Modern.az

Qızmar istilər başlayır, necə qorunmalı? (həkim məsləhəti)

Qızmar istilər başlayır, necə qorunmalı? (həkim məsləhəti)

Ölkə

9 İyun 2010, 15:40

Bu il yay fəslinin ötən illərdən fərqli olaraq daha isti keçəcəyi proqnazlaşdırılır. “NASA” mütəxəssislərinin tədqiqatlarının nəticələrinə görə, qarşıdan gələn yay mövsümü Avropa tarixində ən isti fəsil olacaq. Şimal yarımkürəsinin əhalisi meteoroloji müşahidələr tarixində ən qızmar yayı yaşayacaqlar.  Azərbaycanda da belə istilərin olacağı gözlənilir. Builki  isti yay mövsümündə insanlar hansı önləyici tədbirlər görməlidir? Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev  Modern.az-a bildirib ki, bu cür məlumatlarla insanları qorxuya salmaq lazım deyil: “Xəstə, psixikası və sinir sistemi zəif insanlar var ki, belə şeylər eşidən kimi vəziyyətləri bir qədər də pisləşir. Ona görə də öncədən belə gərgin vəziyyət yaratmaq məsləhət deyil. Əgər temperatur yüksələcəksə, insanlar buna hazır olmalıdır. Açıq günəş altında uzun müddət olmaq məsləhət deyil. İş şəraiti açıq səma altındadısa, insanlar çalışıb işlərini kölgədə qurmalıdır. Qapalı yerlərdə olan insanlar iş şəraitini sərinləşdirici otaqlarda qurmalıdır. Yay mövsümündə insanlar mayeni çox qəbul etməlidirlər. Çünki tərlə ifraz olunan mayenin yeri ödənilməlidir. Bədəndən minerallar xaric olduğu üçün bunu sərinləşdirici içkilərlə bərpa etmək lazımdır. Mineral sular, meyvə şirələri, limonlu çay, ayran kimi içkilərdən istifadə edilməsi daha məsləhətlidir”.

Rauf Nağıyevin sözlərinə görə, günəş süalarından qorunmaq üçün  baş örtüyündən də istifadə etmək lazımdır: “Təbii materiallardan hazırlanmış, açıq rəngli paltarlar geyinilməlidir. İstidən halı pisləşən şəxslər mütləq kölgəyə gətirilməli, havası sərin otaqlara yerləşdirilməlidir. Alnına, qol altına, sinə nahiyəsinə sərinləşdirici kompreslər etmək lazımdır və həkimə müraciət olunmalıdır. Azyaşlı uşaqlara, zəif insanlara xüsusi diqqət yetirilməlidir. Çünki uşaqlarda sirkulyasiya, dinamika zəif olur. Həddən artıq zəif, arıq insanlarda zülal mübadiləsi zəif olduğundan onlara günəş şüası pis təsir edir. Artıq çəkili insanlarda isə dərialtı piy təbəqəsi normadan artıq inkişaf etdiyi üçün onlarda istilik mübadiləsini alıb vermək çətinləşir. Belə insanlara  günəş şüası altında olmamaq məsləhətdir. Günvurmadan əlavə istivurma halları da ola bilər. Özünü pis edənlər gözləməməlidir, mütləq həkimə müraciət etməlidirlər”.

 

Rauf  Nağıyev hesab edir ki, insanlar, xüsusilə yayda qida rasionlarına fikir verməlidirlər. Belə ki, yayda yüksək kolorili qida qəbul etmək düzgün deyil. Ət xörəkləri, un məmulatlarından yay dövründə az istifadə məsləhətdir. Tərkibi bitki, tərəvəz olan qidalara daha çox üstünlük vermək lazımdır.

Çimərliklərdə istirahət vaxtına gəlincə, baş həkimin müavini bildirib ki, səhər və axşam saatlarında çimərliklərdə olmaq məqsədəuyğundur: “Ümumən səhər saat 11:00-dək, axşam isə saat 18:00-dan sonra çimərliklərdə olmaq məsləhətlidir. Günəşin ən qızmar saatı 12:00-dan axşamüstü saat 18:00-dək olur. Günəşin aktiv vaxtlarında çimərliklərdə olmaq düzgün deyil. Belə vaxtlarda həm tempetatur, həm də radiasiya yüksək olur. Ola bilər istivurma, günvurmadan əlavə dəridə  yanıqlar əmələ gəlsin. Bu da ki, patologiyadır, yəni yolverilməz haldır”.

Bu il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma və istivurma halları ilə bağlı hələki müraciət edən olmayıb. Xatırladaq ki, ötən il 43 günvurma faktı qeydə alınmışdı. Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı