Cəmiyyət həyatının elə sahələri var ki, orada baş verən istənilən bu və ya digər olay dərhal tirajlanaraq bütün məmləkətə yayılır. Əslində bu onunla bağlıdır ki, vətəndaşlar daha çox hansı fəaliyyət sahələriylə intensiv təmaslardadırlarsa, oradakı uğurlar da, nöqsan və çatızmazlıqlar da tez ictimailəşir. Məsələn, hər birimiz bu və ya digər formada təhsil və səhiyyə sferasıyla az qala hər gün təmasda olduğumuzdan sanki daha çox bu sahələrdə nöqsanların olduğu qənaətinə gəlirik və çox vaxt da bu qənaətimizi bir ictimai rəy kimi təqdim etməyə çalışırıq. Nəticədə məmləkətdə belə bir yanlış rəy formalaşır ki, bu sahələrdə hər şey pisliyə doğrudur, yaxşı bir iş görmək istəyən yoxdur, bir sözlə, səhiyyəmiz və təhsilimiz əldən gedir vəs.
Halbuki, idarəetmədə elə sahələr var ki, oradakılar necə deyərlər gözdən- könüldən uzaq olduqlarından öz bildiklərini edirlər, ən çox qanunsuzluq və korrupsiya halları da məhz həmin sahələrdədir, ancaq bu sferalarla vətəndaş təmasları nisbətən az olduğundan həmin qurumun rəhbərləri özlərini aydan arı, sudan duru kimi təqdim edirlər, bəzən də buna nail olurlar. Nəticədə ictimai rəydə bir vicdanlı yanılma baş verir və insanlar kimin kim olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Etiraf etmək lazımdır ki, ölkənin nəqliyyat sferası da “qaragünlü” sahələrdən və mütəmadi olaraq ictimai qınaq predmetinə çevrilən strukturlardandandır. Son illərin mətbuatına nəzər saldıqda asanlıqla görmək olar ki, yeri gəldi- gəlmədi yağış yağanda da, qar- çovğun həyatı iflic edəndə də, hətta biri dayanacaqda avtobus gözləyəndə də Nəqliyyat Nazirliyini ittiham edir, məsələnin mahiyyətinə varmadan ictimai rəyi çaşdırır. Yollardakı aşırı tıxaclara düşənlər də ittiham hədəfi axtarıb ürəyini boşaltmaq istəyəndə də ilk öncə Nəqliyyat Nazirliyi gözlər önündə canlanır və tərəddüd etmədən hər kəs nazir Ziya Məmmədovun və bu strukturun tabeçiliyində olan “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qabırğasına döşəyərək ani rahatlıq tapırlar. Əslində buna da təbii yanaşmaq lazımdır, çünki hamı hər gün həm piyada, həm bu və ya digər nəqliyyat vasitəsilə “Ziya Məmmədovun yolu”yla təmasda olur. Ancaq kimsə etiraf etmək istəmir ki, bu hakimiyyətin az- çox təqdir olunası və rəhmət oxunası əməli varsa, elə birinci növbədə nəqliyyat sektorudur. Əlbəttə, bu heç də o demək deyil ki, bu strukturda işləyənlər nazir Ziya Məmmədovdan tutmuş yol- istismar idarələrinin rəislərinə və ya kiçik müfəttişlərədək hamısı mələkdir və onlar yalnız maaş cədvəlində göstərilən məvaciblə təqaüd yaşlarının çatmasını gözləyirlər. Bunu iddia etmək riyakarlıq olardı və biz bəzi hallarda bu və ya digər Nəqliyyat Nazirliyi işçisinin özbaşınalığının da həm şahidi olmuşuq, həm yazılarımızda bunları qınamışıq da. Ancaq insaf naminə qeyd edilməlidir ki, sovetlərin çöküşündən sonra acınacaqlı durumda olan yol infrastrukturunun bərpası istiqamətində misligörünməmiş layihələr həyata keçirilib, ölkənin əsas və yardımçı yollarında kifayət qədər nəzərəçarpacaq inkişafa imza atılıb. Bakıdan Gürcüstan, Rusiya və ya İran sərhəddinədək bircə dəfə maşınla getmək kifayət edər ki, görülən işlərin miqyası barədə qərəzsiz təsəvvürə malik olasan. Mətbuatsa həvəslə istər yolların, istərsə də yolötürücü qovşaqların, körpü- tunellərin tikintisinə ayrılan vəsaitlərin səmərəsiz xərclənməsindən yazır və digər ölkələrlə paralellər apararaq günahkar axtarışına çıxır.
Əlbəttə, mətbuatda ən çox çək- çevir predmetinə çevrilən mövzulardan biri də çəkilən yolların keyfiyyətiylə bağlıdır. Bəzi iddialara görə, bu asfaltlar keyfiyyətsiz çəkildiyindən onun istismar müddəıti qısalır və tezliklkə dağılmaya məruz qalır. Ola bilər ki, bu iddialarda müəyyən qədər həqiqət də var. Ancaq yol tikintisinin xüsusiyyətlərindən və çəkilən asfalt örtüyünün xarakteristikasından xəbəri olanlar bilir ki, onun dağılmasına səbəb olan əsas səbəblərdən biri və bəlkə də birincisi həmin örtüyə istər vətəndaşlar, istərsə də ayrı ayrı dövlət qurumlarının qanunsuz müdaxilələrdir. Bu sahənin biliciləri iddia edir ki, yollarda tez- tez rastlaşdığımız xoşagəlməz mənzərələr, yəni yolların yeri gəldi- gəlmədi qazılması, birinin qaz- su- kanalizasiya xətti çəkməsi, digərinin heç bir səbəb olmadan yolları qazdıqdan sonra elə o vəziyyətdə də qoyub aradan çıxması, sonda ona gətirir ki, asfalt örtüyü zədələndiyi yerdən texnogen erroziyaya məruz qalır, nəticədə yolun böyük bir hissəsində dağılma prosesi baş verir.
Nəqliyyat Nazirliyi də o gücdə və səlahiyyətdə deyil ki, yola qənim kəsilən istər fiziki, istər hüquqi şəxsləri cəzalandıra və dəymiş zərəri onlara ödətdirə. Bütün bunlarsa son nəticədə yol infrastrukturuna çəkilən xərclərin doğrudan da səmərəsizliyinə, əlavə dövlət vəsaitlərinin cəlbinə səbəb olur, bu isə qaşınmayan yerdən qan çıxaran jurnalistlərin işinə yarayır...
Ötən gün bəzi mətbu orqanlar Nazirlər Kabinetinin 2011- ci ilin yekunlarına dair hesabatına istinadən ötən bir ildə Nəqliyyat Nazirliyinə 1, 6 milyard manat ayrıldığını vurğulayaraq görülən işlərin həcmini qeyd etməyə lüzum görmədən həmin pulun neçə faizinin ciblərə getdiyini “öyrənməyə” çalışıblar. Halbuki əgər onlar oxucularına çatdırsaydılar ki, 2004- 2011- ci illərdə yeni tikilən və yenidən qurulan avtomobil yollarının ümumi uzunluğu 1490 kilometrdən çox oldub, 74 yeni körpü və onlarla yolötürücü qurğular tikilərək vətəndaşlarımızın istifədəsinə verilib, o zaman heç şübhəsiz, hər kəs tənqiddən daha çox minnətdarlıq hislərinə köklənərdi. Ancaq bəlli səbəblərdən bunu deməyi lazım bilmirlər və bununla da həm uğurları gözü götürməyən sifarişçinin, həm də yalnız tənqid eşitməkdən rahatlıq tapan oxucuların zövqünü oxşamağa çalışırlar. Nəticədə bir hikmətli xalq məsəlində deyildiyi kimi quru ilə bərabər yaş da yanır, bu yaşın da gözçıxaran acı tüstüsü bütün yaxşı işləri görünməz edir. Bundansa hamı uduzur, həqiqətin harada olduğunu bilməyən sadə vətəndaş da, bu işlərə zəhmət çəksə də ancaq tənqid eşidən işçi də, ikiqat xərcə düşən dövlət də..