Modern.az

“Sağlam təhsil, sağlam millət”: müəllimlər və şagirdlər layihə haqda nə deyir? – REPORTAJ

“Sağlam təhsil, sağlam millət”: müəllimlər və şagirdlər layihə haqda nə deyir? – REPORTAJ

Education

18 Sentyabr 2014, 14:56

 

Bu gün media nümayəndələri “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə Bakının 214 nömrəli tam orta məktəbində olublar.

Modern.az xəbər verir ki,  “Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstü çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan vəzifələrin icrasına nail olunmasında şagirdlərin psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna əhəmiyyət daşıyır. Müvafiq sənədə əsasən Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılıb. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi qeyri-hökumət təşkilatı ilə birgə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata keçirib.  

Modern.az layihə ilə bağlı müxtəlif insanların fikirlərini öyrənməyə çalışıb:

214 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Elza İsmayılova: “Bu siniflərdə təhsil alan uşaqlar  tibbi yoxlamadan keçən tamamilə sağlam uşaqlardır. Bu sadəcə I siniflərə aiddir. Bizim məktəbdə üç sinifdə - iki Azərbaycan bölməsi, bir rus bölməsində tətbiq olunur. Burda qayda belədir ki, uşaqlardan biri oturur, biri durur. 15 dəqiqədən sora siqnal çalınır və uşaqlar yerlərini dəyişirlər. Uşaqların boyu ölçülüb və boy sırasına görə oturublar. Uşaqlar psixoloji yoxlamadan keçiblər. Həm də onlara psixoloqlarımız dərs deyir. Onlar xüsusi olaraq seçilib. Bu layihənin məqsədi uşaqların sağlam böyüməsini təmin etmək və inkişafına kömək etməkdir. Düzgün oturuş qaydaları, onurğa sütunun düzgün qalması, müxtəlif xəstəliklərin qarşısını almaq üçün bu layihə həyata keçirilir. Uşaqlar müxtəlif idman hərəkətləri, göz trenajorları edirlər. Bu sinif otaqları elə qurulub ki, uşaqlar özlərini təbiətdə hiss etsinlər”.


214 saylı orta məktəbin psixoloqu Vüsalə Məmmədova: “Mən bu məktəbin psixoloquyam. Artıq iki ildir ki, burda çalışıram. Bu layihə üçün bizim məktəb seçildikdən sonra biz işə başladıq. Komissiya təşkil olundu. Valideynlər aprel-may ayında bu layihə ilə bağlı maarifləndirildilər. Sonra onlar ərizə ilə müraciət etdilər ki, istəyirik uşaqlarımız bu siniflərdə oxusunlar. Uşaqların psixoloji vəziyyətini öyrənmək üçün sorğu keçirildi. Onun ana bətnində olduğu vaxtdan hazırki dövrə qədər olan psixoloji durumu yoxlanıldı. Onun hansı mühitdə böyüdüyün müzakirə etdik. Uşaqlar arasında oyunlar, testlər aparıldı. Elə uşaqlar var idi ki, onlar məktəbəqədər müəssisələrdə olmayıblar. Onlara xüsusi diqqət yetirilməyib. Bütün bunların hamısı nəzərə alındı. Hər gün dərslər bitdikdən sonra müəllimlərlə oturub müzakirə edirik ki, uşaqların hansı uyğunlaşa bilir, hansı uyğunlaşa bilmir? Uşaqlar hələ ki, nağıl dünyasında yaşayırlar. Bütün bunları nəzərə almaq lazımdır. O nağıl dünyasını yaşatmaqda biz psixoloqlar onlara kömək edirik. İlk iki ay, həftədə üç dəfə psixoloqlar siniflərdə dərs keçir”.

Təhsil Nazirliyinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova: “Bir çox ölkələrin Avropa Birliyinin təcrübəsi araşdırılıb. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, uşaqlar 11 il fiziki sağlamlıqlarını da qorusunlar. Layihəni başlayanda 2500 uşağı monitorinqə cəlb etmişdik. Hazırda isə 10000 uşaq monitorinqə cəlb olunub ki, gələn ildə layihə davam etdirilsin. Aşkar edilmişdir ki, uşaqların onurğa, ürək-damar sistemində problemlər artıq var. Bu fəsadlar varsa, onlar bir neçə ildə artmağa davam edəcək. Bizim də məqsədimiz bu fəsadların artmasının qarşısını almaqdır. Biz bunun üçün Rusiya təcrübəsinin üzərində dayandıq. Rusiya Milli Elmlər Akademiyasının müxbir üzvü Vladimir Filipiç Vazarovun təcrübəsindən istifadə etdik. Rusiyada 5 il ərzində 3000 məktəbdə onu təcrübəsi tətbiq edilib və ciddi nəticələr verib. Alimi Azərbaycana dəvət edildi. Təhsil və tibb işçiləri ilə görüş oldu, onun seminarları keçirildi. Layihə tətbiq olunan birinci siniflərdə bu layihə 11-ci sinfə qədər davam edəcək. Biz bu layihənin nəticələri müsbət olduğu halda bütün ölkəyə tətbiq oluna bilər”.

I sinif şagirdi Mədinə: “Mən ayaq üstündə duranda yorulmuram. Mənə maraqlı gəlir. İşıqlar yananda idman edirik. İşıqlar sönəndə yerimizi dəyişirik. Müəllimə deyirik ki, ayaqda duranlar otursun. Oturanlar ayağa dursun. Sonra da yerimizi dəyişib ayaq üstə dururuq. Bu xoşumuza gəlir. Ayaqlarımız ağrımır. Evə gedəndə deyirik ki, ayaqda dururam”.

Valideyn Ülviyyə Məmmədova: “Bu sinifdən çox razıyam. Aprel ayında bizi dəvət etdilər və film izlədik. Ondan sonra uşağımı bu sinfə qoymaq üçün müraciət etdim. Bu sinifdə həm uşaqlarımızın sağlamlığı, həm də biliyi inkişaf edir. Uşaqlar razıdır. Evdə uşağım mənə şikayət etmir. Əlbəttə istəyirik ki, bu layihə 11-ci sinfə qədər davam etsin”.


Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə “Coca-Cola” şirkətinin dəstəyi ilə 10000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur.

Hazırda aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə mütəxəssislər tərəfindən təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət daşıyan  normativ sənədlər hazırlanır. Həmin normativ sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar, ləvazimatlar, otaqların işıqlandırılması, habelə qida məhsulları ilə bağlı vahid standartları əhatə edir.

Bütün bunlar təhsil alanların sağlamlığının qorunması istiqamətində atılmış həlledici addımlardır.

Layihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib, dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa Birliyi, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib.  Rusiya Uşaqların Sağlamlığı Naminə Birliyinin rəhbəri Vladimir Bazarının təhsilalanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqət cəlb edib, alim ölkəmizə dəvət olunub.

Cari ilin sentyabrında Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı  ilə Bakının ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və tibbi heyəti, fiziki tərbiyə və “Sağlam təhsil sinfi” müəllimləri üçün seminarlar keçirilib. Layihə çərçivəsində artıq Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb.

“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.



 

Rüfanə GÜNƏŞ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı