Modern.az

Diaspor quruculuğu sahəsində görülən işlər. Bəs yeniliklər nədən ibarətdir?!

Diaspor quruculuğu sahəsində görülən işlər. Bəs yeniliklər nədən ibarətdir?!

Aktual

21 Fevral 2019, 14:34

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə son vaxtlar  bir sıra xarici ölkələrdə azərbaycanlılarla bağlı birgə fəaliyyət nəzərə çarpır. Koordinasiya Şuraları, İşçi qrupları, Diaspora Dəstək Fondu  yaranıb. Üstəlik xaricdə yaşayan azərbaycanlı qadınlar da aktiv formada bu işlərə cəlb edilir.

Öncə Koordinasiya Şuralarına nəzər salaq: Artıq Almaniya, İsveçrə, Fransada yaşayan soydaşlarımızın Koordinasiya şuraları fəaliyyət göstərir.

Baxmayaraq ki, Dövlət Komitəsi 25 ildir mövcuddur, amma ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti belə koordinasiya  olunmayıb. Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar  komitə ilə paralel şəkildə addımlaya bilməyib. Təbii, bu işdə soydaşlarımız arasında “günah keçisi” axtarmağa da dəyməzdi. Çünki “başsız atlı” heç vaxt  aydınlığa vara bilmir.

Nəhayət, komitəyə son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan diaspor təşkilatları bir araya gətirilir.

Xaricdə yaşayan soydaşlarımızın  aydınlığa çıxa bilməsi üçün vahid mərkəzdən paralel mexanizm şəbəkəsi yaratmağa nail olunur. Koordinasiya Şuraları yaradılır
 

Koordinasiya Şurasının yaradılmasında məqsəd nədir?

 

Elə buradan başlayaq. Xarici ölkələrdə yaşayan  azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir. Məsələn, Ukraynanı götürək. Orada 100-dən artıq diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa özəl günlərdə ayrı-ayrılıqda tədbirlər keçirir. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı sıyqırımını, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermir.

Elə buna görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur. Çünki birgə və bərabər addımlamaq, bütövləşmə baryerini aşmış olacaq.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, xaricdəki diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması çox vacibdir:

“Hesab edirəm ki, bu, çox yaxşı addımdır. Çünki dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Amma çox istərdim ki, bu işi Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi birgə həyata keçirsin. Belə olan təqdirdə hər iki qurum biri-birilə bağlantı yaradacaq. Həmçinin,  Koordinasiya şuralarının yaradılması çox vacibdir. Koordinasiya Şurası təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizin fəaliyyəti çox genişdir. Onların xarici ölkələrə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Diaspor Komitəsi isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.

Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov da diaspor təşkilatlarının Koordinasiya şuralarının vacibliyini qeyd edib:

“Doğrudur, azərbaycanlıların Koordinasiya şuralarının fəaliyyəti ilə hələ ki  yaxından tanış deyiləm. Amma onu deyə bilərəm ki, “koordinasiya” sözünün özü müsbət anlam ifadə edir. Ona görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması çox yaxşı haldır. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna ehtiyac var. Diaspor təşkilatları üçün bunun  irəli sürülməsi çox yaxşı ideyadır. Məsələn, tutaq ki, Azərbaycan tarixi ilə bağlı kitab nəşr etdirmək istəyirik. Bu zaman yaxşı olar ki, hər təşkilatın ağsaqqalı ilə məsləhətləşmə aparılsın. Ona görə də bu addımı alqışlayıram. Bu şəkildə yanaşma ümumi işimizin xeyrinədir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu addımını biz xaricdə yaşayan azərbaycanlılar alqışlayırıq”.

 

Diaspora Dəstək Fondunun əhəmiyyəti nədir?

 

2018-ci  ilin iyulunda Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edilib.

 Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb.                           

Fondun yaradılmasının Dünya Azərbaycanlılarının birliyinə və səmərəli fəaliyyətinə müsbət töhfələr verəcəyinə soydaşlarımız arasında əminlik yaranıb. Artıq bir neçə ölkədən, o cümlədən Rusiya, Türkiyə, Ukrayna və Almaniyadan imkanlı azərbaycanlılar Fonda vəsait köçürmək üçün müraciət edib.

 Rusiyanın Kamçatkda şəhərində fəaliyyət göstərən azərbaycanlıların diaspor  təşkilatının rəhbəri, iş adamı Zahid Bəşirov əməkdaşımızla söhbətdə Fondun yaradılmasını yüksək qiymətləndirib və onun formalaşmasına dəstək göstəriləcəyini bildirib.

“Biz çox ümidliyik ki, bu Fonda dünayada yaşayan bütün imkanlı azərbaycanlılar dəstək olacaq. Çünki bu dəstək Azərbaycanın gələcəyi, millətimizin gələcəyi üçün çox vacibdir. Bizim təşkilat indidən buna hazırdır. Diaspor təşkilatları imkanları daxilində  Azərbaycana dəstək olmalıdır. Hesab edirəm ki, hansı ölkədə, hansı işin sahibi olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu işə dəstək göstərəcək”.                                 

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov hesab edir ki, Fondun yaradılması diaspor təşkilatlarının işinin effektivliyini artıracaq, diaspor ənənəsinin formalaşmasına şərait yaradacaq.

“Fondun xaricdəki diaspor birlikləri üçün ilk mərhələdə əvəzedilməz rolu ola bilər. Eyni zamanda, yeni diaspor təşkilatlarını bir çox maddi çətinliklərdən qurtara və yeni layihələrin ayaq üstə dura biləcəyinə kömək olar. Sadəcə ehtiyatlı olmaq lazımdır ki, bu Fond diaspor təşkilatları  tərəfindən bir gəlir mənbəyi olaraq istifadə edilməsin və diaspor təşkilatlarını tənbəlliyə öyrətməsin. Məncə, diaspor təşkilatları xaricdə yaşadıqları ölkələrdəki Fondlardan və dəstək strukturlarından daha çox istifadə etməlidilər. Bu halda həmin  ölkələrdə  təşkilatların fəal olduğu qörünəcək və maraq oyadacaq. Xaricdə yaşayan həmvətənlərimiz  bilirlər ki, əsasən avropalılar pulsuz dəvətlərə və pulsuz furşetlərə şübhə ilə yanaşırlar.  Bununla bu tədbirlərin onları satın alma məqsədi güddüyünü düşünürlər. Bu səbəbdən də mənim şəxsi düşüncəm budur ki, Fondun sərvətlərini ancaq yeni yaradılacaq təşkilatlara dəstək üçün və ya çox dəyərli,  ağıllı düşünülmüş layihələr üçün sərf etmək məqsədəuyğun olardı”.

Maraqlı məqamlardan biri də Koordinaiya Şurası əlaqələndiriciləri arasında xanımlar da var. Məsələn, "Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının" sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberqer, Norveçdə fəaliyyət göstərən "Can Azərbaycan" təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçiliblər. İlk dəfədir ki, azərbaycanlı qadınlar bir araya gələrək məsul işə əlaqələndirici təyin olunurlar.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı  açıqlamasında Azərbaycan qadınlarının xaricdəki uğurlarına sevindiyini bildirib:

"Azərbaycan qadını elm, təhsil və digər sahələrdə uğurlu inkişaf yolunu tutub. Bu tarix boyu belə olub. Azərbaycan qadını adına ən yaxşı sahələrdə rast gəlmək mümkündür. Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ problemi ən yaralı yerimizdir. Hətta torpaqlarımızın azadlığı uğrunda da iştirak edən qadınlarımız olub. İki Milli Qəhrəman qadınımız olan Gültəkin Əsgərova və Salatın Əsgərovanın adını çəkmək olar. Bu gün də bu cür qadınlarımızla fəxr edirik. Sevindirici məqam diaspor sahəmizlə də bağlıdır. Belə ki, vətənpərvər, ziyalı qadınlarımızın adını diaspor sahəsi ilə bağlı da eşidirik. Diaspor sahəsindəki qadınlarımız çox fədakar və aktivdirlər. Bu, bizi çox sevindirir. Çünki ölkəmizdən kənarda yaşayan qadınlarımızın uğurlarını, fədakarlıqlarını eşitdikdə bu cür müsbət hallara sıradan yanaşmaq olmur. Çünki xarici ölkələrdə Azərbaycan xalqının nümunəsini, obrazını yaradırlar. Bu, çox önəmlidir. 4 qadının ilk dəfə seçilməsi komitənin uğurudur. Bu o deməkdir ki, aktiv qadınlarımızın sayı daha da çox olacaq".

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova  isə vurğulayıb ki, 4 azərbaycanlı qadının ilk dəfə belə bir məsul işin icrası üçün seçilməsi müsbət qarşılanmalıdır:

"Çox sevindirici haldır ki, azərbaycanlı xanımlarımız nəinki diaspor sahəsində, eyni zamanda, müxtəlif ölkələrin seçki prosesində iştirak edirlər və qələbə qazanırlar. Hətta xaricdəki qadınlarımızın hansısa idarəetmədə vəzifə tutmalarını eşidəndə çox sevinirik. Deməli, inkişaf var. Qadınlarımız yaşadıqları xarici ölkələrdə ölkəmiz üçün də töhfələr verirlər. Bildiyiniz kimi, hələ də Azərbaycan qadınları haqqında müəyyən fikirlər var. Guya Sovet dövrü keçmiş xanımlarımız ictimai, siyasi işlərdə uğur qazana bilməz. Yeni müstəqillik əldə edən ölkənin xanımları hansı biliklərə, bacarıqlara sahib ola bilər?! Amma reallıq əksini ortaya qoyur. Xanımlarımız yüksək peşəkarlığa malikdirlər. Bu peşəkarlığı xarici ölkələrdə yaşayan qadınlarımız arasında da görürük. Onlar hansısa xarici ölkəyə yaşamaq üçün üz tutsalar da, orada diaspor sahəsində fəal xidmətlər göstərməyə başlayırlar. Ona görə də 4 azərbaycanlı qadının əlaqələndirici seçilməsinə komitə olaraq ancaq sevinə bilərik. Bu, həm də yaxşı nümunədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı