“Xalqımız xoşbəxtdir ki, dünya siyasətinə Heydər Əliyev kimi dövlət xadimi bəxş edib. Biz də xoşbəxtik ki, bu dahinin müasiri olmuşuq, onunla bir dövrdə yaşamışıq, onun rəhbərliyi altında fəaliyyət göstərmişik, onun yaxın silahdaşı olmuşuq. Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, bütün mənalı ömrünü xalqına, dövlətinə və ölkəsinə həsr edib, millətinə hər zaman şöhrət və baş ucalığı gətirib.”
Murtuz Nəcəf oğlu Ələsgərov
Bu il tanınmış ictimai-siyasi xadim, dövlət adamı, Əməkdar hüquqşunas, professor Murtuz Nəcəf oğlu Ələsgərovun ölümünün 6-cı və anadan olmasının 90 ilidir. O, 1993-1996-cı illərdə BDU-nun rektoru, 1996-2005-ci illərdə Azərbaycan Parlamentinin sədri olmuş, hüquq elmləri üzrə zəngin bilik və təcrübəyə malik böyük alim, ləyaqətli ziyalı, sədaqətli silahdaş idi. Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlər, dövlət xadimləri arasında Murtuz Ələsgərovun özünəməxsus yeri var. Bu gün onun adı da Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı kimi hörmət və ehtiramla xatırlanır...
Bu gün biz Murtuz Ələsgərovu Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin, Cumhuriyyətin varisi olan müstəqil Azərbaycanın banisi olan ulu öndər Heydər Əliyevin 95-ci,, Heydər Əliyev dühasının müasir tariximizə yazdığı “Milli Qurtuluş günü”nun 15-ci ildönümünün təntənəli şəkildə qeyd olunduğu bir ildə xatırlayırıq.
Əslində bu əzəmətli tarixlər Murtuz Ələsgərovun şərəfli ömrünün istinad nöqtələri, açar sözləridir, həyat və fəaliyyətinin qururverici dönəmidir...
Murtuz Ələsgərov dünyaya göz açanda xalqımız Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 10, süqut etməsinin 8-ci ilini yaşayırdı. O, Gəncədə doğulmuşdu. Nahaq demirlər ki, həyatda heç nə təsadüfi olmur. Gəncə şəhəri, onun ədəbi, ictimai-siyasi mühiti, şöhrəti Azərbaycan tarixinin bütün dövrlərində çox böyük əhəmiyyətə malik olmuşdur. Nizami yurdu, Cavad xan obası, Gəncə əhalisinin mübariz və azadlıq ruhu Qafqaz xalqlarının həyatında ciddi təsiri olmuşdur . Çox da uzaq olmayan tariximizə nəzər salsaq, XIX əsrdə Rusiya çarlığına, 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımlarında, erməni qəsbkarlarına və onların havadarlarına, AXC-nin süqutundan sonra isə sovet zülmünə qarşı mübarizədə Gəncə əsas siyasi mərkəzlərdən biri olumuşdur. Gəncə əhalisi ayrı-ayrı dövrlərdə təbii fəlakət, repressiya və deportasiyalarla da üz-üzə qalıbdır. Lakin bütün bunlar gəncəliləri sındırmamış, onları daha mübariz, daha məğrur və daha mətin etmişdir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı kimi Gəncənin seçilməsinin də tarixi kökü, siyasi əsasları var. Azərbaycanın istiqlaliyyət rəmzi olan Gəncə şərəf tariximizin unudulmaz izlərini qoruyub saxlayan şəhərdir. Milli dövlətçiliyimizin əsası, məhz bu şəhərdə qoyulubdur. Gəncə sakinləri isə bütün dövrlərdə “Gəncə” adının səsləndirilməsinə qoyulan qadağalara baxmayaraq, şəhərin adını və tarixini daim yaşatmışdır, bugün də belədir.
Ümummilli lider Heydər Əliyev Gəncə haqqında belə deyirdi: “Gəncədə Azərbaycanın milli mənliyi, Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq göstərən insanlar yaşamış, yaratmışlar və Azərbaycan xalqını ucaltmışlar. Gəncənin tarixində Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü nümayiş etdirən çox böyük və əziz səhifələr var.”
Gələcəyin görkəmli ictimai-siyasi xadimi, konstitusiya hüququ, eləcə də beynəlxalq hüquq üzrə Sovetlər məkanında tanınmış alim Murtuz Ələsgərov, məhz belə bir mühitdə böyümüşdü. Gəncə ədəbi, ictimai-siyasi mühiti onun gənclik illərindən formalaşmasında böyük rol oynamışdı. Bütün bunlar, onun hələ sovet dövründəki fəaliyyətində, yazdığı kitab, məqalə və monoqrafiyalarında da aydın görünürdü. Sovetlər dönəmi zamanı yazdığı əsərlərinin və yazılarının təkcə başlıqlarına nəzər salsaq o dövr üçün onun siyasi cəsarətinin şahidi olarıq...
Murtuz Ələsgərovun ömür kitabını vərəqlədikcə, onun hələ gənclik illərindən öz xəyal və arzularının gerçəkləşməsi uğrunda böyük əzmkarlığının, zəhmət və əziyyətə qatlaşmağının, çətinlikləri mətinliklə dəf etməyinin və nəhayət, onun uğur və qalib olmağının formulunun şahidi oluruq. Mübarizə dolu həyat yolunda, onun düşüncəsində, təfəkküründə və həyat kredosunda bir xətt var. Bu xətt , onun həyata baxış fəlsəfəsində bütün uğurların açarının amalına, əqidisinə inam və bu prinsipləri əməlində sübut etmək olmuşdur. O, heç vaxt, ən çətin məqamlarında belə əqidəsini dəyişməmiş, inamını itirməmişdir...
O, Azərbaycanın və Azərbaycan xalqının parlaq gələcəyinə inanan işıqlı ziyalılardan biri idi. Onun sovet dövründə yazdığı bütün əsərlərində də (bəzən aşkar, bəzən gizli şəkildə) Azərbaycan xalqının öz müqəddaratına, taleyinə sahib olacağına inamı aydın görünür. Əslində, müasir müstəqil Azərbaycanın sələfi, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə xalqımızın gələcək taleyinin, özgürlük və istiqlal yolunun xəritəsi yaradılmışdır. Bu xəritədə başlanan yolun son nöqtəsinin İstiqlaliyyət olduğu qeyd edilir. Lakin Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşaya bilmişdi. Lakin Cumhuriyyət qurucuları və onların silahdaşları, millətin işıqlı və uzaqgörən insanları, eləcə də azadlıq şərbətini dadan xalq 1920-ci il bolşevik işğalının endirdiyi ay-ulduzlu bayrağımızın yenidən ucalacağına inanırdılar. İnanırdılar ki, bu xalq mütləq Azərbaycanın müstəqilliyinə dönməzlik, sarsılmazlıq verən, “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir” düşüncəsinə malik Dahi Öndər oğlunu yetirəcəkdir. Və onlar bütün təhdid və təhlükələri böyük fədakarlıqla dəf edərək Cumhuriyyət qurucularının yarımçıq işlərini, arzularını gerçəkliyə çevirəcəklər. Bu elə bir gerçəklik olacaq ki, tarixin yaddaşında əbədiləşəcəkdir.
Bəli, o Dahi Lider bütün ömrünü xalqına və onun gələcəyinə həsr etmiş Azərbaycan Xalq Cumhuriyyətin varisi olan müstəqil Azərbaycanın banisi Heydər Əliyev idi.
1991-ci ildə Sovetlər dağılan zaman müstəqilliyinə qovuşmuş xalqımız, o dövrün təsadüfi rəhbərlənin yarıtmazlığından 1993-cü ildə yenidən fəlakətlə üzbəüz olarkən Heydər Əliyev xilaskar missiya ilə ölkəmizin müstəqilliyini qorudu. Məhz həqiqi mənada, Azərbaycanın gerçək müstəqilliyini bərpa etdi, üçrəngli bayrağı yenidən ucaltdı. Azərbaycanı qorudu, onun müstəqilliyini möhkəmləndirdi, əbədi və dönməz etdi. Yenidən müstəqilliyinə qovuşan xalqımız dünya durduqca, Ulu öndər Heydər Əliyevə minnətdar olacaqdır.
Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyinə qovuşsa da, fəlakət, uçurum, vətəndaş müharibəsi, bütün sahələrdəki tənəzzül, torpaqlarımızın işğalı, qaçqın-köçkün dərdi ilə boğulur, məhv olmaq təhlükəsində idi. Xalq yaxşı dərk edirdi ki, ölkəni bu acınacaqlı, çətin və xaotik vəziyyətdən ancaq Heydər Əliyev dühası xilas edə bilər. Bu gerçəkliyi ölkəmizin müstəqilliyini istəməyən qüvvələr də yaxşı bilirdilər. Buna görə də, hətta terror və qəsd etməklə də olsa, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinə maneçilik törədirdilər. Həmin dövrdə ölkə rəhbərliyindəki bəzi qüvvələr antimilli fəaliyyətləri ilə Ulu öndərə qarşı kampaniyalarda çox fəallıq edirdilər.

İnsanların Heydər Əliyevin adını çəkdiyinə görə təqib olunduğu həmin illərdə sədaqətli silahdaş Murtuz Ələsgərov dəfələrlə Naxçıvana, o böyük ŞƏXSİYYƏTin görüşünə gedərək xalqımızın nicatı üçün onun məsləhətlərini dinləyir, bu məsləhətlərin həyata keçirilməsinə çalışırdı. Ümumiyyətlə, Heydər Əliyevin, hətta sovetlər dönəmində müxtəlif dövlət vəzifələrindəki fəaliyyəti Murtuz Ələsgərov üçün bir lokomotiv, təkanverici qüvvə, qətiyyət və cəsarət rəmzi, xalqına təmənnasız xidmət nümunəsi olmuşdur.
Murtuz müəllim hər zaman belə deyirdi: “Xalqımız xoşbəxtdir ki, dünya siyasətinə Heydər Əliyev kimi dövlət xadimi bəxş edib. Biz də xoşbəxtik ki, bu dahinin müasiri olmuşuq, onunla bir dövrdə yaşamışıq, onun rəhbərliyi altında fəaliyyət göstərmişik, onun yaxın silahdaşı olmuşuq. Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, bütün mənalı ömrünü xalqına, dövlətinə və ölkəsinə həsr edib, millətinə hər zaman şöhrət və baş ucalığı gətirib.” Murtuz müəllim üçün hələ sovet dövründən ən doğru yolun sözün əsil mənasında Amalında və Əməlində Heydər Əliyev yolunun olması idi..
Bəli, əsrlər keçəcək, nəsillər dəyişəcək, xalqımız hər zaman fədakar övladlarını sonsuz hörmət və ehtiramla yad edəcək. Və Ulu öndər Heydər Əliyevlə birgə Onun siladaşları, məslək, əqidə yoldaşları da rəğbətlə xatırlanacaqdır. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev görkəmli dövlət adamı Murtuz Ələsgərovu Heydər Əliyevin ən yaxın silahdaşı adlandırıbdır.
Heydər Əliyevi sevənlər zamanında bu yola təmənnasız qoşulan, bu yolda varlığından belə keçməyə hazır olan fədailərdir. Onların yeganə missiyası xalqın və müstəqil dövlətimizin varolma qarantı olan Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin davamçısına sədaqət və səmimiyyətlə xidmət etməkdir. Heç şübhəsiz, Murtuz Ələsgərovun adı bu insanların arasında birincilər sırasındadır. 20-ci əsrin 90-cı illərinin əvvəllərində Ümummilli lider Heydər Əliyevə qarşı qərəzli və düşmənçilik mövqeyində olan cılız siyasi qüvvələr yaş senzi məsələsini gündəmə gətirəndə Murtuz müəllimin göstərdiyi fədakalıq unudulmazdır. O, bu yolda həyatından və canından belə keçməyə hazır idi! Biz bunun canlı şahidiyik və o tarixin canlı şahidləri də bunu təsdiq edirlər. “Sədaqət çətin gündə bilinər”, deyiblər...
Murtuz Ələsgərov təkcə Ulu öndərə yox, onun siyasi kursunun qətiyyətli davamçısı Prezident İlham Əliyevə də sədaqətlə xidmət edib, bu siyasətin yorulmaz təbliğatçısı olub. Onun üçün hər zaman ən yüksək amal Heydər Əliyev ideyaları olub. Ən böyük etalon Heydər Əliyev, İlham Əliyev sevgisi olub!..
O, ən çətin və ziddiyyətli dönəmlərdə rəsmi Moskvanın və ermənipərəst Qorbaçovun Dağlıq Qarabağ məsələsindəki riyakar mövqeyinə elmi, publisistik, hüquqi və siyasi xarakterli yazılarında cəsarətlə cavab veribdir. “Azərbaycan kommunisti” jurnalının 6 iyun 1988-ci il tarixli nömrəsində “Millətlərarası münasibətlərdə məhəlli problemlər” adlı məqaləsində yazırdı: “...Qüvvədə olan qanunvericiliyə görə Muxtar Vilayətin Xalq Deputatları Sovetinə ərazi dəyişiklikləri edilməsi və ya həmin vilayətin bir Müttəfiq Respublikanın tərkibinə verilməsi məsələsini öz sessiyalarında müzakirə etmək hüququ verilməmişdir. Bundan əlavə, SSRİ Konstitutsiyasının 78-ci maddəsinə və Azərbaycan SSR Konstitusiyasının 70-ci maddəsinə görə, Müttəfiq Respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasındakı sərhədlər onların qarşılıqlı sazişi əsasında dəyişdirilə bilər və bu saziş SSR İttifaqı tərəfindən təsdiq edilməlidir. Buna görə də DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılmasına və Ermənistan SSR tərkibinə daxil edilməsinə çağıran ayrı-ayrı ünsürlərin cəhdləri Konstitutsiya və hüquq normlarına ziddir.” Əslində, məqalədə qeyd edilən “ünsürlər” sözü ermənipərəst Qorbaçov və onun ətrafındakılara aid idi. Və bu, Murtuz müəllimin çox yüksək siyasi-huquqi savadla Qorbaçov və onun havadarlarına verdiyi cəsarətli cavabı idi...
Deyirlər ki, insan dünyaya göz açdığı gün tale yazısı ilə bərabər həyatdakı yaşam missiyası da müəyyən olunur. Murtuz Ələsgərov Allahın verdiyi ömür payını şərəflə yaşadı, missiyasını ləyaqətlə başa vurdu. Lakin onun bir nisgili, bir ağrılı arzusu da vardı: işğal altındakı torpaqlarımızın azadlığını görmək. Ən ülvi arzusu Zəfər gününü bayram etmək idi. Və bütün görüşlərində, çıxışlarında, mötəbər kürsülərdəki nitqlərində bu problemin xalqımızın xeyrinə həll olunacağını səsləndirirdi. O, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunacağına çox inanırdı!
Bu düşüncələrlə əziz və hörmətli Murtuz müəllimin ruhu qarşısında ehtiramımı bildirərək, yazımı bu sözlərlə bitirmək istərdim:
“Əziz Murtuz müəllim! Ruhunuz rahat olsun! Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan tezliklə Böyük ZƏFƏRƏ imza atacaqdır! Xalqımız bugün Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı qarış-qarış azad edərək, inamla irəli gedir.
Bu yol Lələtəpədən, Günnütdən keçən Zəfər yoludur. Bu yol Cocuq Mərcanlıdan, Şuşaya, Xankəndinə, Laçına.... aparan qələbə yoludur! Bu yol çox uzundur, onun hüdudları zaman-zaman İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə itirilmiş dədə-baba ocaqlarımızdakı yurd yerlərindən keçən yoldur!..
Allah Sizə rəhmət eləsin, Murtuz müəllim...”
Məlahət İbrahimqızı,
siyasi elmlər namizədi, millət vəkili