Modern.az

Məscidlərin dağıdılması bütün İslam dünyasına qarşı törədilmiş cinayətdir

Məscidlərin dağıdılması bütün İslam dünyasına qarşı törədilmiş cinayətdir

Aktual

16 Fevral 2022, 14:10

Qarabağın Ermənistan tərəfindən işğal edildiyi otuz il ərzində  mənfur düşmən orada  qanunsuz əməllər, ağlasığmaz vəhşiliklər törətmiş, milli irsimizi kütləvi surətdə məhv etmiş, yaşayış yerlərimizi talamış, qədim tarixi-dini abidələrimizi dağıtmışdır. Ermənilərin törətdiyi bu vandalizm hətta sivilizasiyadan kənar xalqların belə ağlına gəlməzdi. Qarabağın işğal altında olduğu müddətdə burada bütün tikililər, muzeylər, islam mədəniyyətinə aid olan bütün abidələr, türbələr dağıdılmış, müqəddəs məbədlər, ibadətgahlar, məscidlər təhqir olunmuşdur. Məscidlərin dağıdılması, təhqir edilməsi təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı törədilmiş cinayətdir.

 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş və demək olar ki, daha amansız təcavüzə məruz qalmış ərazisi Ağdam olmuşdur. Şəhər sözün əsl mənasında yerlə-yeksan edilmişdir. Düşmən Ağdam rayonunda  daşı daş üstündə qoymamış, milli irsimizə, tarixi abidələrimizə qarşı əsl genosid aktları törətmişdir. Vandallar təkcə Ağdam rayonunda beş məscidi tamamilə məhv etmiş, daha bir əxlaqsızlıq nümayiş etdirərək, 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər.

 

Təsadüfi deyil ki, Ağdamın bu vəziyyətini görmüş xarici qonaqlar – jurnalistlər və diplomatlar, bu şəhəri Şərqin Xirosiması adlandırmışlar. Məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Jurnalist “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında bu təəssüratlarını belə ifadə etmişdir: “Parlaq yaz günü idi, buradan hətta 100 kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə, gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”. Səbəbi isə birmənalıdır: vandalizm.

 

Ancaq bu torpaqların həqiqi sahibləri yenidən qayıdaraq, öz tarixi torpaqlarını, müqəddəs ocaqlarını bərpa etməyə başlamışlar. Ağdam Cümə məscidi yeganə tikilidir ki, dağıntıya, nisbətən, az məruz qalmışdır, görünür, bu da xoş bir təsadüf nəticəsində baş vermişdir, düşmən vandalizminin belə bir abidəni yer üzündən silməməsinin başqa izahı yoxdur. Bu abidənin bərpa-restavrasiya işləri də Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması işinə böyük töhfələr verən Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

 

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olarkən onlara məlumat verilmişdir ki, tarixi kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl ilə aparılacaq, bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək.

 

Ağdama üçüncü səfəri çərçivəsində möhtərəm Prezidentimiz İlham Əliyev, həmişə olduğu kimi, aparılan təmir-bərpa, quruculuq işləri ilə yaxından tanış olmuş,  torpaqlarımıza və vətəndaşlarımıza qarşı törədilmiş bu hərbi və mənəvi cinayətə münasibətini bir daha bildirmiş, Azərbaycanın öz torpaqlarını əzmlə qoruyacağına, sürətlə inkişaf edəcəyinə və daha da çiçəklənəcəyinə əminliyini bildirmişdir: «İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərti ilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır. Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!»

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı