
Dekabrın 8-də Nizami Kino Mərkəzində “Xoxan” milli komediya filminin qala-gecəsi keçiriləcək.
Rejissor Samir Kərimoğlunun komediya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn, Nərgiz Zamir və başqaları canlandırıblar.
“Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir.
Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan rieltor, cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı-avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Tamaşaçını “gülməkdən öldürəcəklərini” vəd edən filmin yaradıcı qrupu sözlərini tutacaqlarına əmindirlər.
Qala-gecəsində filmin rejissoru Samir Kərimoğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər. Filmdən əvvəl, qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar. Mərasimdə yaradıcı qrupla görüş və filmin nümayişi Nizami Kino Mərkəzinin iki zalında baş tutacaq.
Qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (//www.facebook.com/NizamiCinema?rf=hl)
F.Əliyeva