Modern.az

“Həyat” Təşkilatının sədri: “20 illik fəaliyyətimiz ərzində bir çox işlərə imza atmışıq” - MÜSAHİBƏ

 “Həyat” Təşkilatının sədri: “20 illik fəaliyyətimiz ərzində bir çox  işlərə imza atmışıq” - MÜSAHİBƏ

Education

20 Sentyabr 2014, 14:41

“Həyat” Beynəlxalq Humanitar Təşkilatının 20 illik yubiley tədbiri keçirilib.  Tədbirdə təşkilatın əməkdaşları ilə yanaşı Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının, “ADA” Universitetinin rəsmi nümayəndələri də iştirak edib.  

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli yaradılmasında təşəbbüskarı olduğu “Həyat” Təşkilatının missiyası barədə danışdı və bildirdi ki, ilk gündən təşkilatın missiyası Azərbaycan əhalisinin ən zəif təbəqələrini-qaçqın və məcburi köçkünləri, müharibədən zərər çəkənləri, deportasiya olunmuş insanları, kimsəsiz uşaqları və digərlərini daim müdafiə etmək, onların psixoloji və iqtisadi  reabilitasiyası üçün imkanların yaradılmasından ibarət olub. 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov “Həyat” Təşkilatının müstəqil Azərbaycanın ilk QHT-lərdən biri, ölkədə ictimai fəaliyyətin yeni səhifələrini yaradan ictimai təşkilat olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov qeyd edib ki, “Həyat” Təşkilatı BMT QAK-la birgə qaçqın və məcburi köçkünlərin sosial-məişət qayğılarının qarşılanması, eləcə də Azərbaycanda sığınacaq axtaran əcnəbilərlə bağlı həyata keçirdiyi uzunmüddətli layihələr regionda böyük humanitar fəaliyyətin mühüm bir sahəsi olaraq öz səmərəsini verib.

Tədbirin sonunda qeyd olunub ki, “Həyat” Təşkilatının ötən 20 il ərzində gördüyü işlər həm ictimai, həm də sosial-mənəvi baxımdan ölkəmizin QHT sektoru üçün bir örnək olub.

 “Həyat” Təşkilatının sədri Azər Allahverənov təşkilatın 20 illiyi münasibətilə Modern.az saytına müsahibə verib.

-Azər müəllim, “Həyat” təşkilatının 20 illiyini necə qeyd etdiniz?  20 il ərzində təşkilatın fəaliyyəti nədən ibarət olub?

­- “Həyat” təşkilatının 20 ili tamam oldu. Nazirlər Kabinetindən Qurban Sadıqov, Əli Həsənovun müavini Gəray Fərhadov, millət vəkili Hadı Rəcəbli  və bir neçə rəsmi şəxslər iştirak edərək öz sözlərini deyib. Əslində, “Həyat”  təşkilatının 20 illiyini qeyd etmək fikrimiz yox idi. Çünki son zamanlar təmtəraqlı mərasimlərin keçirilməsi məsələsi bir növ aktuallığını itirir. Təmtəraqlı olmasa da, 20 illiyimizi sadə şəkildə keçirdik.  Faktiki olaraq 1993-cü ildən fəaliyyət göstəririk. Lakin bu təşkilat 1994-cü idə qeydiyyata alınıb. Həmin dövrdə də 3-4 təşkilat var idi. Bu təşkilat bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında xidməti olan təşkilatlardan biri idi. Həmin dövrdə humanitar böhran, bir milyondan artıq  qaçqın problemi var idi. Bir çox sosial layihələr nəinki yox idi, hətta onlar haqqında məlumat belə yox idi. Dövlətin özünün  böhranlı vəziyyətə düşməsi, 1993-cü il hadisələri, qiyam və digər məsələlər vardı. Digər tərəfdən beynəlxalq təşkilatlar Azərbaycana diqqət artırırdı. Onlar Azərbaycanda çoxsaylı proqramlar həyata keçirmək istəyirdilər, amma keçiriləcək təşkilatlar yox idi. Belə bir vəziyyətdə “Həyat” təşkilatı yarandı. İdeyası ondan ibarət idi ki, bir neçə istiqamətdə fəaliyyət göstərsin, bir neçə filialları olsun. Bu işdə Hadı müəllimin əməyi danılmazdır. O  zamanlar Hadı müəllim deputat da deyildi. Biz düşündük ki, bir neçə istiqamət var ki o bizim ana xəttimizi təşkil etməlidir. O da məcburi köçkünlərin problemləri idi. Bu problem həm dövlət üçün,  həm də bizim üçün prioritet məsələlər idi. Elə bir layihə yoxdur ki, biz o layihənin içində qaçqın və məcburi köçkünlərin problemlərini nəzərdə tutmayaq. Bu gün artıq qürur hissi ilə qeyd edə bilərəm ki, “Həyat” təşkilatı 20 ildən artıq olan fəaliyyəti ərzində Azərbaycanın əksər rayonlarında müvəqqəti məskunlaşan  270 min qaçqın  və məcburi köçkünə  ərzaq yardımı göstərmiş, 179 min nəfərə ən zəruri  mallar (paltar, ev əşyaları) paylamış, 140 min sığınacaq tikmiş, 70-dən artıq  ictimai bina bərpa etmiş, 7 min ailəyə kənd təsərrüfatı üçün toxum paylamış, minlərlə qaçqın və məcburi köçkün ailələri üçün gəlir gətirən sahələr yaradıb. 

- Təşkilatın əsas fəaliyyət istiqamətlərinə daha nələr daxil idi?

- Əsas istiqamətlərdən biri təhsil sahəsi olub. Müxtəlif təhsil xarakterli proqramlar, məlumatlandırma işləri,  məktəblərlə proqramların həyata keçirilməsi. Bundan başqa,  səhiyyə də bura daxildir. Belə ki, təkcə səhiyyə istiqaməti üzrə HİV/QİÇS, vərəm və digər xəstəliklərlə, həmçinin sağlam həyat tərzinin təbliği ilə maarifləndirmə proqramlarımızı qeyd etmək kifayətdir. Müxtəlif kateqoriyalı insanların iştirakı ilə icmaların yaradılması, miqrasiya proseslərinin idarə olunması da sonradan yarandı. O dövrdə  Azərbaycanda çoxsaylı miqrantlar  var idi. Amma onlarla hər hansı bir proqram həyata keçirilmirdi. Belə bir vəziyyətdə “Həyat” təşkilatı bir sıra layihələrin təşəbbüskarı oldu. Azərbaycanın bütün regionlarında bizim layihələrimiz icra olunurdu. O dövrdə hətta fermer təsərrüfatının yaradılması və inkişaf etdirilməsinə dünya bankının maliyyə dəstəyi ilə nail olmuşduq. Məhz bunun bariz təsdiqi kimi bölgələrdə icma işinin təşkilini, kənd biznes mərkəzlərinin təsis edilməsini, kommersiya və kiçik biznesin qurulmasını, aztəminatlı ailələrdən olan insanlar üçün gəlir gətirən fəaliyyət sahələrinin yaradılmasını əhatə edən layihələrimizi göstəmək olar. Fəaliyyət istiqamətləri arasında həmçinin ekologiya sahəsini də qeyd etmək istəyirəm.

Belə ki, təşkilatımızın xətti ilə ətraf mühitin mühafizəsini, o cümlədən tuqay meşələrinin qorunmasını, təbiətə hörmət və məhəbbətin bəslənməsini təlqin və təbliğ edən layihələr icra olunmuş və istiqamətlərdə çox böyük uğurlar qazanılmış, müsbət nəticələr əldə olunmuşdu. Hər bir istiqamət üzrə bizim onlarla işçilərimiz çalışır. 100-lə gənc bizdə təcrübə toplamaq üçün növbəyə yazılmışdı. Təcrübə əsasən layihələrin yazılması idarə olunması və təqdim olunması yeni texnologiya idi. Yeni texnologiyanı isə ancaq beynəlxalq təşkilatlar verə bilərdi. Biz də beynəlxalq təcrübədə öyrənə bilərdik.

-O zamanlar Azərbaycanda məktəb bunlarının tikintisinə hələ başlanılmamışdı. Siz bu sahədə hansısa uğurlara nail ola bildinizmi?

- Əlbəttə, 2000-ci illərin əvvəllərində Naxçıvanda iki məktəbin tikintisinə nail olduq. Bu, bizim -uğurlarımızın bir hissəsi idi. Bununla yanaşı xüsusi vurğulamaq istəyirəm ki, məktəb tikintisi ilə təşkilatın həm də ictimai binaların bərpası və uşaq müəssisələrinin reabilitasiyası istiqamətində bir sıra uğurlu layihələrə imza atmışdır.

- Sizin təşkilata  əsasən hansı sahələr üzrə şikayətlər daxil olur?

- Təbii ki müxtəlif problemlərlə əlaqədar bizə müraciət edənlər olur. Əgər vəsait imkan verirsə siz dediyiniz müraciətlərə baxırıq. Bizim bir layihəmiz var. Azərbaycanda sığınacaq axtaran qaçqın insanların sosial vəziyyətinin qiymətləndirməsi layihəsidir. Bu BMT-nin qaçqınlarla işlər üzrə ali komissarlığının maliyyə dəstəyi ilə icra olunan layihədir. Layihənin ideyası Azərbaycanda sığınacaq axtaran əfqan, suriyalı və digər kateqoriyadan olan əcnəbi miqrantlar üçün onların vəziyyətinin sosial qiymətləndirməsinin aparılması, BMT tərəfindən  onlara yardım göstərilməsinə dair tövsiyələrin verilməsi və onların həmin ailələrdən olan uşaqların təhsil problemlərinin həll edilməsi. Bir tərəfdən vəziyyətlərinin qiymətləndirilməsi əgər sağlamlığı ilə bağlı problem varsa müvafiq qurumlara göndərilməsi layihə çərçivəsində baş verir. Əgər onların uşaqlarının təhsilləri ilə bağlı problemləri varsa o da həll olunur. Çünki  bu gün bir çox əcnəbi uşaqları Azərbaycan məktəblərinə götürmürlər. Bilirik ki, Təhsil Nazirliyinin həmin kateqoriyadan olan uşaqların məktəblərə götürülməsi ilə bağlı xüsusi göstərişi var. Amma yerlərdə məktəb direktorları bəzi hallarda uşaqları götürməkdən imtina edirlər. Nazirliyin göstəriş əsasında bizim təhsil departamentimiz bir növ lobbiçilik fəaliyyətini həyata keçirir və bu uşaqların məktəblərə götürülməsinə nail olur. Bundan başqa “Həyat” Təşkilatı hal-hazırda BMTQAK-ın dəstəyi ilə Qaçqın Qadın və Gənclər Mərkəzini idarə edir ki, burada da Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslər statusunda olan insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması, cəmiyyətimizə daha sıx inteqrasiya olunması istiqamətində də çox saylı fəaliyyətlər həyata keçirilir. Məsələn, burada Azərbaycan dilində danışa bilməyənlər üçün dil kursları təşkil edirik. BMT-nin yol təhlükəsizliyi üzrə 10 illik dekadası deyilən bir proqramı var. 2010-2020-ci illəri əhatə edir. Şüar da bundan ibarətdir ki “5 milyon insanın həyatını xilas edək”. Biz Azərbaycan üzrə həmin BMT proqramının təmsilçisiyik. Dövlət tərəfindən Səhiyyə Nazirliyi, vətəndaş cəmiyyəti sektoru üzrə əlaqələndiricisi bizik. Bizim təşkilat dediyim kimi bir çox sahələri əhatə edir. 



  Namidə BİNGÖL  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı