Modern.az

30 ölkədən olan iş adamı Azərbaycana dəvət olundu - RƏSMİ

30 ölkədən olan iş adamı Azərbaycana dəvət olundu - RƏSMİ

Aktual

13 Oktyabr 2016, 16:24

Diasporla İş wzrə Dövlət Komitəsinin mətbuat xidməti 28 oktyabrda Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamları Forumu ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Dünya Azərbaycanlı İş Adamları Forumuna hansı ölkələrdən azərbaycanlı iş adamları dəvət olunub?

 

-Forumda xarici ölkələrdən və Azərbaycandan 300 nəfərdən çox iş adamı iştirak edəcək. Eyni zamanda, forumda iştirak edəcək azərbaycanlı iş adamlarının hamısı təkcə biznes fəaliyyəti ilə məşğul olmur. Onların bəziləri – təxminən 30 nəfəri həm də xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarına rəhbərlik edir. Tədbir sırf azərbaycanlı iş adamlarının forumu olduğuna və Azərbaycana sərmayə qoyulmasına təşviq edilməsi məqsədilə keçirildiyinə görə, bura xüsusi olaraq diaspor nümayəndələrinin dəvət olunması nəzərdə tutulmayıb.

Forumun formatına uyğun olaraq dəvət olunan şəxslər Azərbaycana sərmayə qoymağa, Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə imkanı olan, bu sahədə təcrübəli insanlardı.  Ona görə də forumda əsasən azərbaycanlı iş adamlarının iştirakı nəzərdə tutulur.

Tədbirdə 30-dan çox ölkədən azərbaycanlı iş adamının iştirakı gözlənilir. Azərbaycanlı iş adamları Rusiya Federasiyası, Türkiyə, ABŞ, Almaniya və Avropanın bir çox ölkələrindən foruma qatılacaq. Bu sahibkarlar yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrdə biznes sahəsində uğurlar qazanmış, müəyyən səviyyəyə gəlib çatmış şəxslərdir.

Hazırda dəvət olunacaq qonaqların siyahısı ilə bağlı məsləhətləşmələr, dəqiqləşdirmələr aparılır. Bəzi iş adamlarının da proqramları dəqiqləşdirilir, onların bu forumda iştirakı imkanları araşdırılır. Yaxın günlərdə bu barədə geniş məlumat veriləcək.

 

-Xaricdəki hansı Azərbaycan şirkətləri forumda iştirak edəcək?

 

-Azərbaycan şirkətlərinin bu forumda iştirakı ilə bağlı bütün məsələlər İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həll olunur. İqtisadiyyat Nazirliyi bu işdə Dövlət Komitəsinə yaxından dəstək verir və Azərbaycan şirkətlərini təmsil edəcək nümayəndələr İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir. Bizdə olan məlumata görə, Azərbaycanın bütün aparıcı və nüfuzlu şirkətlərinin rəhbərləri və nümayəndələri forumda iştirak edəcəklər.

 

- Bəs rəhbərləri azərbaycanlı olmayan hansı xarici şirkətlər forumda təmsil olunacaq?

 

-Forumda əsasən, azərbaycanlı iş adamları iştirak edəcək. Bu ilin iyununda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edən Azərbaycan Prezidenti  İlham Əliyev azərbaycanlı iş adamlarınıölkə iqtisadiyyatının müxtəlif sahələrinə  sərmayə qoymağa çağırmışdı. Cənab Prezidentin bu tövsiyələri ilə bağlıqurultayda  çox geniş müzakirələr aparılmış  və Dünya Azərbaycanlı İş Adamları Forumunun keçiriməsi təşəbbüsü irəli sürülmüşdü. Yəni, tədbir sırf azərbaycanlı iş adamlarının forumu olduğuna görə azərbaycanlı olmayan iş adamalrının burada təmsil olunması nəzərdə tutulmur. Lakin, hesab edirik bu forum çox yaxşı bir ənənənin əsasını qoya bilər.

Belə ki, forumun əsasında gələcəkdə xarici ölkələrin iş  adamlarının Azərbaycana cəlb olunması, iqtisadiyyatın bir çox sahələrinə  sərmayə qoyulmasına təşviq edilməsi  üçün mühüm bir platforma yaradıla bilər.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı