
XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan olimpiyaçıları bu gün səhər vətənə dönüblər. İlk olaraq idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman federasiyalarının nümayəndələri, onların yaxınları və pərəstişkarları qarşılayıblar. İdmançılar görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov
Modern.az saytına açıqlamasında bildirib ki, öz uğuruna inanırmış. Olimpiya çempionu finala çıxanda yalnız qızıl medal haqqında düşündüyünü deyib:
“Təlim-məşq toplanışlarında böyük əziyyətlər çəkdim və bu gün onun nəticəsidir ki, çempion oldum. Bu əziyyətlərə görə, əsasən həyatda iki nəfərə öz təşəkkürümü bildirirəm. Bunlar uşaqlıqda şəxsi məşqçilərim olan Elçin Zeynalov və Elman Əsgərovdur. Onlar mənə çox inandılar. Ancaq Olimpiadada finala çıxanda məsuliyyətim daha böyük idi. Çünki o vaxta kimi komandamız qızıl medal qazanmamışdı. Bir tərəfdən də psixoloji təsir var idi ki, artıq sonuncu günlər idi. Rəqibim də çox güclü idmançı idi. Buna baxmayaraq, qızıl medal haqqında düşünürdüm və Allahın köməyi ilə qələbə qazandım”.
Anar Kəlbiyev