Yalnız bundan sonra insanlar hər gecə onlara yemək gətirən adamın Həzrəti Əli olduğunu başa düşdülər. Mən, Həzrəti Əliylə bağlı çoxlu sayda bu cür maraqlı əhvalatlar eşitmişəm. Amma bizim mollamızın, deyəsən, bu məsələlərdən xəbəri yox idi. Çünki mən qeyri-ixtiyari olaraq, yuxarıdakı əhvalatı xatırlayanda, o, hələ də Hollivud filmlərini xatırladan döyüş səhnələrini təsvir etməklə məşğul idi... Həzrəti Əlidən danışıb yorulandan sonra Kərbəla müsibətindən bəhs etdi. Dedi ki, Yezidin göstərişi ilə İmam Hüseyn Kərbəlada qətlə yetiriləndən sonra onun başını bədənindən ayırırlar. Xəlifənin döyüşçüləri İmam Hüseynin bədənini öz atlarının ayaqları altında parça-parça edirlər. Sonra isə İmam Hüseynin başını süngüyə keçirib, üç gün Mədinədə gəzdirirlər. Bu üç gün ərzində İmam Hüseynin bədənindən ayrılmış başı Quran oxuyur. Bu barədə xəlifə Yezidə xəbər verəndə, o, İmam Hüseynin başını onun hüzuruna gətirməyi əmr edir. Molla onu da dedi ki, İmam Hüseynin bədənindən ayrılmış başı Yezidi görəndə, daha yüksək səslə Quran oxumağa başlayır. Bu mənzərədən qəzəblənən Yezid əlindəki çubuqla İmam Hüseynin dodağının üstündən vurmağa başlayır. Amma nə qədər çalışsa da, İmam Hüseynin bədənindən ayrılmış başını susdura bilmir. Nəhayət, hüzr sahibi mollaya yaxınlaşıb, Quran oxumasını xahiş etdi. Əsl mərəkə də bundan sonra başladı. Paltosunun cibindən çıxardığı Quran kitabını qabağına qoyub, yüksək səslə oxumağa başladı. Mən, onun bircə sözü belə düzgün tələffüz etmədiyinə tam əmin oldum. Avazı pis idi. Quranı şeir kimi oxuyurdu. Bayaqdan bəri öz işində olan məclis əhli indi diqqətlə ona qulaq asırdı. İnsanların sifətindəki qəzəbi aydın görmək olurdu. Amma hüzr sahibinə hörmət əlaməti olaraq heç kim ağzını açıb bir kəlmə demədi.
Yarım saat sonra məclis başa çadı. Hamı hüzr sahibinə başsağlığı verib, öz evinin yolunu tutdu. Məni isə neçə gündən bəri bir sual düşündürür: İslamın ən müqəddəs dəyərlərini bu cür urvatsız edən, Quran ayələrinin qolunu-qıçını sındıra-sındıra oxuyan bu adam bizim kimi laqeyd müsəlmanların qəzəbindən qurtulduğu kimi, Allahın da qəzəbindən xilas ola biləcəkmi?!