Azərbaycanda Aşura günü ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışıb.
Bu haqda Modern.az-a məlumat verən Bakı Şəhər Yol Poiis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, səhər saatlarından etibarən məscidlər və onların yerləşdiyi ərazilər, xüsusilə bitişik küçə və yollar üzrə nəzarət gücləndirilib:
“Bu saata qədər heç bir yol qəzası və ya xoşagəlməz hal qeydə alınmayıb.
Əməkdaşlarımız ərazi üzrə xidməti davam etdirir. Hazırda Səməd Vurğun küçəsində yerləşən Təzə pir məscidinin yanındayam. Məscidlər istiqamətində əsasən ictimai nəqliyyat vasitələrinin köməyilə hərəkət edilir. Tədbirlərin saat neçəyə qədər davam etməsindən asılı olmayaraq əməkdaşlarımız xidmətdə olacaqlar. Hər bir hərəkət iştirakçısının təhlükəsiz, maneəsiz hərəkəti təşkil edilib.
Nəzarət tədbirləri nəticəsində Bibiyehbət istiqamətində də avtomobillərin tam dayanmasının qarşısı alınıb”.
V.Əsədov deyib ki, Nardaran qəsəbəsində də vəziyyət tam normaldır, təhlükəsizliyə ciddi nəzarət olunur.
O, eyni zamanda hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib:
“Hazırda yağış yağır, asfalt səthi yaşdır. Sürücülərdən xahiş edirik ki, sürət həddini minimuma endirib, ara məsafəsini artırsınlar. Əyləc sistemindən düzgün istifadəyə diqqət etsinlər”.
Gülşən RAUFQIZI