Müsavat başqanı Arif Hacılı partiya üzvlərini təbrik edib. Modern.az saytının məlumatına görə Müsavat Partiyasının başqanı rəhbəri olduğu qurumun yaranmasının 103-cü ildönümü münasibəti ilə fikirlərini bölüşüb. Onun özünün facebook səhifəsində yazdıqlarını təqdim edirik:
"Bu gün Müsavat partiyasının yaranmasının ildönümüdür. 103 il bundan əvvəl okyabr ayının 11 də təsis olunan Müsavat partiyası ötən əsrin əvvəllərində yalnız Azərbaycanın deyil bütün regionun həyatında mühüm rol oynadı.Qafqazın ən böyük və nüfuzlu partiyasına çevrildi.
Böyük Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Müsavat partiyası Güney Qafqazda 114 mın kv. km ərazisi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında həlledici rol oynadı. M.B. Məmmədzadənin təbirincə desək liberal demokratik milli məfkurənin daşıyıcısı olan Müsavat nümunəvi demokratik cəmiyyət quruculuğunun təməlini qoydu.
Ümummilli ideologiyaya çevrilən müsavatçılıq ağır sovet hakimiyyəti illərində də istiqlalın,hürriyyətin simvolu kimi vətənsevərlərin yaddaşından silinmədi.
Müsavat partiyası bərpa olunduqdan sonra da partiya qurucularının yaratdığı şərəfli ənənələr davam etdirildi.Müsavat partiyası Azərbaycanın istiqlalı, azadlığı, ərazi bütövlüyü,firavanlığı uğrunda mübarizə aparan əsas partiyalardan biridir.
Başlıcası isə bu illər ərzində Müsavat,müsavatçılıq bir partiyanın üzvlərini sıralarında birləşdirən təşkilat hüdudlarından çıxaraq ümummilli dəyərə,Azərbaycan cəmiyyətinin əsas dayaqlarından birinə çevrilib.
Müsavat partiyasının yaranmasının 103 cü ildönümü münasibəti ilə,partiyanın üzvlərini,bütün müsavatçıları və Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Modern.az