Bakı Dövlət Universitetinin (BDU) zəhərlənən tələbələri xəstəxanadan evə buraxılıb.
Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, universitetin 2№ li yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə qızın xəstəxanada müalicəsi başa çatıb. Onlar bu gün saat 14:50-də evə buraxılıblar.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Baş Prokurorluğun məlumatına görə, onlardan biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib.
1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mail Ağaxanov